Əsas Səhifə > Ölkə, Manşet > İRANA QARŞI RƏSMİ İTTİHAM

İRANA QARŞI RƏSMİ İTTİHAM


18-11-2011, 16:06
İRANA QARŞI RƏSMİ İTTİHAM

FARS-MOLLA REJİMİ NARKOTRANZİTİ HİMAYƏ EDİR

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) respublika boyunca narkotrafiki nəzarətə götürüb. Təşkilat dünya cinayətkar şəbəkəsi ilə əlaqələr qurmaq və öz məqsədinə nail olmaq – Qərblə əlaqəni pozmaq üçün çoxmilyardlıq dövriyyə ilə alverdən istifadə edir. The Times rejimin keçmiş nümayəndələrinə istinadən bildirir.

“Buna baxmayaraq, İran hər il narkoticarətdə və narkotik maddənin saxlanmasında günahkar olan yüzlərlə adamı edam edir və bu sərt mövqenin arxasında İslam İnqilabı ordusunun heroin, tiryək və metamfetamin qaçaqmalçılığı üzrə mənfəət biznesi gizlənir”, - məqalənin müəllifi Hyu Tomlinson bildirib.

İİKK kəşfiyyatının keçmiş zabiti də daxil olmaqla, İran mənbələri Keşikçi Korpusunda narkotik maddə alverinə bağlı olan iki əsas fiqurun adlarını açıqlayıb. Bunlar Tehranda Şərqi Avropa bandaları ilə sıx əlaqədə olduğu güman edilən İİKK komandanı Abdulla Araqi və 1980-cı illərdə Keşikçilər Korpusuna rəhbərlik edən və pensiyaya çıxdıqdan sonra təşkilatla sıx əlaqədə olan Mohsen Rafiqdustdur.

İİKK-nın keçmiş müstəntiqi Sacad Haqpənah bildirib ki, narkotrafik bütün təşkilatda yayılıb. “Narkotik maddə qaçaqmalçılığına bir neçə komandan bağlıdır. Xam tiryək və morfi Əfqanıstandan gətirilir və İran laboratoriyalarında emal olunur”, - Haqpənah vurğulayıb.

“Onlar cinayətkar bandalarla əməkdaşlıq edir və narkotik maddəni sərhəddən keçirirlər. İdxal və ixrac üçün onların özlərinin gəmiləri, təyyarələri və nəqliyyat müəssisələri var. Onların hakimiyyəti sərhədsizdir”, - o əlavə edib.

Xəbər verildiyi kimi, Amerika və Rusiyanın xüsusi xidmət orqanlarının məlumatına görə, Azərbaycan İrandan Avropaya əsas narkotik maddə trafikindən biridir. Oktyabrın sonlarında Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi İrandan ölkəyə daxil olan 13 nəfər narkotik maddə alverçisini və kuryeri saxlayıb. Saxlananların arasında İran vətəndaşları da olub. Lakin hüquq-mühafizə orqanları narkotik maddələrin yalnız cüzi hissəsini tutur. Hər il əsasən Əfqanıstanda istehsal olunan 200 tondan çox heroin, daha çox sayda digər narkotik maddə sərhəddən keçirilir.

Əfqanıstandan narkotik maddə Azərbaycana İrandan avtomobil və dəniz nəqliyyatı vasitəsilə konteynerlərdə gətirilir.

Oktyabrın 17-də Bakıda “Gülüstan” sarayında narkotik maddələrin qanunsuz dövriyyəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bakıda narkotik maddələrin daşınması üçün istifadə olunan qapalı konteynerlərin yoxlanmasına dair beynəlxalq proqram çərçivəsində konteyner daşınmaları haqqında informasiya mübadiləsi üzrə xüsusi ofis açılıb.

Geri qayıt