Əsas Səhifə > Ölkə > SAZ FIRILDAQ

SAZ FIRILDAQ


19-01-2012, 17:34
SAZ FIRILDAQ

SAZZ WiMAX-IN ŞİRNİKLƏNDİRİCİ REKLAM VƏDLƏRİ…

SAZZ WiMAX simsiz internet texnologiyaları şirkəti müştəri cəlb etmək üçün öz məhsullarını müxtəlif şirnikləndirici, reklam xarakterli kəlmələrlə təbliğ edir. Məsələn, şirkət iddia edir ki, SAZZ (4G İnternet) Azərbaycanda Mobile WiMAX texnologiya üzrə ilk və ən böyük simsiz sürətli internet şəbəkəsidir. Bu texnologiya hər məkanda, hər an, hər əhatə zonasında internetə saatda 120 km qədər sürətlə 10 Mbit/s-ə daxil olmanı təmin edir! SAZZ 4G xidməti Bakı və Bakı ətrafını əhatə edir. SAZZ 4G Şəbəkəsi IEEE 802.16e-2005 standartlarında 3,5-3,6 Ghz tezlik diapazonda işləyir.

SAZZ-ın reklamı zamanı həmçinin, “Simsiz internetin sürətində birinciyik!” kimi şüarlardan da istifadə edilir. Halbuki bu, çox böyük ifadədir və mənası da bütün mobil operatorlardan, internet provayderlərindən və mobil internet təchizatçılarından üstün olmaq deməkdir. Əslində bu, özlüyündə qeyri-dəqiq reklamdır. Fikirlərimizi Reklam haqqında Azərbaycan Respublikasının müvafiq Qanunu ilə əsaslandırmağa çalışacağıq.

Beləliklə, sözügedən qanunun 8-ci maddəsində göstərilir: Qeyri-dəqiq reklam. Aşağıdakılar barədə həqiqətə uyğun olmayan məlumatları əks etdirən reklam qeyri-dəqiq hesab olunur: Sənədli şəkildə təsdiqlənmədiyi halda “ən”, “yalnız”, “təkcə” və bu kimi digər terminlərdən istifadə edildikdə, qeyri-dəqiq reklama yol verilmir. Qanundan da göründüyü kimi, «№ 1» ifadəsinin istifadəsi hər hansı bir sənəd ilə sübut olunmalıdır. Nəticə olaraq belə qənaətə gəlmək olar ki, SAZZ WiMAX simsiz internet texnologiyaları şirkəti reklam auditoriyasını aldadır. Bu isə, istehlakçı hüquqlarını tapdalamaqla yanaşı, biznes etikasına da heç yaraşmır.

Şirkət rəsmilərinin açıqlamalarında bildirilir ki, SAZZ sizə interneti daha əlçatan etməyə kömək edəcək. Harada olduğunuzdan asılı olmayaraq — evdə, işdə, avtomobilinizdə, istirahətdə — əhatə zonasında şəbəkə hər zaman xidmətinizdədir. Elektron poçtu oxumaq və ya musiqi dinləmək, sosial şəbəkələrdə ünsiyətdə olmaq, online-video baxmaq və ağır faylları yükləmək üçün siz seçiminizdə azadsınız və nə trafik, nə də ki, vaxt etibarı ilə məhdudiyyət olmayacaq. SAZZ yalnız əlçatan limitsiz tarif təklif edir — siz təsbit edilmiş qiymət ödəyib internetdən həzz alırsınız. Şəhərin müxtəlif yerində qoşulmaqla şəhərin müxtəlif rayonlarında əhatə zonalarında maneəsiz Sazz — 4G simsiz internet-dən istifadə edə bilərsiniz.

Sözün açığı, bu cür reklamdan sonra biz də, yəni Bizimxeber.az portalının əməkdaşları qərara gəldik ki, SAZZ-ın xidmətlərindən yararlanaq və şirkətin də reklamında qeyd olunduğu kimi əlçatan limitsiz tarifdən, sürətli internetdən həzz alaq. Bunun üçün ilk öncə 65 manata USB modem aldıq və aylıq ödəniş kimi 25 manat ödədik. Ümid edirdik ki, əvəzində sürəti 10 mb/s olan limitsiz internet əldə edəcəyik. Lakin SAZZ-ın nəzərdə tutulmuş imkanları bizim qane etmədi. Belə ki, modemi işə saldıqdan bir müddə sonra 10 mb/s olan limitsiz internet əldə edəcəyimizi ümid etsək də, «sürətli» internet axsamağa başladı.

Qeyd edək ki, redaksiyamızın yerləşdiyi ərazi (Qara Qarayev metrostansiyasının yaxınlığı) SAZZ-ın əhatə dairəsindədir. Və elə buna görə də biz də ödədiyimiz məbləğin əvəzində sürəti 10 mb/s olan limitsiz internet əldə etməliydik. Lakin gün ərzində dəfələrlə cəhd etməyimizə baxmayaraq, 10 mb/s-lik sürəti görə və ondan istifadə edə bilmədik. Buradan belə qənaətə gəlmək olar ki, SAZZ WiMAX-ın istehlakçılara təqdim etdiyi reklamlar sadəcə şirnikləndirici vədlərdən başqa bir şey deyil.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt