Əsas Səhifə > Ölkə, Manşet > MİSİR MƏRDANOV POLİSƏ TƏSLİM OLMAQ ZORUNDADIR

MİSİR MƏRDANOV POLİSƏ TƏSLİM OLMAQ ZORUNDADIR


6-05-2013, 13:13
MİSİR MƏRDANOV POLİSƏ TƏSLİM OLMAQ ZORUNDADIR
VƏ YAXUD KEÇMİŞ NAZİRİN AĞSAQQAL OBRAZINA SÖZARDI

DİA.AZ: - Məlum olduğu kimi, bu gün keçmiş təhsil naziri Misir Mərdanov yeni təhsil naziri Mikayıl Cabbarovdan danışıb. Və ona uğurlar arzuladığını bildirib. Daha sonra möhtərəm Mərdanov bəyan edib ki, o, Mikayıl Cabbarovun prezidentin etimadını doğruldacağına inanır. Eyni zamanda köhnə nazir həm də hamını təzə nazirə dəstək verməyə çağırıb: «Hamımız ona kömək etməliyik»…

İş də elə bundadır. Buradadır… Yəni möhtərəm Mərdanov da etiraf edir ki, Azərbaycan təhsilinin anasını elə ağlar günə qoyub ki, artıq bu gün bir nəfərin təhsil naziri olması yetərli deyil. Yəni bu «Terminator», «Rembo»luq iş deyil… Bütünlükdə, xalq olaraq, elliklə yığışıb nazir vəzifəsini icra etməliyik… Yəni Misir Mərdanovun dağıtdıqlarını bərpa etməliyik…

Gözəl arzudur, möhtərəm Mərdanov! Siz ki, bu qədər təvözəkarlıqdan uzaq adamsınızsa, nədən gedib polisə təslim olmursunuz? Axı, sayənizdə neçə-neçə nəsil bisavad yetişib. Və bunun da nəticəsində Azərbaycanın gələcəyi şübhə altına düşüb…

Sizin yetişdirdiyiniz, Sizin qrif verdiyiniz dərsliklərdən maariflənən bir neçə nəsillik itkiyə görə axı kimsə cavab verməlidir?

Kefdəsiniz… Bu qədər cinayət işlət, bu böyüklükdə cinayət işlət, günaha bat və rahat-rahat özündən sonrakıya ağsaqqallıq etmə fürsəti də əldə et…

Belə də olacaqdı. Bilirdik. Çünki siz zamanında «ağsaqqalım» dediyiniz bir adamı dama basanda əsl kimliyinizi ortaya qoydunuz. Yəni böyük yeri bilməyəndən, kiçiklərin halına acımanı gözləmək ədəbsizlik olardı. Biz də sizə qarşı belə bir ədəbsizliyi həyatda etmərik. Narahat olmayın….

Azər - DİA.AZ

Geri qayıt