Əsas Səhifə > Ölkə, Manşet > BROYLER YANĞINLARININ ŞOK PƏRDƏARXASI

BROYLER YANĞINLARININ ŞOK PƏRDƏARXASI


19-04-2013, 13:49
BROYLER YANĞINLARININ ŞOK PƏRDƏARXASI
“ÇİLLİ” BROYLERLƏ BAĞLI İLGİNC FAKTLAR

DİA.AZ: - Son günlər ölkədə broylerdə yanğın hadisələri də intensiv xarakter alıb ki, bu fakt da artıq bir çox dairələrdə haqlı şübhələrə nədən olub. Xatırladaq ki, artıq iki rayonda broylerlərə məxsus fermaların yanması və nəticədə minlərlə cücənin məhv olması barədə xəbərləri eşitmişik. Onlardan biri ilə bağlı DİA.AZ-a olduqca ilginc faktlar daxil olub.

Xatırladaq ki, son yayılan rəsmi məlumatda Göyçay rayonunda quşçuluq ferması yandığı deyilirdi və xəbər belə idi: “Göyçay Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə bu gün saat 12:00 radələrində Göyçayın Mirzəhüseynli kəndində qeydə alınıb. Sahibkar Qurbanov Nəsrəddin Nəsir oğluna məxsus ümumi sahəsi 1500 kvadratmetr olan quşçuluq fermasında baş verən yanğının söndürülməsi üçün əraziyə 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Fermanın 560 kvadratmetrlik hissəsi yanıb, hadisə zamanı 3210 toyuq yanaraq tələf olub, 6790 baş quş yanğından xilas edilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır”.

DİA.AZ-ın əldə etdiyi bilgilər isə ortaya tamam fərqli və dəhşətli bir mənzərəni çıxarır. Redaksiyamıza informasiya verən bilgili qaynaq iddia edir ki, əslində hər iki ferma məqsədli olaraq yandırılıb. Yəni cücələrə qarşı vəhşiliyin arxasında gizli niyyət olub.

Mənbənin söylədikləri: “Bu ferma alıcıların “Çilli Broyler” kimi tanıdığı şirkətə məxsusdur. Mətbuatda bu şirkətin satışa çıxardığı məhsullarında insan orqanizmi üçün təhlükəli maddələrin olması ilə bağlı dəfələrlə məlumatlar yer alıb. Və son baş verən yanğın hadisəsi də əslində “Çilli” Broyler rəhbərliyinin məsuliyyətdən yayınma cəhdindən doğan məqsədli bir təşəbbüs idi”.

Mənbə iddia edir ki, “Çilli” Broylerin satışa çıxardığı toyuq ətində təhlükəli maddə Bakıda aşkarlanıb və bu barədə “Çilli” Broyler rəhbərliyi sorğu-suala tutulub: “Lazımi orqanıları pul gücünə susduran “Çilli” Broylerin başbilənləri bunun ardından yerdə qalan toyuqları da məlum yanğın səhnəsi ilə məhv ediblər. Hətta bu hadisə zamanı FHN-nin yerli şöbəsinin də “maraqları”nın nəzərə alındığı söylənilir”.

Mənbəmiz onu da əlavə etdi ki, “Çilli” Broylerin təhlükəli məhsullarının bir qismi satışdan yığışdırılsa da, onların tamamı çıxdaş olunmadı. Bu isə artıq neçə-neçə vətəndaşımızın sağlıq durumuna olan təhdid kimi qəbul olunmalıdır.

Məsələ ilə əlaqədar bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt