Əsas Səhifə > Ölkə > ZÜLFÜQARLI QARDAŞLARINA QARŞI QULDURLUQ OLUB
ZÜLFÜQARLI QARDAŞLARINA QARŞI QULDURLUQ OLUB20-12-2011, 17:18 |
RÖVNƏQ ABDULLAYEVİN DAHA BİR “ÇP”Sİ Vəkil Aslan İsmayılov ölkədə mülkiyyət hüququnun kobud şəkildə tapdanması ilə bağlı çərşənbə axşamı Beynəlxalq Mətbuat Mərkəzində (BMM) mətbuat konfransı keçirib. Vəkil Zülfüqarlı qardaşlarının mülkiyyətinin əllərindən alınması barədə danışıb. Zülfüqarlı qardaşları 1993-cü ildə Rusiyadan Bakıya gələrək Bakı elektroştamp və Bakı poladtökmə zavodlarını alaraq biznes qurublar. 2005-ci ildə müəssisələr gəlir gətirən vaxtda Dövlət Əmlak məsələləri Komitəsinin sədri Kərəm Həsənov N.Zülfüqarlıya zavodları yüksək vəzifəli məmurlardan birinə verməyi təklif edir. N.Zülfüqarlı bundan imtina edir. 2005-ci ilin dekabrın 9-da hüzrdən qayıdan Nurəddin və Loğman Zülfüqarlı qardaşlarını Afət Əliyeva adlı qadından hədə-qorxu yolu ilə pul istəmək adı ilə həbs edirlər. 2006-cı il martın 30-da N.Zülfüqarlı sahibi olduğu elektroştamp zavodunun alqı-satqısı ilə bağlı azadlıqda qalan qardaşı Baxış Zülfüqarlıya etibarnamə verir. Bir günün içində “ildırım sürətilə” Zülfüqarlı qardaşlarına məxsus müəssisələr alınıb-satılaraq başqalarının özəl müəssisələrinə çevrilir. Özlərini isə cinayət tərkibi olmadığı üçün sərbəst buraxırlar. “Bunun adı sadəcə quldurluqdur, bunun başqa adı yoxdur və Zülfüqarlı qardaşlarının mülkiyyətlərinin əllərindən alınması Azərbaycanda xüsusi mülkiyyət hüququnun pozulmasının etalonudur”, - deyə vəkil baş verənlərə münasibət ifadə edib. Bütün baş verən qanunsuzluqlara görə baş prokuror Zakir Qaralov ittiham edilib, ölkədə qanunçuluğu təmin edə bilməməkdə və ya təmin etmək istəməməkdə təqsirli sayılıb. Zülfüqarlı qardaşlarının mülkiyyətlərinə münasibətdə daha bir qanunsuzluq dekabrın 19-da törədilib. Belə ki, zavodun 183 səhmdarının ümumi yığıncağı olmalı imiş, bununla bağlı səhmdarlara bildiriş göndərilib, amma səhmdarlar iclasa buraxılmayıblar. Digər tərəfdən isə iclası aparanlar tədbiri 0 dəqiqəyə yekunlaşdırıblar. Vəkil A.İsmayılova görə, ölkə mətbuatı Zülfüqarlı qardaşlarının müəssisələrinin “sahibi” olan lerikli çoban Gəray Məmmədov adlı şəxsin kimliyini aşkar edəndən sonra hakimiyyət nümayəndələri bu adama etibar etmirlər. Ona görə də hazırda Zülfüqarlı qardaşlarının mülkiyyətinin Kərəm Həsənovun yaxın adamlarından biri Mahir Ağayevin adına keçirilməsinə hazırlıq getdiyi nəzərə çatdırılıb. Tədbirə qatılan hüquqşünaslar bu məsələdə səhmdarlara hüquqi yardımlarını təklif edərək, onlara məhkəmə çəkişmələrinə hazırlaşmaq məsləhəti veriblər. Nəticə etibarilə bu məsələnin Avropa Məhkəməsində həllini tapacağına ümid ifadə ediblər. Geri qayıt |