Əsas Səhifə > Partiya > SƏRDAR CƏLALOĞLU YENƏ DƏ İTTİHAM ETDİ
SƏRDAR CƏLALOĞLU YENƏ DƏ İTTİHAM ETDİ18-07-2013, 14:08 |
“Partiyanın müdafiə etdiyi istiqlalçı demokrat platformasından bir namizəd irəli sürülməyibsə, ADP bu seçkilərdə öz namizədi ilə iştirak etməlidir”. Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. S.Cəlaloğlu ADP-nin 2013-cü il prezident seçkilərində iştirak məsələsinə münasibət bildirərək qeyd edib ki, hələlik seçki məcəlləsinə müvafiq olaraq prezidentliyə namizədlərin irəli sürülməsinə start verilməyib. ADP də bunu nəzərə alaraq hələlik konkret qərar verməyib: “Bu gün YAP-ın, Müsavat Partiyasının, Milli Şuranın irəli sürdüyü namizədlər Seçki Məcəlləsinə uyğun qanuni namizədlər deyillər. Yəni ancaq siyasi qərar var. Bu baxımdan ADP başqalarından fərqli mövqe tutur. Yəni düşünürük ki, ölkədəki mövcud vəziyyət dəyişə, müxalifət birləşə bilər. Belə olan şəraitdə təbii ki, biz tələsik qərar verəndən sonra buna yenidən baxmaq istəmirik. Eyni zamanda biz partiyada seçki ilə bağlı gedən bütün müzakirələri, mövqeyimizi ictimaiyyətə çatdırırıq. Həmçinin partiyanın seçkilərə “Qarabağ” bloku ilə gedəcəyi, Milli Şuranın namizədini müdafiə edəcəyi, yoxsa öz namizədimizlə seçkilərdə iştirak variantları müzakirə olunduğuna görə hələlik konkret qərar yoxdur”. ADP sədri bildirib ki, partiyanın seçkilərdə iştirakımızı zəruri edən bir çox faktorlar var: “Bunlardan biri də seçkilərdə istiqlalçı demokrat platformada duran namizədin iştirak etməməsidir. Biz bundan əvvəl də demişdik ki, YAP respublikaçılığı önə çəkib demokratiyanı arxa plana, Milli Şuranın namizədi respublikaçılığı arxaya çəkib demokratiyanı ön plana verir. Biz isə hesab edirik ki, respublikaçılıqla demokratiya bir-birindən ayrılmaz iki dəyərdir. Bunların ikisinə də eyni dərəcədə baxmaq lazımdır. Ona görə də hesab edirik ki, partiyamızın müdafiə etdiyi platformadan nə qədər ki, bir namizəd irəli sürülməyib, ADP öz namizədi ilə iştirak etməlidir”. Geri qayıt |