Əsas Səhifə > Ölkə > ELÇİN BEHBUDOV VƏ YAP FUNKSİONERİ SAXLANILDI

ELÇİN BEHBUDOV VƏ YAP FUNKSİONERİ SAXLANILDI


21-11-2011, 18:09
ELÇİN BEHBUDOV VƏ YAP FUNKSİONERİ SAXLANILDI

ONLAR QANUNSUZ OV ETMƏKDƏ GÜNAHLANDIRILIR

Noyabrın 20-də axşam saatlarında 5 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin əməkdaşları tərəfindən reyd keçirilib. Məqsəd qanunsuz şəkildə ov fəaliyyəti ilə məşğul olanları aşkarlamaq və brakonyerliklə mübarizə aparmaqdır. Qeyd edək ki, Azərbaycanda quş qripi təhlükəsi qaldığından su bataqlıq quşlarının ovlanmasına qadağa qoyulub. Amma Şabran rayonun Ağzıbir ovçuluq təsərrüfatının Xanlar dayaq məntəqəsinə gələn vətəndaşlar, deyəsən, belə qadağadan xəbərsizdilər.

Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, reyd zamanı avtomobillərin yük yerləri və salonları yoxlanılıb. Bəzi nəqliyyat vasitələrindən ovlanan quşlar tapılıb. Reyd 6 saat davam edib. Ümumilikdə yoxlama zamanı qanunsuz ov edən şəxslərdən 2 ədəd tüfəng, 20-dən yuxarı patron və 8 ədəd ovlanan qaşqaldaq götürülüb.

5 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin məsləhətçi-müfəttişi Nəsirşah Qaflanov bildirib ki, qanunu pozanlar ciddi cəzalandırılacaq.

Adı çəkilən ərazilərdə ov edənlər arasında vəzifəli şəxslər də olub. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, bunlar Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əliyev, İşgəncələrə qarşı Azərbaycan komitəsinin sədri Elçin Behbudov və bir sıra nazirliklərin əməkdaşları da olub.

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən E.Behbudov bildirdi ki, o həqiqətən də dünən qeyd olunan ərazidə olub: “Orda olmuşam, hava almaq üçün kürəkənimlə birgə getmişdik. Amma ov məqsədi ilə yox. Ova gedənin belində patrondaş, çiynində tüfəng olar. Bizdə heç nə yox idi axı... Biz sadəcə gəzintiyə çıxmışdıq”. E.Behbudov onu da bildirdi ki, avtomobillə ərazidən olarkən reydə keçirən şəxslərlə rastlaşıb: “Biz maşını saxladıq, onlarla görüşdük. Məni tanıdılar. Nə qulluq edə biləcəklərini soruşdular. Amma ov söhbəti olmayıb”.

Qanunsuz ov fəaliyyətinə və brakonyerliyə qarşı aparılan reydlərin davam etdirilməsi planlaşdırılır. Yaxın vaxtlarda 5 saylı ərazi ETSŞ-nin əməkdaşları şimal bölgəsinin digər ovçuluq təsərrüfatlarında da yoxlamalara başlayacaq.


Geri qayıt