Əsas Səhifə > Ölkə, Manşet > ELDAR HƏSƏNOVUN DÖNÜŞÜ KİMLƏRƏ SƏRF ETMİR?

ELDAR HƏSƏNOVUN DÖNÜŞÜ KİMLƏRƏ SƏRF ETMİR?


28-03-2013, 14:43
ELDAR HƏSƏNOVUN DÖNÜŞÜ KİMLƏRƏ SƏRF ETMİR?
KEÇMİŞ BAŞ PROKURORUN MƏKTUBU TƏLAŞLA QARŞILANIB

DİA.AZ: - Ötən ayın ortalarında sabiq Baş prokuror, Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov haqqında ilginc məlumat yayıldı. Məlum oldu ki, cənab Həsənov tutduğu postdan geri çağırılması üçün prezidentə müraciət edib. Bu haqda elə səfirin özü məlumat verdi.

Uzun müddətdir diplomatik fəaliyyətlə məşğul olduğunu deyən Eldar Həsənov ölkə başçısına belə bir müraciət etməsinin səbəbini işlərinin ağırlığı ilə izah edib: “Mən cənab prezidentə müraciət etmişəm. Rumıniyada uzun müddətdir işləyirəm. Bildiyimiz kimi, eyni zamanda digər üç ölkədə - Serbiya, Bosniya Hersoqovina, Monteneqroda da Azərbaycanın səfiri vəzifəsində çalışıram. Həm məsafə baxımından, həm işin həcminə və çoxluğuna görə ölkə başçına belə bir müraciət etmişəm. Həm də Xarici İşlər Nazirliyinin rəhbərliyinə müraciətim olub. Amma mənim geri çağırılmağımla bağlı məsələ müstəsna olaraq cənab prezidentin səlahiyyətindədir».

Qeyd edək ki, Eldar Həsənovun hələ ölkənin Baş prokuroru olduğu dövrdən hakimiyyət daxilində bəzi güclü qruplar və iri ranqlı şəxslərlə ixtilafının olduğu sirr deyil. Elə onun gözlənilmədən həmin görəvdən alınaraq «diplomatik mühacirət»ə göndərilməsi də sabiq Baş prokurorun iqtidar içindəki rəqiblərinin işi sayılırdı.

Eldar Həsənov diplomatik fəaliyyətlə məşğul olduğu illər ərzində onun dəfələrlə Bakıya qayıtmaq istəməsinə dair məlumatlar yayıldı, hər dəfə də bu məlumatlar təkzib edildi. Amma birdən-birə onun öz dilindən səfir postundan geri çağrılması yönündə müraciət etməsi barədə xəbərin yayılması əvvəlki illərdə yazılanların doğruluğunu təsdiqləmiş oldu. Sadəcə, görünür, sabiq Baş prokuror yaxın ətrafı vasitəsilə bu cür xəbərlərin dövriyyəyə buraxılmasının effektsizliyini anlayıb və birbaşa özü müraciət etmək qərarına gəlib.

İndiyədək Həsənovun bu istiqamətdə gizli və aşkar cəhdləri rəqibləri tərəfindən əngəllənirdi. Onun üzərinə bir neçə ölkədə diplomatik missiyanı yerinə yetirmək tapşırığının qoyulması, işlərinin ağırlaşdırılması da onunla izah edilirdi ki, hakimiyyət daxilində sabiq Baş prokurorla ixtilafı olanlar onun gərgin çalışaraq başqa məsələlər barədə düşünməyə vaxt tapmamasını istəyirlər.

Amma görünən odur ki, sabiq Baş prokuror artıq bu durumdan yorulub və Bakıya dönmək qərarını qətiləşdirib. Onun haqqında danışılan müraciəti razılaşdıraraq etdiyi ehtimalı da çox güclüdür. Belədə isə Eldar Həsənovun hakimiyyət daxilindəki rəqiblərinin ciddi əndişə və narahatlıq içərisində olmasını söyləmək artıqdır.

Üstəlik, nəzərə alsaq ki, Eldar Həsənov kimi təcrübəli adam heç vaxt ölkə rəhbərliyi ilə əvvəlcədən razılaşdırmadan etdiyi müraciəti ictimailəşdirməz, o zaman onun səfir postundan geri çağıralaraq başqa bir vəzifəyə təyin ediləcəyi barədə məlumatların əsassız olmadığını söyləmək olar. Amma hansı vəzifəyə? Bax əsas suallardan biri budu və çeşidli versiyalar var. Həmin versiyalar içərisində Eldar Həsənovun daha böyük bir ölkəyə səfir göndərilməsi ehtimalı çox aşağıdır. Çünki sabiq Baş prokurorun məhz Bakıda hansısa vəzifəyə təyinat almaq istəyində olduğu və həmin müraciətinin də bu istəkdən irəli gəldiyi bir həqiqətdir. Bəzi fərziyyələrə görə, mümkündür ki, o, Xarici Işlər Nazirliyində yüksək posta təyin edilsin. Başqa bir versiya da onun Prezident Administrasiyasında beynəlxalq şöbənin müdiri vəzifəsinə gətirilməsi ola bilər. Həsənovun Diaspora Komitəsinin rəhbərliyinə gətirilə biləcəyi də istisna olunmur.

DİA.AZ-ın “Unikal” qəzetinə istinadən verdiyi xəbərə görə, bütün bu fərziyyələrdən kənarda gerçəklik ondan ibarətdir ki, sabiq Baş prokurorun Bakıya qayıtmaq arzusu və bu arzunun reallaşma ehtimalının kifayət qədər yüksək olması onun rəqiblərində dərin narahatlıq yaradıb. Onların bu qayıdışa mane olmaq üçün əllərindən gələni edəcəyi şəksizdir; amma yuxarıda da vurğuladığımız kimi, Eldar Həsənovun məlum müraciətini ölkə rəhbərliyi ilə razılaşdıraraq ictimailəşdirdiyinə dair qüvvətli rəylər həmin mane olmaq səylərinin istənilən nəticə verəcəyinə inamı azaldır.

Həsənovun rəqiblərini xüsusilə o qorxudur ki, sabiq Baş prokuror payızda keçiriləcək prezident seçkilərindən sonra təşkil olunacaq yeni hökumət kabinetində daha yüksək posta gətirilsin. Bu isə onun iqtidariçi əleyhdarlarından intiqam almaq imkanlarını daha da gücləndirəcək.

Hər bir halda Eldar Həsənovun məlum müraciətindən sonra yaranmış situasiya elədir ki, onun rəqiblərində ciddi narahatlıqlar var və onların özləri belə, sabiq Baş prokurorun Bakıya qayıdışının reallaşacağı təqdirdə üzləşəcəkləri ağır vəziyyəti proqnozlaşdırmaqda çətinlik çəkirlər. Bir zamanlar Bakıdakı yüksək karyerasına son qoymağı və ölkədən kənarlaşdırmağı bacardıqları adamın dönüşü onlar üçün arzuolunmazdır: çünki bu dönüşün ardınca öz rəqiblərindən qisas almaq əməliyyatının başlayacağına inam da güclüdür.

Geri qayıt