Əsas Səhifə > Ölkə, Manşet > OQTAY ŞIRƏLİYEVİN APTEK DAVASI

OQTAY ŞIRƏLİYEVİN APTEK DAVASI


22-09-2011, 14:33
OQTAY ŞIRƏLİYEVİN APTEK DAVASI

NAZİR OLİQARXLARLA ÜZ-ÜZƏ QALIB

DİA.AZ: - Səhiyyə naziri Oqtay Şirəliyev bir müddət öncə əczaçılıq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə xəbərdarlıq etmişdi ki, biznes fəaliyyətinin bu növü yalnız xüsusi icazədən sonra həyata keçirilə bilər. Hazırda Azərbaycanda apteklərin fəaliyyət üzrə lisenziya almaq üçün ödədikləri dövlət rüsumunun qiyməti 5500 manatdır. Elə həmin açıqlamasında nazir həmçinin onu da bildirib ki, əvvəllər ölkəyə 15 min adda keyfiyyətsiz dərman daxil olurdu, indi isə ölkəyə yalnız 3 min adda belə dərman gətirilir. O.Şirəliyev ölkəyə gətirilən dərmanların keyfiyyətinin tam şəkildə nəzarət altına götürüləcəyini qeyd edərək dərman bazarında keyfiyyətin yüksəlməsindən sonra apteklərin lisenziyası üçün tələb olunan dövlət rüsusmunun aşağı salına biləcəyini bildirib.

Səhiyyə nazirinin bu bəyanatında əks olunan fikirlər əslində ölkə daxilində oliqarxlar arasındakı »biznes razborkası»nın elementlərini özündə əks etdirir. Belə ki, redaksiyamıza daxil olan məlumata görə, ölkədə yeni bir gəlirli sahənin monopoliyaya alınması uğrunda qızğın mübarizə başlayıb. Söhbət dərman biznesindən gedir. İndiyədək dərman biznesi digər sahələrlə müqayisədə qismən azad sahə hesab olunurdu. Yəni, bu növ bizneslə məşğul olanlar lisenziya üçün lazım olan məbləği və rüşvəti ödəyib ya özlərinə aptek açır, ya da ölkəyə topdan dərman gətirirdilər. Amma artıq dərman biznesində yığılan rüşvət elə həddə çatdırılıb ki, bu işlə məşğul olmaq üçün böyük imkanların, ya da ki, hakimiyyətdə güclü adamın olmalıdır.

Mənbə qeyd edir ki, hazırda ölkəyə dərman gətirmək istəyən iş adamları lisenziya almaq üçün azı 50 min manat rüşvət verməlidirlər. Halbuki ölkəyə dərman gətirmək üçün verilən lisenziyanın qiyməti 2000 manatdan baha deyil. Amma bunun üçün sahibkarlardan çoxlu sənəd və 50 min manat rüşvət tələb olunur. Özü də bu heç də o demək deyil ki, kimsə Azərbaycana istədiyi qədər dərman idxal edə bilər. Sahibkara yalnız beş il ərzində beş çeşiddə dərman gətirməyə icazə verilir. Həmin dərmanlar ölkəyə gətirildikdən sonra isə onların satışı üçün ayrıca lisenziya tələb olunur. Hər dərmana verilən lisenziya üçün isə sahibkardan 1500 manat tələb edilir. Aptek işlətmək üçün də ayrıca lisenziya tələb edilir və bu sahədə də təbii ki, rüşvətsiz keçinmək mümkün deyil. Rüşvətin, »şapkanın» məbləği isə təbii ki, dövlətə ödənən rüsumdan dəfələrlə böyükdür.

Ölkənin dərman biznesi ilə yaxından tanış olan mənbəmizin sözlərinə görə hazırda bu sahədə səhiyyə naziri Oqtay Şirəliyevlə biznes şəbəkəsini genişləndirmək istəyən oliqarxların ciddi qarşıdurması mövcuddur. Bugünkü duruma isə O.Şirəliyev tam nəzarət etmək gücündə deyil və nazirin əsas məqsədi də dərman biznesindəki əvvəlki gücünü bərpə etməkdir. Belə ki, dərman biznesi indiyədək müəyyən qədər bu sahənin mütəxəssislərinin nəzarətində idi. Yəni, Tibb Universitetinin əczaçılıq fakültəsini qurtaran imkanlı şəxslər bu bizneslə məşğul olurdular. Bu halda isə heç şübhəsiz proses səhiyyə nazirinin monopoliyası altında olurdu. Başqa sözlə, dərman biznesinin gizli və açıq pulları birbaşa nazirin nəzarəti altından keçirdi. Amma yüksək vəzifəli məmurlar bu sahədə yaxşı pul olduğunu görüb, dərman biznesini ələ keçirmək istiqamətində fəaliyyətə keçiblər. Hazırda səhiyyə nazirinin dərman bazarındakı payı dövlət büdcəsindən xəstaxanaların dərmanlar hesabına təmin olunur. Əsas pay isə »Farm Qafur», »Riyad-Renta», »EvroMED», »Nur», »Zəfəran» depolarına aiddir ki, bu depoların da hər birinin arxasında ayrı-ayrı oliqarxlar durub. Məlumatlı mənbənin sözlərinə görə səhiyyə naziri dərman bazarındakı hazırki situasiyanı dəyişmək üçün konkret tədbirlər planı hazırlayıb. O.Şirəliyev vaxtı ilə respublikada bütün dərman təminatı, təchizatı, nəzarətini həyata keçirən Baş Apteklər İdarəsi və Mərkəzi Aptek Bazasının fəaliyyətini bərpa etmək niyyətindədir. İlkin tədbirlər kimi isə səhiyyə nazirliyində xeyli sayda apteklərin lisenziyasını ləğv etmək və ölkənin aptek şəbəkəsini yalnız öz nəzarətinə almağı planlaşdırır.


Geri qayıt