Əsas Səhifə > Cəmiyyət > ŞOK: BAŞ REDAKTOR UŞAQLARININ ÖLÜMÜ İLƏ BAĞLI İP UCLARI TAPIB
ŞOK: BAŞ REDAKTOR UŞAQLARININ ÖLÜMÜ İLƏ BAĞLI İP UCLARI TAPIB18-03-2013, 12:51 |
“YANĞIN MƏQSƏDLİ OLUB” DİA.AZ: - Məlum olduğu kimi, Bolgexeber.com saytının rəhbəri Vasif Turan 2011-ci ilin 7 oktyabrında Qobu qəsəbəsində yerləşən evinin yanması səbəbindən iki uşağını itirib. Həmin hadisədən sonra FHN-in İstintaq İdarəsi cinayət işi qaldıraraq, bəzi istintaq-araşdırma tədbirləri həyata keçirmişdi. Lakin bu idarənin baş müstəntiqi istintaqı lazımi səviyyədə apara bilmədiyindən, cinayət işi onlardan alınaraq Respublika Baş Prokurorluğu Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə verildi. Təəssüf ki, bu dövlət qurumu da məlum faciəni araşdırmaq üçün səylər göstərməyib, bir müddət sonra bağlamaq qərarına gəlib. Hazırda vəziyyət nə yerdədir? Bolgexeber.com-un rəhbəri Vasif Turan DİA.AZ-a bildirir ki, faktiki olaraq iki uşağının ölümü ilə nəticələnmiş yanğın faciəsi ilə əlaqədar qaldırılmış cinayət işi ölü vəziyyətdədir. O qeyd edib ki, vəkili Elçin Namazov işlə məşğuldur, amma hər hansı bir yenilik də mövcud deyil. Vasif Turan vurğulayıb ki, hadisələrin bu şəkildə gedişatı onun ürəyincə deyil və qaldırılmış cinayət işinin ədalətli şəkildə yekunlaşmasını istəyir. «Mənim indiyə qədər istintaq orqanlarından tək tələbim olub. O da uşaqlarımın qatillərinin tapılmasıdır. Mən əminliklə bildirirəm ki, uşaqlarımı qəsdən qətlə yetiriblər və bəzi dövlət qurumları bu işi ört-basdır etmək üçün çalışdıqlarından istintaq hərəkətləri aparılmır». Baş redaktorun sözlərinə görə, hələlik bir neçə gündə gözləmə mövqeyində dayanacaq. Əgər lazımi nəticələr olmayacaqsa, o zaman tutarlı addımlar atmaq üçün hərəkət edəcək. «Hələlik nəzərdə tutduğum planım belədir ki, Novruz Bayramından sonra bir qrup jurnalistlər, tanınmış hüquqşünaslar, habelə keçmişdə polisdə işləmiş təcrübəli şəxslərdən ibarət araşdırma qrupu yaratmağa başlayacağıq. Məqsəd baş vermiş yanğın hadisəsini araşdırıb, onun kimlər tərəfindən üzə çıxarılmasına nail olmaqdır. Həmçinin maddi sübut kimi hadisə yerindən götürülmüş əşyaların və evin ümumi ekspertizasını da təkrar keçirilməsinə çalışacağıq. Bunun üçün gərəkəcəksə, xaricdən ekspertlər dəvət etməyi də düşünürük». Vasif Turan daha sonra qeyd edib ki, nəzərdə tutduqları plana uyğun olaraq hərəkət edəcəkləri təqdirdə, bütün həqiqətlər çılpaqlığı ilə üzə çıxacaq. O, hətta bu zaman istintaq orqanlarının çətin vəziyyətə düşəcəklərini də istisna etməyib. «Çünki xaricdən gətirməyi planlaşdırdığımız ekspertlər bütün detalları üzə çıxaracaqlar. O zaman istintaqla onların verdikləri rəylər arasında nə qədər fərqin yaranacağı da aşkarlanacaq. Bu isə utancverici bir mənzərə deməkdir. Çünki bəzi istintaq orqanlarının əməkdaşlarının insan taleyinə nə şəkildə biganə və etinasız yanaşdığı sübut olunacaq». Bolgexeber.com-un rəhbəri sonda onu da qeyd edib ki, uşaqlarının müəmmalı ölümü ilə bağlı bəzi şəxsi araşdırmalar da aparıb. O deyib ki, həmin araşdırmaları zamanı bəzi ip ucları da tapıb. «Özüm bu illər ərzində araşdırmalar aparmışam. Bəzi ip ucları tapmışam. Və yaxın gələcək üçün cinayətin hansı səbəbdən və kimlər tərəfindən törədildiyini müəyyənləşdirəcəyəm». Geri qayıt |