Əsas Səhifə > Ölkə > EYNULLA FƏTULLAYEV ƏLİ İNSANOVDAN XƏBƏR GƏTİRDİ

EYNULLA FƏTULLAYEV ƏLİ İNSANOVDAN XƏBƏR GƏTİRDİ


11-01-2012, 13:23
EYNULLA FƏTULLAYEV ƏLİ İNSANOVDAN XƏBƏR GƏTİRDİ

“SABİQ NAZİR ÇOX GÜMRAHDIR”

“İnsan Haqları Uğrunda” İctimai Birliyin monitorinq qrupu dünən 13 saylı cəzaçəkmə müəssisəsində monitorinq aparıb. Bu haqda müxbirimizə məlumat verən birliyin sədri Eynulla Fətullayev deyib ki, gün ərzində keçirilən monitorinqin məqsədi müəssisədə məhkumların saxlanma şəraiti ilə tanış olmaq olub. Monitorinq zamanı məhkumların saxlandığı korpuslarda, yataqxanalarda və onların istifadəsində olan məişət otaqlarında, yeməkxanada, sanitar-gigiyenik vasitələrə və ümumiyyətlə cəzaçəkmə müəssisəsinin bütün ərazisinə baxış keçirilib, həmçinin bir sıra məhkumlarla fərdi görüşlər keçirilib.

“13 saylı müəssisə həm yerləşdiyi coğrafiyaya, həm də müəssisədəki şəraitə görə ən mürəkkəb həbsxanalardan biridir. Orada son aylarda görülən müsbət işlərlə yanaşı bəzi neqativ hallar da aşkar etdik. Bütün nöqsanlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə təqdim edəcəyimiz hesabatda öz əksini tapacaq” - deyə E.Fətullayev bildirdi.
Hüquq müdafiəçisi son aylarda görülmüş işlər arasında ən böyük irəliləyiş kimi müəssisəyə yeni yolun çəkilməsini görür: “Mən və ailəm vaxtilə bu müəssisələrə yolun olmadığına görə çox əziyyət çəkmişik və indi nəhayət ki, yol inşa olunub. Həmçinin müsbət irəliləyiş iki barakda taxta döşəmənin salınmasıdır. Cəzaçəkmə müəssisəsinin rəisi mənə vəd etdi ki, yaya qədər bütün yataqxanalar nəhayət taxta ilə döşənəcək”.
E.Fətullayev monitorinqdən sonra bu müəssisədə saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanovla da görüşüb. Hüquq müdafiəçisi görüşlə bağlı təəssüratlarını da bölüşdü: “Əli İnsanov çox gümrahdır. Əhval-ruhiyyəsi də yüksək səviyyədədir. Səhhəti ilə bağlı sual verəndə cavab verdi ki, səhhəti çox yaxşıdır. Xahiş etdi ki, bunu mətbuatda xüsusi vurğulayım. Səbirsizliklə Avropa Məhkəməsinin əsas işi ilə bağlı qərarının açıqlanmasını gözləyir. Əli İnsanov əfvlə bağlı müraciətin əleyhinə olduğunu bildirdi. Saxlanma şəraiti ilə bağlı bir sıra şikayətləri oldu. Mən də ona söz verdim ki, bu şikayətlər Ədliyyə Nazirliyinə ünvanlayacağım hesabatda öz əksini tapacaq. Eyni zamanda deyim ki, sabiq nazirin vəkili ilə təması şüşə və xüsusi telefon vasitəsilə həyata keçirilir. Əli İnsanov bunu Avropa Konvensiyasının və milli qanunvericiliyin pozuntusu kimi qiymətləndirir. O, psixoloji təzyiqdən də şikayət etdi. Keçmiş səhiyyə naziri yazdığı və Moskvada nəşr etdiyi dərsliyin gömrükdə müsadirə olunmasını da qətiyyətlə pislədi. Bunu siyasi motivlərlə əsaslandırdı. Əli İnsanov onu da bildirdi ki, bütün yazışmaları senzuradan keçirilir.
Biz Əli müəllimlə geniş fikir mübadiləsi də apardıq, həm ölkədə, həm də beynəlxalq aləmdə cərəyan edən siyasi prosesləri müzakirə etdik. Ona bildirdim ki, saxlanma şəraiti ilə bağlı hər hansı problemi yaransa, dərhal mənə vəkillər vasitəsilə məlumat ünvanlasın”.

Ə.İnsanovdan savayı E.Fətullayev müəssisədə saxlanan Qarabağ müharibəsinin iştirakçısı, briqada komandiri, “Musto” ləqəbli Xosrov Mustafayevlə də görüşüb, saxlanma şəraiti ilə tanış olub. 12 il azadlıqdan məhrum edilmiş döyüşçünün saxlanma şəraiti ilə bağlı şikayəti olmasa da X.Mustafayev həbsini siyasi motivlərlə bağlayıb və E.Fətullayevin onun hüquqlarının qorunmasında əməli fəaliyyət göstərməsini xahiş edib.
Xatırladaq ki, E.Fətullayev bu həftə 14 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirməyi planlaşdırır və bu müəssisədə saxlanan siyasi məhbus Bəxtiyar Hacıyevin öz müraciəti əsasında onunla görüşməyə planlaşdırır.


Geri qayıt