Əsas Səhifə > Ölkə > FHN DAŞQIN BÖLGƏSİNƏ KOMİSSİYA GÖNDƏRDİ

FHN DAŞQIN BÖLGƏSİNƏ KOMİSSİYA GÖNDƏRDİ


21-11-2011, 13:58
FHN DAŞQIN BÖLGƏSİNƏ KOMİSSİYA GÖNDƏRDİ

ŞİKAYƏT MÜƏLLİFLƏRİNİN EVİNƏ YENİDƏN BAXIŞ KEÇİRİLİR

DİA.AZ: - Oktyabr ayının 27- də Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi ilə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndələri arasında keçirilən görüşdən sonra Kür daşqınlarının təsirinə məruz qalmış insanların problemlərinin həlli istiqamətində daha bir addım atılıb.

DİA.AZ-a verilən xəbərdə bildirilir ki, görüşdə daşqınların təsirinə məruz qalmış Sabirabad, Saatlı, İmişli, Salyan, Kürdəmir, Hacıqabul və s. rayonlarda bu günə qədər problemləri həll olunmayan 165 nəfərin siyahısı Qərargah tərəfindən Fövqəladə Hallar Nazirliyinə təqdim olunmuşdu. Artıq bir neçə gündür ki, FHN həm adları bu siyahıda qeyd olunan, həm də öncədən nazirliyə müraciət edən vətəndaşların problemlərini araşdırmaq üçün bölgəyə komissiya göndərib. Müvafiq komissiya 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınlarının və qrunt sularının təsirinə məruz qalmış, problemi bu günə qədər həll olunmayan şikayətçi sakinlərlə görüşüb, onların problemlərini dinləyib evlərinə baxş keçiriblər. Bu barədə məlumatı evlərinə baxış keçirilən sakinlər bildiriblər. FHN- dən məlumatı təsdiqləyiblər. Hazırda FHN nümayəndələrinin daşqın bölgəsində evlərə baxış keçirməsi prosesi davam edir. Sakinlərin bildirdiyinə görə komissiya bir sıra evlərin qəzalı olmasını təsdiqləyərək həmin evlərin tikilməsinə qərar verib. Tikiləcək evlərin içində məhkəməyə müraciət etmiş sakinlərin də adları var. Digər tərəfdən daşqınların baş verdiyi ötən 18 ay ərzində bir sıra evlərin bərpa gücləndirilməsi nəzərdə tutulurdusa artıq həmin evlər də qəzalı vəziyyətə düşüb. Buna səbəb evlərin çiy kərpicdən tikilməsi, daşqınların təsirinə məruz qalarkən vaxtında əsaslı təmir işlərinin aparılmaması və ötən müddət ərzində yağışların intensiv yağması olub.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Fövqəladə Hallar Nazirliyinin vətəndaş cəmiyyətinin müraciətindən sonra daşqınların təsirinə məruz qalmış, problemi bu günə qədər açıq qalan sakinlərin evlərinə təkrar baxış keçirməsi və problemlərinin həlli üçün müvafiq addımların atılmasını təqdir edir. Qərargah eyni zamanda bildirir ki, 2010- cu ilin yazında baş verən Kür Araz daşqınları və sonrakı müddətdə intensiv yağan yağışların Aran bölgəsinə vurduğu ziyanın aradan qaldırılması istiqamətində əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac var.


Geri qayıt