Əsas Səhifə > Ölkə > YENİ KORRUPSİYA FAKTLARI AÇIQLANDI
YENİ KORRUPSİYA FAKTLARI AÇIQLANDI5-01-2012, 13:27 |
İNŞAAT FİRMALARINDAN BİRİ DƏ KORRUPSİYADA İTTİHAM OLUNUR Azərbaycanda korrupsiya hallarına qarşı mübarizə tədbirləri çərçivəsində növbəti faktlar aşkarlanıb. APA-nın Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, Tovuz rayon sakini Cəfər Yusifovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Rəhim Məmmədovun 2-ci qrup əlillik dərəcəsinin verilməsi üçün ondan 1.000 manat məbləğində rüşvət tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, Rəhim Məmmədov həmin komissiyanın həkim ekspert-cərrahı Əli Həsənovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xidməti vəzifələrinin icrası ilə əlaqədar Cəfər Yusifova 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsinin müqabilində 1.000 manat məbləğində rüşvət alıb. Törətdikləri cinayət əməllərinə görə Rəhim Məmmədov və Əli Həsənova qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bundan başqa, qeyd edilən nazirliyin 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Vahid Gülmalıyevin qanunsuz hərəkətləri barədə toplanmış material üzrə də cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, Vahid Gülmalıyev 2-ci qrup əlil Fərəcov Talıb Fərəc oğlunun xeyrinə qərar qəbul etmək, yəni onun təkrar müayinədən keçirilib 2-ci qrup əlillik dərəcəsinin təyin olunması üçün 4 oktyabr 2011-ci il tarixdə 500 manat məbləğində pul tələb edib, ertəsi gün 11 saylı TSEK-in binasında, komissiya üzvlərinin xidməti otağında maddi nemət olan 400 manat məbləğdə pulu rüşvət kimi alıb. Törətdiyi cinayət əməlinə görə Vahid Gülmalıyevə rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məlumata görə, digər bir cinayət işi külli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifə saxtakarlığı faktlarına görə başlanıb. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, Cəlilabad rayon hüquq məsləhətxanasının müdiri Xandadaş Əliyev 2005-2010-cu illər ərzində Yaqub Əhmədov və qeyrilərini cinayət və mülki işlər üzrə istintaq və məhkəmə orqanlarında təqsirləndirilən şəxslərin məsuliyyətdən azad edilməsi, onların vəziyyətinin yüngülləşdirilməsi və ya tərəflərin xeyrinə hər hansı qərarların çıxarılması barədə yalan vədlər verməklə aldatma yolu ilə onlardan müxtəlif məbləğlərdə pul vəsaitini alaraq ələ keçirib. Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb və törətdiyi cinayət əməllərinə görə Xandadaş Əliyev həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bundan başqa, "SNT-İnşaat" firması tərəfindən 2007-ci ildə paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində yerləşən 239 nömrəli məktəbdə əlavə korpusun tikintisi zamanı tikinti normalarına əməl olunmaması və iş həcmlərinin artırılaraq dövlət vəsaitinin mənimisənilməsi barədə toplanmış material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, "SNT-İnşaat" şirkətinin iş icraçısı Salman Cabbarov öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talama məqsədi ilə 2006-2007-cu illər ərzində tikintisi ona həvalə edilib 239 nömrəli orta məktəbin 840 şagird üçün əlavə korpusunun tikinti işlərini apararkən, həmin korpusun inşası zamanı müxtəlif vaxtlarda 23.157 manat dəyərində artırılmış işlər barədə 2006 və 2007-cı illərin işin qəbulu aktlarına və 2 nömrəli arayışların məzmununa bilə-bilə yalan məlumatları daxil edib həmin sənədləri imzası ilə təsdiq edərək saxtalaşdırıb və iş həcmlərinin artırılması hesabına əldə etdiyi, qeyd olunan pul vəsaitini mənimsəmə yolu ilə talayıb. Törətdiyi cinayət əməllərinə görə Salman Cabbarova külli miqdarda mənimsəməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham elan olunub və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən müxtəlif sahələr üzrə törədilmiş korrupsiya hüquqpozmaları ilə əlaqədar cinayət işlərinin istintaqı davam etdirilir. Geri qayıt |