Əsas Səhifə > Ölkə, Manşet > PREZİDENTƏ ÇATACAQ MƏKTUB

PREZİDENTƏ ÇATACAQ MƏKTUB


23-12-2011, 15:16
PREZİDENTƏ ÇATACAQ MƏKTUB

“RÜŞVƏT ALMADIĞIMA GÖRƏ MƏNİ QOVDULAR, TƏQİB EDİRLƏR”

DİA.AZ: - Gəncə Dövlət Universitetinin ümumi fizika kafedrasının baş müəllimi işləmiş Fikrət Hacıyev redaksiyamıza başına gələn müsibətlərlə bağlı prezident İlham Əliyevə ünvanladığı və prezidentin rəsmi saytına yazdığı məktubun bir surətini də redaksiyamıza yollayıb.

“Rüşvət vermədiyimə görə kafedra müdirim Zakir Zeynalov 8 ildir ki, məni təqib və təhqir etdirir” deyən Fikrət Hacıyev bu təqiblərə dözməyib, şikayət edib və nəticədə işini itirib. Prezidentə yazılan məktubda deyilir:

"Cənab Prezident! Mən 1976-cl ildə Heydər Əliyevin təşəbbüsü ilə Moskva Energetika İnstitutuna qəbul olunmuş və həmin institutu fərqlənmə diplomu ilə bitirmişəm. Qarabağ müharibəsi veteranıyam, Xocalı faciəsindən sonra könüllü müharibəyə getmiş, bir sıra ağır döyüşlərdə iştirak etmişəm. GDU-da müəllim işlədiyim 18 il ərzində heç bir tələbədən rüşvət almamışam, halbuki bu illər ərzində maaşım az olduğundan övladla rım ehtiyac içində böyümüşlər.

Rüşvət verib, aylarla dərsə gəlməyən tələbələrə “qayıb” yazdığıma görə başıma gətirilən biabırçılıqlara dözməyib, dəfələrlə Sizə şikayət etmişəm. Bu şikayətlərə heç bir əhəmiyyət vermədiyiniz bəs deyilmiş, hələ 52 yaşımda işimi də itirdim. Onu da qeyd edim ki, iki oğlum universitetdə oxuyur və ailəmin yeganə qazanc mənbəyi artıq itirdiyim maaşım idi. GDU-da Qarabağ müharibəsi veteranı olan bir müəllimin rüşvət almadığına görə öz yerinə seçilməməsi isbat edir ki, Dövlət orqanlarının dəstəyi ilə universitet rəhbərliyi rüşvətxor məmurları müdafiə edir və korrupsiyaya qarşı çıxan hər bir kəsi əzib, məhv edir.

Cənab Prezident! Müraciətimi ənənəvi olaraq rüşvətxor məmurların cəzalandırılması xahişi ilə bitirməyəcəyəm. Çünki Sizin buna qadir olmağınıza artıq heç inanmıram da. Ulu Tanrıdan yeganə arzum budur ki, Siz də nə vaxtsa övladlarınız qarşısında işsiz və pulsuz qalasınız ki, Sizə yaltaqlanmadıqlarına görə işini itirən və həbs olunan insanların nələr çəkdiyini başa düşəsiniz.

P.S. Məktubun surətini KİV-ə göndərirəm.

P.S. Heç bir ümid yerim qalmadığından, aclıq aksiyasına başlamaq istəyirəm. Ancaq qohumlarımın təzyiqi olduğundan, bu yaşadığım Göygöl şəhərində mümkün deyil. Aclıq aksiyası keçirmək üçün Bakıda yer və mənəvi dəstəyə ehtiyacım var”.


Geri qayıt