Əsas Səhifə > Şou-biznes > "ANCAQ SƏNƏTİMİ DÜŞÜNÜRƏM"

"ANCAQ SƏNƏTİMİ DÜŞÜNÜRƏM"


14-05-2013, 09:45
"ANCAQ SƏNƏTİMİ DÜŞÜNÜRƏM"

Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Roza İbadovanın Milli.Az-a müsahibəsi.

- Aktrisa olmaq qərarını haçan qətiləşdirdiniz?

- Mən uşaqlıqdan incəsənətə meylli olmuşam. İncəsənət sahəsi üzrə işləmək arzum olub. Doqquzuncu sinifdə oxuyarkən qəti qərara gəldim ki, aktrisa olacağam. Sənədlərimi Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim və qəbul oldum. İkinci kursda oxuyarkən Cənnət Səlimova məni Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət etdi. Bununla da artıq dörd ildir ki, bu teatrda çalışıram.

- Bu peşəni seçərkən ailə üzvlərinizdən etiraz edən oldu?

- Xeyr, sağ olsunlar ki, mənə dəstək oldular. Ələlxüsus da atam mənə çox təkan verdi.

- İlk dəfə səhnəyə hansı rolla qədəm qoymusunuz?

- İlk dəfə “Oliver Tivist” tamaşasında Oliveri, yəni oğlan rolunu oynamışam. Onu da deyim ki, bu rolu mənə Vaqif Əsədov verib.

- Bu vaxtacan oynadığınız tamaşalardakı hansı epizod sizə möhkəm təsir edib?

- “Müharibə” tamaşasındakı zorlanma səhnəsi. Hər dəfə o səhnəni danışanda çox pis oluram. Həddindən artıq acınacaqlı və dəhşətli bir səhnədir. Bir də ki, “Qaraca qız” tamaşasında “Tutu”nun ölüm səhnəsi məni bərk təsirləndirib.

- Filmlərdən, yaxud da seriallardan təkliflər çox alırsınız?

- Almağına alıram, lakin təklif olunan rolların əksəriyyəti məni qane etmir. Ancaq bəyəndiyim rollar olanda məmnuniyyətlə razılıq verirəm. Məsələn, “Tacirlər” serialında tacirin qızını oynamışam, eləcə də “Həyat varsa” serilalında müxtəlif rollar canlandırmışam və s.

- Belə çıxır ki, hələ maddiyat arxasınca qaçmırsınız...

- Elədir ki var. Mən indi ancaq sənətimdə uğurlu karyera əldə etmək üçün çalışıram. Şükürlər olsun ki, maddi baxımdan çox əziyyət çəkmirəm.

- Ailə qurmağı planlaşdırırsınız?

- Mənə düşən elçilərin sayı kifayət qədər olsa da, mən hələ bu barədə düşünmürəm. Gələcək həyat yoldaşım məni başa düşməlidir. Sənət baxımından mənə qadağalar qoymamalıdır. Düzdür, məni sənətimlə birlikdə qəbul edib ailə qurmaq istəyənlər də var. Ancaq mən indi bütün fikirlərimi, demək olar ki, yalnız sənətimə yönəltmişəm.

- Ailə quracağınız insan necə biri olmalıdır?

- Həmin insanda atamın xüsusiyyətlərini görmək istərdim. Ən əsas da özünəgüvənli olmalıdır...

- Aktrisaya lazım olan elementlərdən hansını hələ də tam mənimsəyə bilməmisiniz?

- Əslində hər şey qaydasındadır. Lakin əvvəllər plastik hərəkətləri yerinə yetirmək istəyirdim, amma bir az çətinlik çəkirdim. Bu, bəlkə də, bu kompleksdən irəli gəlirdi.

- Sizə hansı rol həvalə olunsa, ürəyinizcə olar?

- İstəyərdim ki, “Janna Dark”ı oynayım. Bu, mənim sənət baxımından olan arzularımdan biridir.

- Açıq-saçıq səhnələrdə oynayarsınız?

- Əslində bu vaxtacan mənə belə rollar həvalə olunmayıb. Ancaq onu deyim ki, burada rejissor faktoru da önəmlidir. Məsələn, elə rejissor var ki, əynində paltar olan bir aktrisanı tamaşaçıya elə təqdim edə bilər ki, həmin aktrisa tamaşaçıya tam çılpaq görünər və yaxud da əksinə.

- Adətən yaşlı nəslin nümayəndələri gənclər barəsində fikir bildirirlər. Bəs siz bir gənc olaraq, yaşlı aktyor və aktrisalar barəsində nə deyərdiniz?

- Demək istəyirəm ki, onlar özlərindən sonra çox az tələbə qoyublar. Halbuki, kifayət qədər istedadlı tələbə yetişdirə bilərdilər.

- Gələcək planların nədir?

- Ancaq sənətimi düşünürəm. Aktirsa kimi bütün dünyada tanınmağı qarşıma məqsəd qoymuşam. İndi yalnız və yalnız bunun üçün çalışıb əmək sərf edirəm.

Geri qayıt