Əsas Səhifə > Ölkə, Manşet > VƏTƏNDAŞA QARŞI VANDALİZM

VƏTƏNDAŞA QARŞI VANDALİZM


21-12-2011, 16:15
VƏTƏNDAŞA QARŞI VANDALİZM

BAKI SAKİNİNİN AİLƏSİ TƏZYİQLƏRLƏ ÜZ-ÜZƏ QALIB

Bakı sakini Hikmət İsmaylovun ailəsi Topçubaşov küçəsindəki evinin sökülməsi ilə bağlı şikayətlərinə görə təzyiqlərə məruz qalıb. Bu haqda H.İsmayılov özü məlumat verib.

O, razılığı olmadan hakimiyyətin özbaşına evini sökməsini mülkiyyətinə qəsb sayaraq bu məsələni Avropa məhkəməsinə qədər qaldıracağını bildirib. Bundan narahat olan hakimiyyət təzyiqlərə başlayıb. Belə ki, naməlum zənglərlə H.İsmayılovun ailə üzvləri narahat edilir. Hətta evə iki şəxs gələrək qaz sızması olduğunu bildirib və bunun nəticəsində mənzilin partlaya biləcəyi barədə “xəbərdarlıq” edib. Həmin şəxslər özlərini təqdim etməyiblər.

“Vaxtilə Vaqif adlı şəxs də Füzuli küçəsindəki mənzilini boşaltmadığı üçün qaz sızması adı ilə mənzlili partladıldı”, - H.İsmayılov xatırladıb. O, bu “xəbərdarlığı” ailə üzvlərinə təhlükə sayaraq hüquq-mühafizə orqanlarına müraciət edəcəyini, eyni zamanda qaz idarəsinə gedərək bunu araşdıracağını bildirib. Bununla yanaşı evinə gələn şəxslərin kimliyinin müəyyənləşdirilməsini hüquq-mühafizə orqanlarından tələb edəcək.

H.İsmayılovun sözlərinə görə, dekabrın 22-də Ali Məhkəmədə evlərinin sökülməsi ilə bağlı məhkəmə baxışı olacaq. Ölkə məhkəmələrindən ədalətli qərar gözləmədiyini deyən Bakı sakini bütün instansiyalardan sonra Avropa məhkəməsinə çıxmağı nəzərdə tutur.

Geri qayıt