Əsas Səhifə > Ölkə > İCTİMAİ PALATADA RAFİQ TAĞI TOQQUŞMASI

İCTİMAİ PALATADA RAFİQ TAĞI TOQQUŞMASI


3-12-2011, 14:09
İCTİMAİ PALATADA RAFİQ TAĞI TOQQUŞMASI

XALİQ BAHADIRLA İLQAR İBRAHİMOĞLU ÜZ-ÜZƏ GƏLDİ

İctimai Palatanın bu gün keçirilən sessiyasında bir müddət əvvəl qətlə yetirilən yazıçı-publisist Rafiq Tağı ilə bağlı ciddi fikir ayrılığı yaranıb.

APA-nın məlumatına görə, sessiyada bəzi şəxslər İP-nin R. Tağının qətli ilə bağlı məsələyə münasibət bildirməsi və onun ruhunun bir dəqiqəlik sükutla ayaq üstdə yad edilməsi təklifi ilə çıxış edib.

AXCP üzvü Xalid Bahadır deyib ki, R. Tağı yazıçıdır və onun qətli pislənməlidir: “Onunla islam dini və Məhəmməd peyğəmbər haqqında tənqidi yazısından sonra söhbət etmişdim. Rafiq Tağı səhv etdiyini anlamışdı. Allah bağışlayandır, bəndə olaraq bəziləri də ona olan münasibətini dəyişməlidir”.

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu isə bildirib ki, inanclı insanlar da, İctimai Palata da artıq bu məsələyə öz münasibətini ifadə edib: “Qətl cəmiyyətdə qarşıdurma – qütbləşmə yaratmaq məqsədilə törədilib. Bu hadisədən sonra bəzi sosial şəbəkələrdə Allah-təala, islam dini haqda tənqid və təhqirlər yer alıb. Hətta dindarlara qarşı haqsız təzyiqlər başlanıb. Hesab edirəm ki, dini inanc təhqir oluna bilməz. Çünki islama yönələn təhqir, dövlətimizə qarşı yönəlib. Nəzərə alınmalıdır ki, bayrağımızda da islam inanc olaraq göstərilir”.

Sonra R. Tağının ruhunun bir dəqiqəlik sükutla ayaq üstdə yad edilməsi növbəti dəfə təklif olunub. İclas iştirakçılarının böyük hissəsi buna etiraz edib. Etiraz edənlər bəyan ediblər ki, ayaq üstdə kiminsə ruhunun yad edilməsi milli və dini dəyərlərimizə uyğun deyil.

Sonra sessiyada sakitlik bərpa olunub.


Geri qayıt