Əsas Səhifə > Ölkə, Manşet > HANSI MƏMUR HANSI XƏSTƏLİKDƏN ƏZİYYƏT ÇƏKİR?

HANSI MƏMUR HANSI XƏSTƏLİKDƏN ƏZİYYƏT ÇƏKİR?


20-09-2013, 15:02
HANSI MƏMUR HANSI XƏSTƏLİKDƏN ƏZİYYƏT ÇƏKİR?
ONLAR DA XƏSTƏLƏNƏ BİLƏRLƏR... İNANIN!

DİA.AZ: - Kənardan bir çox məmurların həyat tərzi çox dəbdəbəli və rahat görünür. Onların malik olduqları iri pullar və lüks imkanlar sadə vətəndaşlarda belə rəy yaradır ki, məmurlarımız dərd-qəmsiz, qayğısız həyat keçirirlər. Bəs görəsən, bu, doğrudanmı belədir?

Zaman-zaman mətbuatda ayrı-ayrı vəzifəli şəxslərin səhhəti ilə bağlı məlumatlara rast gəlinir. Əlbəttə, bunda qəribə heç nə yoxdur: istəyir məmur olsun, istəyir olmasın, hər bir şəxsin sağlamlığında problemlər yaranması xeyli təbiidir. Sadəcə, bu və ya digər məmurun ictimai çəkisi olması belə informasiyalara ictimai maraq və diqqəti də doğurur.

Digər tərəfdən, bəzi hallarda məmurlarımızın sağlamlığındakı problemlər heç də hansısa təbii şərtlərdən qaynaqlanmır. Bəzi mütəxəssislər hesab edirlər ki, Azərbaycan reallığında hansısa vəzifəli şəxsin səhhətindəki problemlər həm də onların davamlı keçirdiyi müxtəlif hisslərin nəticəsidir.

Bir çox məmurların korrupsiyaya bulaşdığı, haqlarında kifayət qədər ciddi kompromatların olduğu sirr deyil. Həmin kompromatların üzə çıxması, ictimailəşməsi və ya vəzifələrini itirməklə nəticələnə bilməsi təhlükəsi belə məmurları daim təhdid etdikcə bu, onların sağlamlığında da tədricən öz mənfi təsirlərini göstərir.

Tibbi araşdırmalar göstərir ki, davamlı qorxu və stress altında olan insanlarda yuxusuzluq, dəri, mədə, təzyiq xəstəlikləri, soyuqdəymə, miqren, sümüklərlə bağlı bir sıra xəstəliklər, böyrək tarazlığı, tənəffüs pozğunluqları, allergiya, infarkt, beynində böyümənin meydana gəlməsi kimi ciddi səhhət problemləri meydana çıxır. Xüsusən xroniki stressin bədən funksiyalarını dəyişdirən zaman çox böyük zərərlərə səbəb ola bilər. Stressə görə bədəndəki adrenalin və kardiazol miqdari normal olmayan bir şəkildə yüksəlir. Uzun müddətli stress kardiazol hormonunun artması, bəzi xəstəliklərin - şəkər, ürək, yüksək təzyiq, xərçəng, xora, tənəffüs, dəri və həzm sistemi ilə bağlı xəstəliklərin gənc yaşda ortaya çıxmasına səbəb olur. Kardiazol yüksəkliyinin beyindəki hüceyrələri öldürməyə qədər təsir edir. Stressin səbəb olduğu xəstəliklər belə ifadə edilməkdədir: stress və stressin yaratdığı gərginlik və ağrı

arasında vacib bir bağlılıq vardır. Stressin səbəb olduğu gərginlik damarların daralmasına, beynin müəyyən hissələrində gedən qan axınının pozulmasına və o bölməyə gedən qanın bir xeyli azalmasına yol açır. Digər tərəfdən bir orqanın qansız qalması ağrıya səbəb olur. Çünki bir tərəfdən gərgin toxumanın daha çox oksigenə ehtiyac göstərməsi, digər tərəfdən toxumanın onsuz da qeyri-kafi qanla bəslənməsi xüsusi ağrı alıcılarını xəbərdar edər. Bu arada adrenalin və noradrenalin kimi stress arasında əsəb sisteminə təsir edən maddələr də ifraz olunar. Bunlar ətraflı olaraq əzələlərin gərginliyini artırır və sürətləndirir. Beləcə ağrı gərginliyə, gərginlik narahatçılığa, narahatçılıq da ağrının artmasına səbəb olur.

Şübhəsiz ki, xüsusilə rüşvət və korrupsiya sahəsində «fəal” olan məmurların daim özlərini qorxu və stressdə hiss etmələri gözləniləndir. Xüsusilə də son vaxtlar ölkədə korrupsiya ilə mübarizənin elan edilməsi, antikorrupsiya tədbirlərinin gücləndirilməsi, ölkə başçısının davamlı şəkildə harınlamış məmurlara kəskin xəbərdarlıqları bir çox vəzifəli şəxslərin yuxusunu qaçırır, onlarda daxili gərginlik, hər an ifşa olunmaq qorxusu yaradır. Belə daxili gərginlik və qorxunun isə özündən bədgüman olan müəyyən məmurların sağlamlığında yuxarıda sadalanan və sadalanmayan sağlamlıqla bağlı problemlərə yol açması qaçılmazdır.

Son bir neçə gündə YAP icra katibi Əli Əhmədovun qarşıdan gələn prezident seçkilərindən sonra ciddi kadr islahatlarının həyata keçiriləcəyi yönündə təkrarladığı bəyanatların da indidən xeyli məmuru stress və qorxuya saldığını söyləməmək mümkün deyil. Nəzərə alsaq ki, Azərbaycanda bir çox məmurların «vurulması” onların həm də illər ərzində qeyri-qanuni yollarla topladıqları sərvətlərin əhəmiyyətli hissəsinin də əllərindən alınması ilə yekunlaşır, bu zaman onların belə stress və qorxu yaşamasını anlamamaq çətin deyil.

Buradan belə nəticə çıxır: bəzi məmurlarımız sağlam olmaq istəyirlərsə. Əvvəlcə korrupsiya, rüşvət, süründürməçilik, özbaşınalıq kimi mərəzlərdən xilas olmalıdırlar. Ölkə rəhbərliyinin ardıcıl şəkildə səsləndirdiyi sərt xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar. Belədə nə onlar ifşa olunmaq, vəzifədən azad və həbs edilmək qorxusu, narahatlığı yaşayacaqlar, nə də həmin qorxu, daxili gərginlik onların sağlamlığında mənfi fəsadlara yol açacaq.

Geri qayıt