Əsas Səhifə > Ölkə > "RUSİYADA İNQİLAB OLA BİLƏR"

"RUSİYADA İNQİLAB OLA BİLƏR"


21-01-2012, 14:20
"RUSİYADA İNQİLAB OLA BİLƏR"

"ERMƏNİSTAN DAHA GÜCLÜ DÖVLƏTİN "AĞUŞUNA ATILACAQ"

Rusiyada baş verən son olaylar dünya ictimaiyyəti, eləcə də analitiklər tərəfindən diqqətlə müşahidə edilməkdədir. Şimal qonşumuzda baş verən proseslərlə bağlı ən müxtəlif şərhlər verilir. Cərəyan edən hadisələrin nəticələri ilə bağlı çeşidli proqnozlar verilir.

Rusiyadakı proseslər Azərbaycanda da diqqət və narahatlıqla izlənilməkdə, orada başverənləri Azərbaycana da ciddi təsirlərinin olacağı iddia olunmaqdadır.

Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Univesitetin tarix fakültəsinin dosenti, tarixçi Kərəm Məmmədov da hesab edir ki, arıtq Rusiyada ciddi dəyişikliklər üçün zəmin yetişib.

- Kərəm müəllim, Rusiyada baş verən son hadisələri təhlil edən bir sıra analitiklər hesab edirlər ki, Rusiya inqilabi proseslərə hamilədir. Siz necə düşünürsünüz?

- Bu hadisələrə qiymət vermək üçün ilk öncə tarixi prosesə nəzər salmaq lazımdır. Təhkimçilik hüququnun uzun müddət mövcud olduğu ölkələrdə həmişə "insaflı monarx" obrazı yaradılır. Rusiyada təhkimçilik 1497-1861-ci illərdə mövcud olmuşdur. 1861 - ci ildə II Aleksandr kəndlilərə azadlıq "əta" elədi. Rusiya tarixinə nəzər salsaq, əraziləri ildən ilə astronomik sürətlə "şişən" bu ölkədə tarixi boyu 3 dəfə kəndli çıxışı (İvan Bolotnikov, Stepan Razin və Yemelyan Puqaçov), 1 dəfə zadəganların (dekabristlər) çıxışı, 2 dəfə isə burjua-demokratik inqilabı baş verib. Kəndli çıxışlarının sonuncusu və zadəganların məhz "ədalətli monarx" uğrunda aparılırdı. İlk burjua-demokratik inqilabı (1905-1907) da elə "ədalətli monarx"a inamın sarsılması ilə başladı. Yəni keşiş Qaponun fitvası ilə ac-yalavac fəhlələr "çar ata"larından xahişə gedərkən" gülləbaran edildilər. I Nikolay öz siyasətini yumşaltmağa məcbur olaraq dumaların çağrılmasına icazə verdi. Əslində isə inqilabın əsas səbəbi Rusiyanın özünün ən kiçik quberniyası boyda olan Yaponiyaya qarşı müharibədə uduzması idi.

Hər iki halda Rusiya çarının sərt siyasətlərini yumşaltmalarına 1853-56-cı illərdə Krım savaşında və 1904-1905 rud-yapon savaşında uduzması xeyli təsir göstərmişdi.

Hazırda da Rusiyanın xarici siyasətdə dalbadal məğlubiyyətləri - Avropadan çıxdaş edilməsi, Yaxın Şərqdə İraq və Liviya (Libi) kimi müttəfiqlərini itirməsi, İrana gerçək yardım edə bilməməsi, Qafqazlarda ən kiçik quberniyasından bir neçə dəfə kiçik olan Gürcüstana qarşı yeritdiyi yarıtmaz siyasət onu get-gedə cılızlaşdırır. Bu isə əslində "velikorus" şovinizminin körüklənməsinə səbəb olur. Rusiyada baş verə bilcək "inqilab"ın əsas səbəbi bu ola bilər.

- Siyasi şərhçilər açıqlamaların əgər bu ölkədə dəyişikliklər baş verərsə, muxtar vilayətlərdə mərkəzdənqaçma meylləri güclənəcəyini qeyd edirlər. Rusiyanı bu vəziyyət gözləyirmi?

- Şimali Qafqaz istisna olmaqla Rusiyada hazırda hər hansı etnik zəmində qarşıdurma mövcud olmadığından onun muxtar qurumlarında mərkəzdənqaçma meylləri olmayacaq. Hakimiyyət dəyişikliyi baş versə, sadəcə bölgələrdə Moskvada hakimiyyətə gələn qüvvələrin nümayəndələri təmsil olunacaq.

- Kərəm müəllim, ümumiyyətlə, Rusiyada demokratik proses dalğası başlasa, Cənubi Qafqaz bölgəsinə hansısa bir formada təsir edə bilərmi?

- Cənubi Qafqaza gəldikdə isə onun buradakı yeganə dayağı olan Ermənistan Rusiya zəiflədiyi halda məmnuniyyətlə daha güclü bir dövlətin "ağuşuna atılacaq". Bununla bağlı 1990-cı ildə Leninqradda oxuyarkən bir rus dostumla etdiyim zarafat yadıma düşdü. O vaxt rus dostuma demişdim: "Rus ayısı pəncələrini Qafqaz, Orta Asiya və Baltikyanı ölkələrinin qanına bulamaqdansa niyə bu pəncələri ilə öz bit basmış dərisini qaşımır? O isə mənə Bulqakovun sözü ilə cavab vermişdi: "1917-ci ildə ruslar taxtdan çarı yıxdılar, Lakin beyinlərindəki çar yıxılmadıqca ruslar demokratiya nə olduğunu bilməyəcəklər".


Geri qayıt