Əsas Səhifə > Ölkə, Manşet > KÜRSÜSÜ OYNAQ OLAN MƏMURLAR HANSILARDIR?
KÜRSÜSÜ OYNAQ OLAN MƏMURLAR HANSILARDIR?13-09-2013, 13:25 |
KİM HANSI VƏZİFƏDƏN YOLA SALINIR? DİA.AZ: - Seçkidən sonra hökumət daxilində ciddi kadr islahatlarının aparılacağı proqnozlaşdırılır. Bununla bağlı mülahizələr yürüdən şərhçilər bildirirlər ki, seçkidən sonra bir neçə nazir, icra başçısı, komitə sədri, habelə digər vəzifələrdə çalışan şəxslər tutduqları görəvlərdən azad ediləcəklər. Hətta bəzi məmurların dövlətin əmlakını talamaqda ittiham olunaraq həbs ediləcəyi də yayılan məlumatlar arasındadır. Keçən seçki təcrübələrindən də görmüşük ki, hər dəfə hökumət tərkibində kadr dəyişiklikləri olur, müxtəlif vəzifələri tutan şəxslər işlərini itirirlər. Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin, hazırda həbsdə yatan sabiq nazirlər Əli İnsanov və Fərhad Əliyevin timsalında çox şeylərin şahidi olmuşuq və onların vəzifədən alınması da prezident seçkilərindən sonraya təsadüf edib. Ehtimal edilir ki, bu dəfə də eyni proses təkrarlanacaq və bir neçə yüksək vəzifəli məmur postundan gedəcək. Vəzifədən uzaqlaşdırılmağa real namizədlər sırasında isə kənd təsərrüfatı naziri İsmət Abasovun, maliyyə naziri Samir Şərifovun, vergilər naziri Fazil Məmmədovun, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun, Suraxanının icra hakimi İlqar Abbasovun, Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyevin, Nəsimi rayonunun rəhbəri Nəsib Məhəməliyevin, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəhbəri Rüfət Aslanlının və başqalarının adları daha çox çəkilir. Özəl mənbələrdən əldə etdiyimiz informasiyaya əsasən, adı qeyd olunan şəxslərin seçkidən sonra vəzifələrini itirmək şansları çox böyükdür. Mənbənin sözlərinə görə, bu məmurların fəaliyyətində ciddi nöqsanlar mövcuddur, baş verən bütün işlərdən isə yuxarı orqanların məlumatı var: «İsmət Abasovun gələcək karyera taleyi böyük sual altındadır». Mənbənin açıqlamasına görə, İsmət Abasov kənd təsərrüfatı naziri postundan uzaqlaşdırılsa, daha kiçik vəzifə ilə təsəlli tapa bilər: «Belə ki, dolaşan xəbərlərə görə, nazirin Suraxanı Rayon İcra Hakimiyyətinə başçı qoyulması gözlənilir. Rayonun hazırkı rəhbəri İlqar Abbasovun seçkidən sonra işdən uzaqlaşdırılacağı yuxarılarda dəqiqləşdirilib. İsmət Abasovu onun yerinə qoymaq istəyirlər». Qaynağın iddiasına görə, yuxarıda adları hallanan digər məmurların isə ümumiyyətlə, işsiz qalacağı deyilir: «Həmin məmurların fəaliyyəti ayrı-ayrılıqda təftiş edilsə, heç birinin işi qənaətbəxş deyil. Qərib Məmmədovun rəhbərliyi altında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi demək olar ki, fəaliyyətsiz bir quruma çevrilib. Komitənin yerlərdəki şöbələrində rüşvətxorluq baş alıb gedir. Lap elə qurumun özündə də əyri işlərlə məşğul olan şəxslər yetərincədir. Komitənin fəaliyyətində üzə çıxan problemlərin məsuliyyətini isə birbaşa Qərib Məmmədov daşıyır. Ki, rəsmi dairələr sədrlə bağlı yaxın zamanlarda qəti qərarlarını açıqlayacaqlar. Diasporla İş üzrə Dövlət Komitəsinin işi də müsbət qiymətləndirilmir. Xaricdəki diaspor təşkilatları ilə istənilən səviyyədə münasibətlərin qurulmaması, lazımi təbliğat işlərinin aparılmaması yaranan problemlərin tərkib hissəsidir. Komitə rəhbəri Nazim İbrahimovun adı daha çox biznes işlərində çəkilir. Buna görə də sədrin vəzifə səlahiyyətlərinə xitam veriləcəyi gözlənilir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı da işinin öhdəsindən layiqincə gələ bilməyən məmurlardan hesab olunur. Bu sahədə meydana gələn bəzi qüsurların səbəbkarı məhz sədr özüdür. Bunu nəzərə alan hökumət rəsmiləri onun vəzifədən alınmasının tərəfdarıdır. Xətainin rəhbəri Razim Məmmədovla, Cəbrayılın icra hakimi Mahmud Quliyevin, o cümlədən Nəsimini viran qoyan icra başçısı Nəsib Məhəməliyevin törətdiyi əməllər isə göz qabağındadır. Bu haqda əlavə şərh verməyə ehtiyac yoxdur. Böyük ehtimalla adlarını çəkdiyim məmurlar tezliklə tutduqları vəzifələri itirəcəklər». \ gundelik baku \ Yazıda adı qeyd olunan bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |