Əsas Səhifə > Ölkə, Manşet > AZAD RƏHİMOVU KİMLƏR ÇÖKDÜRÜR?
AZAD RƏHİMOVU KİMLƏR ÇÖKDÜRÜR?13-12-2011, 16:56 |
QEYRİ-RƏSMİ BUKMEYKER KANTORLARINQDA MİLYONLAR DÖVR EDİR DİA.AZ: - İlin əvvəlindən, yanvarın 18-dən etibarən Azərbaycanda totalizator oyunlarına rəsmən start verilib. Ölkədə «Azəridmanservis» dövlət müəssisəsi və Türkiyənin «İnteltek» şirkətinin birgə qurduğu «Azinteltek» QSC-nin rəsmən elan etdiyi «Topaz» brendli mərc oyunları tətbiq olunub. Rəsmi şəkildə start verildikdən sonra dərhal 140-dən çox qumarxana fəaliyyətə başladı ki, bu məntəqələrdən təxminən 30-u rayonlarda yerləşirdi. Rəsmi qurumlar isə bundan sonra «qara bazar»ın yığışdırılacağını güman edirdi. Ancaq «Topaz» özünü gözlənilən kimi doğrultmadı. Bakıda və bölgələrdə «Topaz» məntəqələri fəaliyyət göstərsə də, «qara bazar»a üz tutanlar az deyil. Əslində, «Topaz»ın yaradılması ilə hökumət futbol qumarını bir əldə cəmləşdirmək niyyəti güdürdü. Lakin bu sektorda «qara bazar»ın tamamilə ləğv olunmamasında maraqlı olanlar var. Çünki «qara bazar»da daha çox qazanc əldə etmək olur və bu bazara nəzarət yoxdur. Məlumata görə, bu işdə əli olan məmurlar totalizator oyunlarında «qara bazar»ın yığışdırılmasına imkan vermirlər. Gənclər və idman naziri Azad Rəhimov «Topaz» məntəqələrinin fəaliyyətini genişləndirməyə çalışsa da, hələlik köhnə bazar totalizatorların diqqətini cəlb edir. Bu da «Topaz» əmsallarının aşağı olması ilə əlaqələndirilir. Nəticədə, oyunçular köhnə məntəqələrdə oynayırlar. Ancaq prosesin görünən tərəfi budur ki, «qara bazar» yaxın gələcəkdə tədricən yığışacaq. Çünki bu məntəqələrdə istər-istəməz vergidən yayınma halları müşahidə olunur, «Topaz» məntəqələrinin isə sayı çoxalır. Artıq bir il ərzində «Topaz» məntəqələrinin sayı 650-ə çatdırılıb. Bunlardan 400-ü Bakıda, 30-u Sumqayıtda, 220-nin isə digər bölgələrdə fəaliyyət göstərir. Apardığımız müşahidələr də göstərir ki, hökumət futbol qumarını hələlik bir ələ yığa bilməyib. Leqal kontorlarla yanaşı «qara bazar»a tələbat var. Ötən gün Bakıda apardığımız reydlər zamanı bu məsələyə aydınlıq gətirməyə çalışdıq. Qeyri-rəsmi bukmeyker məntəqəsi saxlayan şəxslər də bildirir ki, gec-tez bu obyektlər bağlanacaq. «Topaz» brendli kontorların sayı artdıqca totalizatorlar bura az gəlir: «Hər yerdə reklamı gedir, dövlət tərəfindən rəsmi icazə var. Biz də artıq təzə sistemlə razılaşmalı olacağıq. Sadəcə, indi oyunçular bura fəaliyyətdədir deyə gəlirlər. Ancaq deyim ki, təzə sistem heç də uğurlu deyil və oyunçuya sərf etmir. Çünki oyunlara qoyulan əmsallar, yəni uduş məbləği azdır. Bu da «Topaz»a marağı azaldır. Əksinə, qazanan tərəf təşkilatçılardır». Onu da bildirək ki, «Topaz» oyunlarının qaydaları «qara bazar»la müqayisədə xeyli mürəkkəbdir. Məsələn, 1 oyuna pul qoymaq mümkün deyil, gərək ən azı gərək 3 oyuna «şot» yazasan. Belə olanda da oyunçunun udmaq şansı azalır. Buna görə də totalizator oyunçuları üçün köhnə qaydalar asan görünür. Rəsmi bukmeyker kantorları qazanmaq üçün adi strategiyadan istifadə edirlər. Oyunlara lazım olandan aşağı əmsal verirlər. Bununla da müştərinin pul əldə etmək şansını azaldırlar. Amma totalizator oyunlarında «qara bazar»ın mövcudluğu yalnız «Topaz»ın qüsurları ilə bağlı deyil. Bu işdə marağı olan adamlar var. Bu şəbəkə çalışır ki, köhnə obyektlər işləsin. Çünki orda gəlir çox, nəzarət isə yox. Belə də vergi vermirlər, kassaya çek vurmurlar. Hərci-mərclik olur. Lisenziyalı kontor işlədənlər obyekt üçün icarə haqqı verir. Paytaxtın normal ərazisində sahibkar ayda 2 min manat yer haqqı ödəməlidir. Bundan başqa, işçilərə maaş, kommunal xərcləri və s. problemlər var. Bu da sahibkara ayda 4 min manata oturur. Nəticədə, kontor sahibi ayın sonuna ümumi «variant» məbləğini 100 min manata çatdırmalıdır. Həmin pulun 6 faizi sahibkara bonus kimi verilir. Qalanı dövlətin hesabına keçir. Ancaq obyekt sahibləri deyirlər ki, heç aylıq hesab 50 min manata da çatmır. Geri qayıt |