Əsas Səhifə > Ölkə > EYNULLA FƏTULLAYEV YENİDƏN TÜRMƏDƏ

EYNULLA FƏTULLAYEV YENİDƏN TÜRMƏDƏ


16-12-2011, 18:38
EYNULLA FƏTULLAYEV YENİDƏN TÜRMƏDƏ

BU DƏFƏ KEÇMİŞ MƏHBUS MONİTORİNQ APARIB

“İnsan hüquqları naminə” ictimai birliyinin rəhbəri, keçmiş siyasi məhbus Eynulla Fətullayev Qobustan həbsxanasında monitorinq aparıb.

Fətullayevin Turana verdiyi məlumata görə, monitorinq Ədliyyə Nazirliyi yanında İctimai Komitədə təmsil olunmayan bir sıra QHT-lərin (İşgəncələrə qarşı Komitə, İnsan Hüquqları Klubu və s.) alternativ preventiv mexanizm çərçivəsində keçirilib.

İlk dəfə Penitensiar Xidmət rəsmi dövlət orqanında təmsil olunmayan təşkilatın monitorinq aparmasına icazə verib. Monitorinqin hesaba daxil olmuş nəticələri Ədliyyə Nazirliyinə təqdim ediləcək, habelə ictimaiyyətin diqqətinə çatdırılacaq.

Fətullayevin sözlərinə görə, monitorinq həbsxananın altı korpusunu, cərimə təcridxanası, sanitar hissə, təsərrüfat briqadasının barakı, klub və s.-ni əhatə edib. Həbsxana rəhbərliyi monitorinq üçün bütün şərtləri yaradıb. Saxlanma şəraiti və məhbuslarla rəftar nöqteyi-nəzərdən bu həbsxanada müsbət irəliləyişlər qeydə alınıb, Fətullayev belə hesab edir.

“Ömürlük cəza çəkən məhbusların əksəriyyəti ilə, o cümlədən məşhur məhbuslar: eks-general Zakir Nəsirov, polkovnik Kamil Sədrəddinov, OMON-çular Elçin Əmiraslanov, Səfa Poladov, Arif Kazımov, Samuxun keçmiş icra hakimi Vaqif Hüseynov və digərləri ilə görüşdüm.

Məhbusların əksəriyyətinin şikayətləri istintaqın və onlar barəsində məhkəmə qərarlarının ədalətsiz olması ilə bağlıdır. Saxlanma şəraitinə gəlincə, məhbusların əksəriyyəti Qobustan həbsxanasına yeni rəhbərliyin gəlməsi ilə müsbət dəyişikliklər olduğunu qeyd ediblər.

Son 4-5 ayda heç bir işgəncə və ya qeyri-insani rəftar faktı qeydə alınmayıb, ərzaqların keyfiyyəti yaxşılaşıb, yardımçı təsərrüfat (“donuz damı”) aradan qaldırılıb, həbsxana ərazisindən zibil təmizlənib, bütün korpuslarda təmir aparılıb, kameralarda geniş pəncərələr qoyulub ki, bu da işıqlandırmanı yaxşılaşdırıb.

Karser təmir olunub. İsitmə problemləri həll olunub. Həbsxanada olduğum zaman karserdə yalnız bir məhbus var idi.

Yeni rəisin sözlərinə görə, o, onsuz da çətin şəraitdə saxlanan məhbuslara qarşı amansız tədbirlərin tərəfdarı deyil”, deyə Fətllayev bildirib.

Fətullayev müsbət irəliləyişlərlə yanaşı, bir sıra aradan qaldırılması vacib olan nöqsanları da qeyd edib. “Penitensiar Xidmət rəhbərliyi gələn il Um-Bakı qəsəbəsində yeni həbsxananı istismara vermək və Qobustan həbsxanasını ləğv etmək öhdəliyi götürsə də, saxlanma şəraitinin yaxşılaşdırılmasını sürətləndirmək vacibdir.

Belə ki, bir çox kameralarda hələ də beton döşəmə var. Bundan başqa, bir çox məhbuslar həbsxana rəhbərliyinin yüksək instansiyalara məktub və şikayət göndərməkdə maneələr yaratmasından şikayətləniblər”, deyə Fətullayev bildirib.


Geri qayıt