Əsas Səhifə > Ölkə, Manşet > ABDULLA ABDULLAYEV OBYEKTİNİ İTİRİR?

ABDULLA ABDULLAYEV OBYEKTİNİ İTİRİR?


21-05-2013, 12:37
ABDULLA ABDULLAYEV OBYEKTİNİ İTİRİR?
“AMAY”IN TALEYİ QARANLIQ OLARAQ QALIB

DİA.AZ: - Yayılan məlumata görə, "Ağ Şəhər" layihəsinin icrası ilə bağlı söküləcək obyektlərin siyahısında AMAY ticarət mərkəzi də var. Milyonlarla manat dəyərində olan ticarət mərkəzinin sökülməsi xəbərini araşdırmaq üçün ticarət mərkəzində olduq. Müştəri kimi mağazalara girib satıcılarla söhbətləşdik. Mağazadakı satıcıların əksəriyyəti belə bir söhbətdən xəbərsiz olduqlarını desə də, aralarında AMAY-ın yaxın günlərdə bağlana biləcəyini yəqin edənlər də oldu:

"Belə söhbət gəzir ki, AMAY-ın sahibi Abdulla müəllimin borcları var. Ona görə də buranı kiməsə satmaqla bağlı söz-söhbət gəzir. Bura elə bir obyektdir ki, nə burda işləyən pul qazana bilir, nə də buranı işlədən. Səhərdən dükanı açmışıq. Nəsə satmaq bir yana, birinci müştərisiniz ki, qapıdan içəri keçmisiz".

Satıcının sözlərində reallıq var idi. Alış-veriş yerində müştərilər demək olar ki, gözə dəymirdi. Nə dəhlizdə, nə mağazalarda müştəriləri görmək mümkün deyil. Günün günorta çağı olmasına baxmayaraq, müştərilərin heç olmaması ən diqqətçəkən nüans idi. Yüzlərlə mağazanın, satış obyektinin olduğu ticarət mərkəzində 35-40 dəqiqə ərzində müştəriyə demək olar ki, heç rast gəlmədik.

“Ağ şəhər" layihəsinin icrası ilə əlaqədar olaraq layihənin icra olunacağı yerlərdəki obyektlərin sökülməsi AMAY-a da şamil olunacaqmı? Bu sualın cavabını dəqiq verə bilməsək də, müştərilərin heç olmadığı bir ticarət mərkəzinin bu gedişlə çox "yaşamayacağını" söyləmək olar.

Onu da qeyd edək ki, bu günlərdə AMAY ticarət mərkəzinin birinci mərtəbəsinin bir hissəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzi üçün yer ayrılıb. Bu xidməti həmin binaya köçürdükdən sonra və eləcə də ticarət mərkəzinin möhtəşəmliyini nəzərə alaraq, oranın sökülməsi ehtimalı çox az görsənir. Bu barədə müraciət etdiyimiz rəsmi orqanlar hələ ki, suallarımızı cavablandırmayıblar.

Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, hətta «ASAN» xidmətinin belə «AMAY»da yerləşməsi heç nəyi dəyişməyəcək. Mənbənin söylədikləri: «Binanın sökülməməsi üçün bu gün Abdulla Abdullayev müxtəlif qapıları gəzir. Hətta binanın yeni plana uyğun şəkildə dəyişdirilməsinə belə razıdır. Amma hələlik net bir cavab verilmədiyindən «AMAY»ın taley idə qaranlıq qalıb».

Geri qayıt