Əsas Səhifə > Cəmiyyət > ATA GÜNÜ MƏRASİMİ

ATA GÜNÜ MƏRASİMİ


26-09-2011, 12:41
ATA GÜNÜ MƏRASİMİ

ASİF ATANIN DAVAMÇILARI TOPLAŞDI

Ata ayının (sentyabrın) 25-i Mütləqə İnam Dünyabaxışının və Ocağının yaradıcısı İnam Atanın (Asif Atanın) anadan olmasının 76 ili tamam oldu. Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalının verdiyi bilgiyə görə, həmin gün İnam Evində ənənəvi “Ata Günü” Mərasimi keçirilib. 25 ildir ki, Ocaq İnam Atanın doğulduğu günü mərasim kimi qeyd edir.

Atanı rəmzi qarşılama sözü belə olub: “Adınla bağlıdır, Atam, gələcək!”

İştirakçılar Mütləqə İnam Bayrağını səcdə duruşunda qarşılayıblar. “Atalılar Türküsü”, “Təbiətdəki Mütləqlə Gündüz Təması”, “Ataya Günorta Ricası” deyilib.

Törəni giriş sözüylə Ocaq Yükümlüsü İşıqlı Atalı açıb, Ataya həsr olunmuş mərasimin mahiyyəti haqqında danışıb: “Azərbaycan dünyanın müqəddəs mənəviyyat mərkəzi olmağa layiqdir. Biz insanlarımızı xəlqi keyfiyyətimiz əsasında var olmağa çağırırıq. Bu keyfiyyətlər bizi millət olaraq var edəcək. Hesab edirik ki, Asif Atanın dünyabaxışı bundan sonrakı çağlarda bəşərin bu qarışıq, tərəddüdlü durumdan çıxması üçün möhtəşəm ruhani xilas imkanı olacaq. Bəşər bütün böyük sayılan uğurlarına baxmayaraq indiyə kimi əslində qaranlıqda yaşayıb. Asif Atanın gəlişi bəşər üçün böyük mənəvi xilasdır. Bəşərin yeni mənəvi-insani düzəni yaranmalıdır».

Ocağın Ruhani Başçısı Safruhun Mərasimə uğurlama sözü dinlənilib: «Xalqımızın öz içindən ruhaniyyat yaradıb yaşatmaq ənənəsi olmayıb. Xalqımız bütün ruhani ənənələri təmasda yaşadığı xalqlardan alıb, özünü onlara uyğunlaşdırıb, başqalarının havasına oynadığı dərəcədə özümlüyünü itirib. Mütləqə İnam Fəlsəfə kimi çox dərindir, çox əhatəlidir. Ata dünya fikrinin üzərində dayanmış möhtəşəm bir filosof və ruhaniyyatçıdır. Özü deyir ki, mənim təlimim ümumən dünya fikrinin təcəssümüdür. Artıq Atanın başladığı yolla xalq Ata Gününü keçirən bir xalq səviyyəsinə gəlib». Ruhani Başçı ilk Ata Günü Mərasimindən 25 il ötdüyünü bildirib, bu müqəddəs günlə bağlı xatirələrini danışıb: “Saat 12-də — buyrulduğu kimi, Ata — Halalın müşayiətilə otağa girdi. Biz 8 övlad çiçək dəstələrimiz əlimizdə Atanı qarşılamağa hazır dayanmışdıq. O içəri girən kimi biz bir ağızdan Onu salamladıq: “Müqəddəs Ataya ali ehtiram!” Ata bizə cavab verdi: “Övlad ehtiramı pakdır!”

Yolu Nurlu Şəmkirdəki «Nur Yolu» Ocaq Ailəsinin Yükümlüsü Yolnur Atalı ruhani əhvalının yüksəlişindən, Ata İnamını özümləşdirməsindən danışıb: «Ataya səcdəm həyatımın ən fərəhli anlarıdır. Bu səcdədə aşiqlik var».

Yolruh Atalı “İnam Ata və çağdaş Azərbaycan ictimai fikri” mövzusunda danışıb: “33 ildir ki, Azərbaycan ictimai mühitində Asif Atanın Mütləqə İnam Ocağı hadisəsi var. İndi dünya yığışsa da, bu 33 illik dönəmi Türk xalqının tarixindən silə, yox edə bilməz!”

Jurnalist Ağa Cəfərli Ataya həsr etdiyi “Yol yaradan Asif Ata” yazısını oxuyub: “Asif Ata öz yolunu yaradana qədər həyatı dərindən öyrənmiş, bütün əzabları dadmış, sona kimi əqidəsinə və düşüncəsinə sədaqətli olmuşdu. O, getdiyi yolla hamıya örnək ola biləcək bir ömür yaşadı. Ən çətin məqamlarda yolundan dönmədi, bir addım belə kənara qoymadı. Yol yaratdı, yaratdığı yolu ləyaqətlə qorudu, möhkəmləndirdi. Yolunu davam etdirəcək insanlar yetişdirdi”.

Mərasimin mövzuları bunlar olub: “İnam Ata və çağdaş Azərbaycan ictimai fikri”, “İnamın yerişi”, ””İnama Doğru” dərgisinin 1 yaşı”, “Mütləqə İnamın gərəkliyi”.

Tədbirdə Ocaqçılarla yanaşı, aydınlar, elm-sənət adamları iştirak ediblər, fikir söyləyiblər.

Yaşar Türkazər Asif Atalı xatirələrini, insanlar arasında Ata İnamını yaymasından danışıb.

Sənətşünas, fəlsəfə doktoru Vidadi Qafarlı Ata xarakterinin özünəməxsusluğundan, onun hikmətlərindən söz açıb.

Tanınmış yazıçı-publisist Əlisahib Əroğul deyib: «Öz dünyabaxışımızın olmasını istəyiriksə, Asif Ata İnamından möhkəm yapışmalıyıq. Sevindiricidir ki, Ocaqçılar bu müqəddəsliyi qoruyub saxlaya biliblər. Biz ziyalılar həmişə Ocağın irəliləməsinə təkan verməliyik».

Şahsuvar Haşımov çıxışlardan aldığı təəssüratı belə ifadə edib: «İnsanlaşmadan gərəkli iş yoxdur».

Şair Malik Əhmədoğlu, Telman Dəjəlli, Yaqut Misirxanlı, Seymur Elsevər, Müşviq Çobanlı, Şükür-Elli və başqaları mövzu ilə bağlı çıxış ediblər.

Mərasimdə İnamçı Əzizbala Dadaşovun yaratdığı Ocaq emblemi Ruhani Başçı Safruha təqdim olunub.

Ata Günü Mərasimi Ruhani Başçı Safruhun uğurlama sözü ilə başa çatıb.

İctimai Televiziyanın çəkiliş qrupu tədbirdən süjet hazırlayıb. Ocaq Bayrağı qarşısında xatirə şəkilləri çəkilib, çay süfrəsində doğmalaşma söhbətləri olub.


Geri qayıt