Əsas Səhifə > Cəmiyyət > YAP-DAN NARAHAT İZAHAT

YAP-DAN NARAHAT İZAHAT


27-09-2011, 14:13
YAP-DAN NARAHAT İZAHAT

“OLA BİLƏR Kİ, BƏZİLƏRİ İCTİMAİ PALATAYA ÜZV OLUBLAR"

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İctimai Palatada YAP üzvlərinin də olduğu barədə səslənən fikirlərə aydınlıq gətirib.

"YAP-ın seçkili qurumlarında təmsil olunan heç bir şəxs İctimai Palataya qoşulmayıb. Bunlar ancaq sıravi üzvlər ola bilərlər", - deyə açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

"2010-cu ildə keçirilən parlament seçkiləri zamanı YAP öz üzvlərinə tapşırmışdı ki, heç kim partiyanın vahid siyahısından kənar namizədliyini irəli sürməsin. Partiya üzvü partiya Nizamnaməsinin tələblərinə əməl etməlidir. Lakin 23 nəfər partiyanın qərarına zidd olaraq, namizədliklərini irəli sürmüşdülər. Onlarla izahat işləri aparıldıqdan sonra çox hissəsi namizədliklərini geri götürdülər. Ola bilər ki, həmin şəxslərdən bəziləri İctimai Palataya üzv olublar", - Novruzov əlavə edib.

YAP icra katibinin müavini onu da qeyd edib ki, parlament seçkiləri zamanı partiyanın qərarlarına qarşı çıxan üzvlər partiya sıralarından xaric olunublar.

"Bu baxımdan, demək olmaz ki, YAP üzvləri İctimai Palataya qoşulublar", - Novruzov vurğulayıb.

O, YAP-ın 560 mindən çox üzvü olduğunu xatırladıb və əlavə edib ki, hansısa sıravi üzvün İctimai Palataya qoşulması ciddi hadisə deyil.


Geri qayıt