Əsas Səhifə > Cəmiyyət > SAATLIDA YENİ TƏXRİBAT OCAĞI

SAATLIDA YENİ TƏXRİBAT OCAĞI


15-03-2013, 11:40
SAATLIDA YENİ TƏXRİBAT OCAĞI
BU DƏFƏ RAYONU KİM QARIŞDIRIR?

Saatlı rayonunda analoqu olmayan olayların baş verməsi davam edir. Rayonun Musalı kənd qəbristanlığının iki gənc tərəfindən dağıdılması hadisəsinin çoxmənalı söz-söhbəti səngiməmiş rayon qaz-istismarı idarəsi rəhbərliyinin poçtamtla əlaqəli maxinasiyalarının üstü açılmaqdadır. İki dövlət təşkilatının əlaqəli şəkildə mavi yanacaqdan istifadəyə görə ödənilmiş haqların müəmmalı şəkildə mənimsənilməsi faktı üzə çıxıb. Bu olaya aydınlıq gətirilmədən rayon qaz-istismarı idarəsinni rəisi Əlcabbar Əhmədov və poçtamtın müdiri Qaçay Şahbazov vəzifələrindən azad edildilər.

Rayon poçtamtının son üç illik fəaliyyətinin yoxlanması barədə bu təşkilata nümayəndələr ezam olunsa da, xoşagəlməz hadisənin əsl səbəbkarı olan rayon Qaz-istismarı idarəsinə yeni rəisin-Rauf Babayevin göndərilməsi ilə burada baş verənləri elə beşikdəcə boğub, sirri komadan qırağa çıxarmamağa çalışırdılar… Vətəndaşların isə “Təzadlar”a şikayəti səngimir… Biz də araşdırmağa başladıq. Məqsədimiz maxinasiyalarda hansı təşkilatın daha çox günahkar olmasını, kimlərin daha çox “ballı barmağını” ağzına soxmasını, aparılan yoxlamanın nəticələrini araşdırmaq deyil və bütün bunları həmin təşkilatların baş idarələrinin, onlara nəzarət edən qurumların və hüquq-mühafizə orqanlarının öhdəsinə buraxırıq. Maraqlı məsələ “Azəriqaz” ASC tərəfindən Saatlı rayon Qaz istismarı idarəsinə rəis göndərilən Rauf Babayev barədədir.

Yeni rəis bir aylıq fəaliyyəti ilə Saatlı əhalisinin və işlədiyi kollektivin canına əməlli-başlı vəlvələ salıb. Bu rəis “Nuh” deyir, “peyğəmbər” demir! Nə rayon rəhbərliyini tanıyır, nə qanunları saya salır, nə də ki, bir müsəlman kimi milli mentalitetimizə uyğun olan yazılmamış qanunlarımızla hesablaşır! Bir sözlə, Rauf Babayev bu təşkilata gələn gündən öz qanunları ilə işləməyə başlayıb: özü yazır, özü qərar verir və özü də icra edir!

“Rauf Babayev özünü Qarabağ müharibəsinin veteranı kimi təqdim edir. Əgər o, doğrudan da Xocalı faciəsinin şahidi olubsa, Ağdamda, Füzulidə döyüşübsə, uzun illər soyuqdan, qayğıdan məhrum olan körpələri görübsə, onun Saatlıda törətdiyi əməllərə nə ad vermək olar?”

Rauf Babayevin təzə rəis kimi kəşf etdiyi məsələlərdən biri abonentlərin debitor borcu məsələsidir. Ağına-bozuna baxmadan Saatlıya gələn kimi hər abonentə 100-300 manat arası “debutor borc” yükləyib. Sonra da “nojovkanı” verib işçilərinin əlinə salıb şəhər küçələrinin canına, “Babam mənə kor deyib, bütün abonentlərin qazını kəs deyib!”. Bir-iki günün içərisində şəhər əhalisinin ah-naləsi ərşə dirənib. Qışın soyuğunda körpələri soyuqdan əziyyət çəkən insanlar rayon icra hakimiyyətinin binasına, qaz-istismarı idarəsinə, hüquq-mühafizə orqanlarına axışmağa başlayıblar.

Xəbərdarlıq etmədən, məhkəmə qətnaməsi olmadan borclu abonentin borclarının yaranmasının səbəblərini araşdırmadan insanların hüquqlarını tapdalayaraq onları həm fiziki və həm də mənəvi təcavüzə məruz qoymaq nə dərəcədə ədalətlidir?! Qaşın soyuğunda körpələri, ahılları bilə-bilə fiziki məhrumiyyətlərə məruz qoymaq səbəbindən asılı olmayaraq vicdanlı Azərbaycan məmuruna yaraşarmı? Hər bir azərbaycanlının ən sevimli bayramı olan Novruz bayramı ərəfəsində insanların arasına çaxnaşma salmaq nə dərəcədə düzgündür! Bir neçə həftənin içərisində işlədiyi kollektivin üzvlərini bir neçə qrupa parçalayıb onlar arasında nifaq salmaq necə insanlığa yaraşan hərəkətdir?

Rauf Babayev özünü Qarabağ müharibəsinin veteranı kimi təqdim edir. Əgər o, doğrudan da Xocalı faciəsinin şahidi olubsa, Ağdamda, Füzulidə döyüşübsə, uzun illər soyuqdan, qayğıdan məhrum olan körpələri görübsə, onun Saatlıda törətdiyi əməllərə nə ad vermək olar? Yeni rəis Saatlıdakı inkişafı, insanların hakimiyyətə olan inamını görmürmü?! Əgər görürsə, insanları hökümətdən narazı salmaqla, rayonda görülən işlərə kölgə salmağa, yerli hakimiyyətlə insanları üz-üzə qoymaqda məqsədi nədir?

Vətəndaşların qazını məhz şənbə və bazar günləri kəsdirməklə, istirahət günləri fəhlələri məcburi surətdə işlədərək onların əməyini istismar etməklə nə demək istəyir?! Rauf Babayevin arxasında hansı qüvvələr dayanır?! Yeni rəis qanunları saymamaqda kimə arxayındır! Bir sözlə, onun son bir ayda Saatlı rayonunda törətdikləri Azərbaycan hökümətinə qarşı təxribat deyilmi? \ tezadlar \

Əliağa Qurbanov,

Saatlı rayon Veteranlar Şurasının sədri, Qarabağ müharibəsi veteranı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Geri qayıt