Əsas Səhifə > Ölkə, Manşet > 15 GÜN TOKA VERİLƏN FƏHLƏNİN ACI HEKAYƏTİ
15 GÜN TOKA VERİLƏN FƏHLƏNİN ACI HEKAYƏTİ4-02-2013, 12:43 |
MÜHAFİZƏÇİSİ DÖYÜLƏN MƏMUR VƏTƏNDAŞA ZÜLM YAŞADIB DİA.AZ: - Redaksiyamıza adının çəkilməsini istəməyən bir sıravi vətəndaşımız tərəfindən faciəli bir hadisə barədə məlumat çatdırılıb. Öz başına gələnləri DİA.AZ-a danışan əyalət rayonlarımızdan birinin sakini bildirib ki, 2 il imiş Bakıda müxtəlif iş yerlərində fəhləlik edib, ailəsini saxlayırmış. Onunla bərabər qardaşı da eyni yerlərdə fəhləlik edib. Vətəndaşımız danışır: «Nərimanov rayonunun ərazisində bir inşaatda çalışırdıq. Mən və qardaşım həm də daha çox pul qazana bilməyimiz üçün gecə növbəsinə də qalırdıq. Tikinti ilə əlaqədar qarşıdakı magistral yolun bir hissəsi də bağlanmışdı. Bir dəfə rəhbərlik bizə tapşırdı ki, yolun daha böyük hissəsini bağlayaq, çünki sementqarışdıran maşın gəlməli idi. Biz də əməl etdik». Vətəndaş bildirir ki, həmin vaxtı bahalı bir «Jeep» maşını onların üzərinə maşını sürüb: «İdmançı görkəmli bir oğlan idi. Onun qarşısına qardaşım çıxdı və bildirdi ki, yol bağlıdır, inşaat işləri ilə əlaqədar. Amma həmin adam qardaşımı nalayiq söyüşlərlə təhqir etdi. Ən aşağılayıcı ifadələrdən istifadə etdi. Qardaşımla mən onunla mübahisə etdik və söyüşlərinə cavab verdik və bu zaman o, maşından düşərək bizim üzərimizə yeridi. Əlbəyaxa olduq və biz onu əzişdirdik». Hələ də həmin şəxsin kimliyini bilmədiklərini deyən vətəndaş danışır ki, sonradan hadisə yerinə çox nüfuzlu hakimiyyət adamlarından (bildirək ki, həmin şəxsin kimliyi redaksiyamıza məlumdur, sadəcə olaraq müəyyən səbəblərdən dolayı faktı açıqlamırıq -red.) biri gəlir: «Onun göbstərişi ilə gələn polislər bizim qollarımızı qandallayır və bizi polis bölməsinə gətirir. Mən oradaca bildirdim ki, qardaşımın günahı yoxdur, mən döymüşəm. Onu buraxdılar və 15 gün ərzində mənə orada heç nə demədən döyərək işgəncə verdilər». Hər gün toka verildiyini bildirən sıravi vətəndaşımız qeyd edir ki, Allahdan hər gün ölüm diləyirmiş: «O qədər işgəncə görürdüm ki, dünyaya gəldiyimə peşman olmuşdum. Bilirdim ki, polislər də həmin nüfuzlu məmurun sifarişini yerinə yetirirlər. Sən demə döydüyümüz adam onun cangüdəni imiş. Amma saxlandığımız polis bölməsinin rəisi günün birində məni yanına çağırdı və nədən həmin şəxsi döydüyümü soruşdu. Mən də məsələnin nə yerdə olduğunu izah etdim və ona bildirdim ki, əgər sizin namusunuzu kimsə təhqir edərsə, nə edərdiniz? Kasıb adamlarıq, fəhləlik edirik, bu o demək deyil ki, namusumuz da yoxdur». Vətəndaş danışır ki, sən demə, hadisənin əsl mahiyyətindən mühafizəçisi döyülən məmur da xəbərsiz imiş: «Polis rəisi ona izah edəndən sonra hər şeyi həmin məmur şəxsən bölməyə gələrək mənim qollarımı açdırdı və məndən üzrxahlıq edirmiş kimi görkəm alaraq, hansı rayondan olduğumu soruşdu. Mən də dedim. Sonra bir taksi çağırtdırdı və sürücüyə 100 manat pul verdi ki, məni rayonuma aparsın». Hələ də yaşadıqlarının şokunu yaşayan vətəndaşımız əlavə etdi ki, kimsədən şikayətçi deyil: «Ona görə yox ki, haqlı döyülmüşəm, işgəncə görmüşəm. Ona görə ki, şikayətçi olsam belə, heç nə dəyişməyəcək. Mənim onlara gücüm çatmaz». Geri qayıt |