Əsas Səhifə > Ölkə > ÖZƏL BAĞÇA BİZNESİ
ÖZƏL BAĞÇA BİZNESİ17-01-2012, 13:13 |
BU GƏLİRLİ SAHƏDƏ KİMLƏR FİRONLUQ EDİR? 2012-ci ilin əvvəli məktəbəqədər təhsillə bağlı «islahat»larla əlamətdar oldu. Yeni İl ərəfəsində Nazirlər Kabinetinin qərarı ilə Təhsil Nazirliyinin balansında uşaq bağçaları yerli icra hakimiyyətlərinin (İH) sərəncamına verildi. Bundan bir neçə gün sonra Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) də idarə (müəssisə) uşaq bağçalarının da İH-nə verilməsi barədə qərar qəbul edildi. Turan-a Təhsil Nazirliyindən bildirildiyi kimi, əslində, fövqəladə heç bir şey baş verməyib, çünki bundan əvvəl də uşaq bağçaları yalnız formal olaraq nazirliyə məxsus hesab edilirdi, amma həqiqətdə icra hakimiyyətlərinin büdcəsindən maliyyələşdirilirdi. Ekspertlərin fikrincə, hadisələrin bu cür gedişi uşaq bağçalarının bağlanması, özəlləşdirilməsi və alınıb kommersiya strukturlarına satılmasından başqa yaxşı heç bir şeyə gətirib çıxarmayacaq. Belə ki, təkcə keçən il paytaxtda 60-a yaxın uşaq bağçası bağlanıb, onların yerində isə restoranlar tikilib. Bu barədə ölkə parlamentində dəfələrlə məsələ qaldırılıb. Məlum olduğu kimi, hal-hazırda ölkədə 3 növ - dövlət, idarə (müəssisə) və özəl - uşaq bağçası fəaliyyət göstərir. Dövlət uşaq bağçaları ödənişsiz adlandırılsa da, uşaqlarını buraya qoymaq üçün valideynlər bağça müdirlərinə qeyri-qanuni olaraq 100-150 manat, sonra isə hər ay tərbiyəçiyə, bağçadan asılı olaraq, ayda 5 -20 manat verməlidirlər. Bununla bərabər, həmin uşaq bağçalarının saxlanması şəraiti heç də kifayətləndirici deyil, elə buradakı qidalanmanı da çox yaxşı saymaq olmaz. İdarələrin nəzdindəki bağçaların, məsələn, Xəzər Dəniz Gəmiçiliyi və ARDNŞ-də olduğu kimi, saxlandığı şərait bir qədər bundan yaxşıdır. Amma əgər əvvəllər onlar ödənişsiz idisə və orada yalnız həmin idarələrdə işləyənlərin və onların yaxın qohumlarının uşaqları, nəvələri v. s. tərbiyə olunurdusa, son illər müəyyən məbləğə, demək olar ki, bu bağçalara hamını qəbul edirdilər . Övladları idarə bağçasında tərbiyə olunan Sona Əliyevanın Turan-a bildirdiyi kimi, uşaqları bu cür müəssisəyə qoymaq valideynlər üçün əlverişlidir, çünki özəl uşaq bağçalarında bu, xeyli baha başa gəlir. Bakının özəl bağçalarını 3 növə ayırmaq olar. Onlardan xidmətlərinin ən ucuz olduğu bağçalarda ödəniş ayda 300 manatdır. Bu, təqribən, dəyənin bir aylıq xidmətinin haqqıdır. Ödəniş məbləği 300-400 manat olan uşaq bağçaları həftədə 5 gün, saat 10.00-dan 18.00-a qədər işləyir. Burada uşaqlar gündə 3 dəfə yemək və məktəbəqədər təhsillə təmin olunurlar. Fəqət oyuncaqlarla təchiz olunma səviyyəsi burada çox da yaxşı deyil. Elə bu cür bağçalarda menyu da müxtəlifliyi ilə bir o qədər də fərqlənmir. Uşaq bağçalarının 2-ci kateqoriyasında aylıq ödəniş 600-700 manatdır. Burada uşaqlara keyfiyyətli yemək və məktəbəqədər təhsil verilməkdən başqa, onlara ingilis, bəzilərində isə fransız dili öyrədilir. Bu cür bağçaların nəzdində peşəkar tərbiyəçilər və xarici dil müəllimələri işləyirlər. Bu uşaq bağçaları həftədə 6 gün işləyir. İş günləri bağçalar saat 9.00-dan 18.00-a qədər fəaliyyət göstərir. Şənbə günü isə qısa gündür və uşaqları burada yalnız saat 15.00-a qədər saxlamaq olar. Son illər Bakıda ingilisdilli bağçaların sayı artmağa başlayıb. Burada, adətən, əcnəbilərin övladları tərbiyə alır, amma yerli uşaqlar da var. Bu cür bağçalarda ödəniş ayda 1000-1200 manat təşkil edir. Öncə nəzərdən keçirdiyimiz uşaq bağçalarından fərqli olaraq burada müəyyən metodikalar tətbiq olunur və onların formasına görə də bağçaları bir neçə kateqoriyaya bölmək olar Qeyd edək ki, yeni «Təhsil haqqında» Qanuna əsasən, uşaqların bağçaya qoyulması onlar məktəbə gedərkən irəli sürülən mühüm tələblərdən biridir Bundan başqa, psixoloqların fikrincə, bağçaya getmək uşaqların təkcə məktəbəqədər təhsil almaları üçün yox, həm də onların özlərini kollektivdə aparmaq vərdişlərinə yiyələnməsi, yaşıdları ilə ünsiyyət zamanı meydana çıxan müxtəlif çətinliklərə hazır olması baxımından vacibdir. Fəqət rəsmi məlumatlara görə, ölkədə uşaqların 75%-i məktəbəqədər müəssisələrə getmək imkanından məhrumdur. 2011-ci ilin sonuna respublikada 1 653 uşaq bağçası var idi və onlar cəmi 107 min uşağı əhatə edirdi. 3 milyon əhalisi olan paytaxtda cəmi 10 min uşaq üçün nəzərdə tutulmuş 308 uşaq bağçası fəaliyyət göstərir. Azərbaycanda orta aylıq əmək haqqının 350 manat olduğunu nəzərə alsaq, onda qətiyyətlə demək olar ki, ailələrin əksəriyyətinin övladlarını özəl uşaq bağçalarına qoymağa gücü çatmaz, dövlət uşaq bağçalarının taleyi isə çox şübhəlidir. Geri qayıt |