Əsas Səhifə > Ölkə, Manşet > ƏFV SİYAHISI HAZIRDIR, AMMA DƏYİŞƏ BİLƏR

ƏFV SİYAHISI HAZIRDIR, AMMA DƏYİŞƏ BİLƏR


11-03-2013, 14:39
ƏFV SİYAHISI HAZIRDIR, AMMA DƏYİŞƏ BİLƏR
KEÇMİŞ NAZİRLƏRİN ADLARI İLKİN SİYAHIDA YOXDUR

DİA.AZ: - Məlum olduğu kimi, prezident İlham Əliyev qarşıdan gələn Novruz bayramı ilə əlaqədar növbəti əfv fərmanını imzalayacaq. Artıq bu barədə hazırlıqların getdiyi, siyahının bəlli olduğu haqda xəbərlər də yayılıb. Onu da bildirək ki, siyahıda kimlərin adının olub-olmaması ən çox müzakirə olunan mövzulardan biridir.

DİA.AZ-a hökumət içindəki mənbənin bildirdiklərindən belə aydın olur ki, əfv komissiyasının hazırladığı siyahıda tanınmış məhbuslardan bir neçəsinin adı olsa da, siyahının dəyişdirilməsi gözlənilir. Mənbənin iddialarına görə, bu əfv fərmanı özünün mahiyyəti ilə çox fərqlənəcək:

«Məşhur (siyasi) məhbusların bəziləri azadlığa buraxılacaq. Onların arasında hicab məhbusları da var, jurnalistlər də, digər müxalifət təşkilatlarının nümayəndələri də. Keçmiş nazirlərin - Əli İnsanovla Fərhad Əliyevin adları isə əfv komissiyasının təqdim etdiyi siyahıya salınmayıb. Amma gözlənilir ki, sonradan dəyişikliklər edilsin».

Mənbəmiz bildirdi ki, hər zaman əfv komissiyasının siyahısına sonradan dəyişikliklər edildiyindən, indidən qəti hökmün verilməsi doğru deyil.

Mənbəmiz onu da əlavə etdi ki, 2005-ci ilin 17 oktyabr hadisələri zamanı həbs edilmiş Fərhad Əliyevlə Əli İnsanovun heç biri, həmçinin həmin işlə bağlı tutulan digərləri də əfv olunmaları üçün müraciət etməyiblər: “Buna görə də, onların adları komissiyanın tərtib etdiyi əfv siyahısına salınmayıb. Amma sonradan prezidentin əlavəsi gözləniləndir, hər zaman bu kimi hallara rast gəlinib”.

Geri qayıt