Əsas Səhifə > Ölkə, Manşet > RAMİL USUBOVUN SÖZÜNÜ KİM YERƏ SALIB?
RAMİL USUBOVUN SÖZÜNÜ KİM YERƏ SALIB?24-01-2012, 16:27 |
NAZİRİN GÖSTƏRİŞİ İLƏ HƏBS OLUNAN ADAM NECƏ OLDU Kİ, AZADLIĞA ÇIXDI? DİA.AZ: - Bu gün Elman və Arifə Əliyevalar başlarına gətirilən oyunlarla bağlı mətbuat konfransı keçiriblər. Mətbuat konfransında məlum olub ki, Nəsimi rayonu S. Rəhimov küçəsi 192 ünvanda yerləşən “Xudafərin” MMC-nin balansında olan ticarət obyektləri 1994-cü ildən bu ailəyə məxsusdur. Sözügedən obyektdə 2010-cu ilin 5 avqustunda yanğın baş verib. FHN-nin komissiyasının rəyinə əsasən təyin edilib ki, yanğın qəsdən törədilib. Yanğınla bağlı cinayət işi Nəsimi Polis İdarəsinə göndərilsə də, bu günə qədər heç bir araşdırma aparılmayıb. Yanğın hadisəsindən 5 gün sonra Əliyevlər ailəsinə 2 nəfər yaxınlaşaraq obyekti təmir etmək və hər ay aylıq icarə haqqını vermək niyyətində olduqlarını söylədilər. Sonradan tərəflər arasında 2010-cu ilin 10 avqustunda icarə müqaviləsi bağlanıb. Müqavilənin şərtinə görə, obyekti icarəyə götürən “ARİZ-N” MMC-nin direktoru Mehman Həsənov hər ay 3 min manat ödəməyi üzərinə götürüb. Ancaq obyekt tam təmir edildikdə və fəaliyyətə başlamasına baxmayaraq bu günə qədər mülkiyyətçilərə icarə pulu ödənilməyib. Mülkiyyətçi Arifə Əliyeva bildirib ki, hər dəfə icarə haqqını tələb etdikdə Mehman Həsənov bəyan edib ki, onun arxasında general Vilayət Eyvazov, Nəsimi polis idarəsinin sabiq rəisi Məmməd Mikayılov, Xətai rayon prokuroru Yusif İldırımzadə durur: “İcarəçi bizə açıq dedi ki, adı çəkilən vəzifəli şəxslərin vasitəsilə obyektimizi əlimizdən alacaq. 2011-ci ilin yanvarından obyektimizi zəbt etdi. Hətta biz öyrəndik ki, onlar obyektimizi başqalarına icarəyə verib. Tələb etdik ki, qanunla Bakı meriyasının bizə verdiyi obyekti tərk edin. Bundan az sonra, 2011-ci ilin fevralın 21-də oturduğumuz əraziyə 25 polis əməkdaşı, eləcədə Mehman Həsənovun yaxınları toplaşdı. Onlar bizim üzərimizə hücum etdilər, məni, qızlarımı və həyat yoldaşımı yerlə sürüdülər. Bundan sonrada bizə qarşı saxta cinayət işi açıldı və biz günahkar hesab edildik. Nəsimi rayonunda açılan cinayət işində bizə qarşı qərəzin olduğunu gördükdən sonra tələb etdik ki, bu işi başqa yerə göndərsinlər. Sonradan iş Bakı Baş Polis İdarəsinə göndərildi. Burada işi müstəntiq Məmmədağa Əhmədova tapşırıldı. İndi müstəntiq hər gün bizə zəng edərək deyir ki, fikrinizdən vaz keçin, mülkiyyətinizdə olan ərazini ucuz qiymətə satın, Yusif İldırımzadədən halallıq alın””. Arifə Əliyeva bildirib ki, sonda məcbur olub məhkəməyə üz tutublar. Əvvəlcə Nəsimi məhkəməsində iddia qaldırıblar. Sonradan iş 1 saylı İnzibati İqtisad Məhkəməsinə göndərilib. İddiamızda tələb etmişik ki, Mehman Həsənovun obyektimizdə qeyri-qanuni ticarətinə qadağa qoyulsun. Məhkəmə bizim iddiamızı təmin edib və qərarın dərhal yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Ancaq bundan az sonra Yusif İldırımzadənin hüquqşünası Rizvan Rzayev gələrək bizə dedi ki, sizə nə verirlərsə alın və razı olun, məhkəməni udmağınız hələ obyektin sizin olduğu anlamını vermir. Həmdə məhkəmənin qərarından Mehman Həsənov Ali Məhkəməyə şikayət edib. Mehman Həsənov bizə bildirdi ki, 30 min manat rüşvət verib Ali Məhkəmədə udacaq. Bizdə narahat olduq və Ramiz Rzayevin qəbuluna düşdük. Ramiz Rzayev dedi ki, haqq sizin tərəfinizdədir. Ancaq Ali Məhkəmədə hakim Şahmurad Hidayevin sədrliyi ilə kassasiya şikayətinə baxılıb və cavabdeh Mehman Həsənovun xeyrinə məhkəmə aktı qəbul edib. Sonradan onu da aydınlaşdırdıq ki, kassasiya şikayətinə əlavə olunan və hakim Şahmurad Hidayev bizi məlumatlandırmayan işə baxıb. Bundan sonra Ali Məhkəmə Nəsimi rayon məhkəmə icraçılarına məktub göndərib ki, Mehman Həsənovun fəaliyyət göstərməsinə imkan yaradılsın. Bu işlərin arxasında duran qüvvələr bütün proseslərə təsir göstərirlər. Hətta iş o yerə çatıb ki, vəkilimiz İlham Əsədov təhdid edildiyi səbəbindən tədbirə gəlməyib”. Qeyd edək ki, Əliyevlər ailəsi daxili işlər naziri Ramil Usubovun qəbuluna da düşüb. Nazir Ramil Usubov onları qarşı tərəfin iştirakı ilə oktyabrın 11-də qəbul edib. Arifə Əliyeva problem haqqında məlumat verib, qanunların işləyəcəyi halda haqlı olacağını bildirib. Bu zaman Mehman Həsənov isə nazirə deyib ki, anası onunla bir sinifdə oxuyub. Nazir isə cavab verib ki, bu Mehman Həsənova haqq vermir ki, qanunsuz iş görsün. Tərəfləri dinləyəndən sonra nazir Mehman Həsənovu tanıdığını, bu şəxsin “Gəmiqaya” adlı restoranda işlədiyini və qardaşı Mütəllimin adından yalandan istifadə etdiyini deyib. Nazir Mehman Həsənovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmasını və məsələnin diqqətlə araşdırılması göstərişini verib. Ancaq kimlərinsə köməyi ilə Mehman Həsənov iki gündən sonra azadlığa çıxaraq fəaliyyətini davam etdirməyə başlayıb. Bu gün Akifə və Elman Əliyevalar prezidentə, ölkənin birinci xanımına müraciət edərək onlardan kömək istədiklərini bildiriblər. Həmçinin deyiblər ki, bu obyekt qanunla onlara məxsusdur və səlahiyyətli şəxslərin bu təhdidlərinə təslim olmayacaqlar. Onlar sadəcə haqqın təmin olunmasını və onlara məxsus olan bu ərazini heç kimə hədiyyə etmək niyyətində olmadığını vurğulayıblar. Geri qayıt |