Əsas Səhifə > Ölkə > DEPUTAT MƏSCİDLƏRDƏN GİLEYLƏNDİ

DEPUTAT MƏSCİDLƏRDƏN GİLEYLƏNDİ


23-11-2011, 12:17
DEPUTAT MƏSCİDLƏRDƏN GİLEYLƏNDİ

“AZƏRBAYCANDA HƏR ŞEY DÖVLƏTİN ÜZƏRİNƏ YIXILIR”

2012-ci ildə sosial sığınacaq evlərinin tikintisinə başlanacaq. “Media forum” saytının məlumatına görə, Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev belə deyib.

Noyabrın 23-də Milli Məclisin sosial siyasət komitəsinin təşkil etdiyi “Sosial qanunvericilik: reallıqlar və perspektivlər” mövzusunda dinləmələrdə Musa Quliyev deyib ki, sığınacaqların tikintisi “Sosial xidmət haqqında” qanunda nəzərdə tutulub: “Yəqin ki, hər bir rayon və şəhərdə sosial sığınacaq evləri olacaq. Burada “bomjlar”, valideyn himayəsindən məhrum olmuş küçə uşaqları, uşaq evlərində böyüyüb 18 yaşı tamam olmuş şəxslər, həbsdən çıxmış və yaşayış yeri olmayan şəxslər saxlanılacaq. Onlara tibbi yardım göstəriləcək, yemək veriləcək”.

Komitə sədrinin müavini ictimai təşkilatların, özəl sektorun, məscidlərin ehtiyacı olan insanlara yardım göstərməməsindən şikayət edib: “Tarixən məscidlər ehtiyacı olan insanlara yardım göstərib. İndi də xarici ölkələrdə məscidlər və kilsələr ehtiyacı olanlara yardım göstərir. Təəssüflər olsun ki, Azərbaycanda hər şey dövlətin üzərinə yıxılır. İctimai təşkilatlar da bu işdə fəal iştirak etməlidir”.

Sosial siyasət komitəsinin sədri Hacı Rəcəbli bildirib ki, “Sosial xidmət haqqında” qanunla bir sıra inqilabi dəyişikliklər nəzərdə tutulub. Bunlardan biri də özəl sektora, QHT-lərə sosial xidmət göstərmək hüququnun verilməsidir: “Bizdə qocalar evi atılmışlar sözünün sinonimidir. Amma xaricdə qocalar evi 12 mərtəbəli lüks mehmanxanada yerləşir. İnsanlar həyatlarının müəyyən hissəsini orada keçirir, bir-birləri ilə ünsiyyətdə olur, dincəlirlər. Onlar hər cür yardımla, hətta masajla təmin olunurlar”.


Geri qayıt