Əsas Səhifə > Ölkə > ZİYA MƏMMƏDOV QANUNLARLA “PRİKOL TUTUR”

ZİYA MƏMMƏDOV QANUNLARLA “PRİKOL TUTUR”


25-01-2012, 12:42
ZİYA MƏMMƏDOV QANUNLARLA “PRİKOL TUTUR”

NN TAKSİ AVTOMOBİLLƏR ÜÇÜN STANDARTLARLA OYNAYIR

Nəqliyyat Nazirliyi 14 ay ərzində taksi xidməti göstərən avtomobillər üçün dövlət standartı tətbiqi işinin öhdəsindən gələ bilməyib. Bu məsələni əlüstü həll etmək istəyən Nazirliyin qərarından narazı olan taksi sürücüləri ilə bu yaxınlardakı qarşıdurma da bunu göstərdi. Nazirlik 2010-cu ildə qəbul edilib həmin ilin 20 dekabrında tətbiq edilməli olan standartların tələbini də pozdu. Bu gün məlum olub ki, Nəqliyyat Nazirliyi təkcə 2007-ci ildən sonrakı buraxılış minik avtomobillərinin lisenziyalaşdırılması tələbindən geri çəkilib. Maraqlıdır ki, bu tələb standartlarda əksini tapmayıb və bunu Nazirliyin "şıltağı" kimi qəbul etmək olar. Məhdudiyyət yalnız Rusiya istehsallı avtomobillərə aid edilir. Amma bu da dövlət standartının tələbinə uyğun deyil. Bu standartlara görə, müxtəlif şəhərlərdə taksilər müxtəlif rəngdə - Bakıda bənövşəyi, Sumqayıtda ağ, Gəncədə boz və s. olmalıdır. Şəhərlər arası taksilər albalı rəngində olmalıdır.

Nəqliyyat Nazirliyi niyə təkcə Bakıda taksiçilərə təzyiq olunduğuna aydınlıq gətirmir: başqa şəhərlərdə onlar köhnə qayda ilə işləyir. Hər şeydən görünür ki, bu məsələdə "Avroviziya-2012" festivalı rol oynayıb. Hökumət bu yolla küçələri "Jiquli" taksilərdən təmizləmək istəyir. Taksiçilər deyir ki, şəxsi görüşlər zamanı Nəqliyyat Nazirliyinin əməkdaşları onlara təklif edirlər ki, London Taxi-yə otursunlar. Amma maliyyə şərtləri onları qane etmir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2010-cu ildə taksilərin xarici və daxili tərtibinə də tələblər qoyub. Taksilərdə taksometr və GPS cihazları qoyulmalıdır.


Geri qayıt