Əsas Səhifə > Ölkə, Manşet > ZİYA MƏMMƏDOVUN İŞÇİLƏRİ MƏMURA CƏZA YAZDILAR
ZİYA MƏMMƏDOVUN İŞÇİLƏRİ MƏMURA CƏZA YAZDILAR28-08-2013, 14:01 |
EHTİYATLI OLUN: YOLUNUZU DÜZ SÜRÜN... DİA.AZ: - Buzovna rayon sakini Camalov Elxan Nəriman oğlu nəqliyyat departamentinin işçiləri tərəfindən ona məxsus “10 CH – 475” nömrə nişanlı “Vaz 2109” markalı avtomobilin qanunsuz olaraq əlindən alınmasından şikayəçi olduğunu bildirib. “Qafqazinfo”ya müraciət edən Buzovna sakini bildirib ki, evdən çıxıb Maşın bazarı istiqamətində gedərkən qonşusunu da özü ilə apardığını görən departamentin işçiləri onu saxlayıb və sorğu-sual etməyə başlayıblar: “Onlar mənə heç bir vəsiqə təqdim etmədilər. İkisi mülki geyimdə idi, sadəcə birinin əynində nəqliyyat departamentinə məxsus forma vardı. Maşınımı götürüb “Elit” ticarət mərkəzinin yaxınlığında yerləşən baş ofisə apardılar. Mənə isə oradan bildirdilər ki, bura ancaq cərimə ödəmək üçün müraciət edilir. Mən isə belə bir cərimə ödəmək fikrində deyiləm. Yüz manatdan çox cərimə yazılıb mənə, halbuki taksi xidməti göstərmirəm. Fəhlə adamam, o qədər pulum olsaydı niyə fəhləlik edirdim ki?”. DİA.AZ bildirir ki, ümumiyyətlə son günlər nəqliyyat departamentinin əməkdaşlarının bu cür «tələləri» geniş vüsət alıb. Hətta bu günlərdə dövlət qurumlarından birinin vəzifəli şəxsinə qarşı da eyni «tələni» quran nəqliyyat nazirliyinin müfəttişləri onu da qanunsuz taksi xidməti göstərməkdə ittiham ediblər. Bildirək ki, redaksiyamıza həmin vəzifəli şəxsin kimliyi məlum olsa da, bu barədə onun razılığı olmadığından adını açıqlamırıq. Amma məsələnin nazirliyə qədər gedib çıxması səbəbindən hadisənin təfərrüatı barədə bilgiləri diqqətinizə təqdim edirik. Beləliklə, DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, həmin vəzifəli şəxs bu günlərdə Kürdəmir rayonu istiqamətinə doğru öz şəxsi maşını ilə hərəkət edib. Bu zaman NN-nin gizli müfəttişləri onun maşınına əl edərək, saxladıblar. NN-nin işçiləri vəzifəli şəxsə hara getdiyini bildiriblər. O isə getdiyi ünvanı deyib və bu zaman ondan onları da aparmasını istəyiblər. Həmin vəzifəli şəxs isə nə baş verdiyini anlamayaraq, sırf insanlıq xatirinə onları götürüb və bildirib ki, taksi xidməti göstərmir, amma insanlıq naminə apara bilər. Bir az getdikdən sonra vəzifəli şəxsə dayanma əmri verən müfəttişlər ona NN-dən olduqlarını bildiriblər və maşının sənədlərini qanunsuz olaraq müsadirə ediblər. Hətta həmin vəzifəli şəxsə cərimə yazmağı da unutmayıblar. Təbii ki, bu kimi faktlar yetərincədir. Hər halda, Ziya Məmmədovun işçilərinin bu tərz pulqazanma üsulu Azərbaycanda insanların bir-birilərinə yardım etmə ənənəsini belə təhdid edir. Çünki artıq kiminsə yolda qalan kiməsə yaxşılıq etməsi məhz «NN-çi ola bilər» təhdidi səbəbindən imkansızlaşmaqdadır. Geri qayıt |