Əsas Səhifə > Ölkə, Manşet > İCRA BAŞÇISININ ÇÖZƏ BİLMƏDİYİ «BAŞQAN PROBLEMİ»

İCRA BAŞÇISININ ÇÖZƏ BİLMƏDİYİ «BAŞQAN PROBLEMİ»


10-05-2013, 12:54
İCRA BAŞÇISININ ÇÖZƏ BİLMƏDİYİ «BAŞQAN PROBLEMİ»
MAHMUD QULİYEV YENİ KAMPANİYA BAŞLADIB

DİA.AZ: - Bir müddət əvvəl Müsavat başqanı İsa Qəmbəri Cəbrayıl rayonundan olan seçicilərlə görüşəcəyi təqdirdə döyülməklə hədələyən sözügedən rayonun icra başçısı Mahmud Quliyev çox ciddi problemlər yaşayır. Bu barədə DİA.AZ-a hökumət içindəki qaynaqlar xəbər verib.

Bildirək ki, Mahmud Quliyev İsa Qəmbəri döydürəcəyini rəsmən açıqlamışdı. Amma sonradan məlum oldu ki, icra başçısı heç nə edə bilməyib və İsa Qəmbər rahatlıqla Cəbrayıl sakinləri ilə görüşüb. Görünür, Mahmud Quliyev Müsavat başqanının Lənkəran səfəri zamanı baş verən insidentdən ruhlanıbmış.

Amma bu ruhlanması ona baha başa oturub. Məlumatlı mənbə DİA.AZ-a bildirib ki, məsələ ilə əlaqədar «yuxarılar» tərəfindən ciddi şəkildə danlanılan Mahmud Quliyevə vəziyyəti düzəltməsi qəti şəkildə tapşırılıb: «Buna görə də Mahmud Quliyev Müsavat partiyasının üzvü olan Cəbrayıl sakinlərinin siyahısının tərtib olunması üçün RİH işçilərinə tapşırıq verib. Bununla yetinməyən icra başçısı guya ki, öz aləmində vəziyyəti düzəltməyə də çalışıb. Ayrı-ayrı müxalifət və müstəqil mövqeli qəzetlərə özünün İsa Qəmbərin əleyhinə olan hazır müsahibəsini də göndərib».

Təbii ki, icra başçısının bu müsahibəsini heç bir mətbu nəşr dərc etməyib. Və bu da başçının davam edən «başqan problemi»ndən hələ çox çəkəcəyini anons etməkdədir.

Geri qayıt