Əsas Səhifə > Ölkə > ABU-NUN TƏLƏBƏLƏRİ YERLƏŞDİRİLİR
ABU-NUN TƏLƏBƏLƏRİ YERLƏŞDİRİLİR27-01-2012, 16:49 |
BUNUNLA BAĞLI TƏHSİL NAZİRLİYİ SORĞULAR YOLLAYIB 2010-cu ildə Təhsil Nazirliyi tərəfindən lisenziyası ləğv edilərək qapadılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) bir qrup tələbəsi kənarda qaldı. ABU bağlanandan sonra onlarla tələbə heç bir ali məktəbə yerləşdirilmədi, bir qrup məzun isə dipomla təmin olunmadı. Təhsil Nazirliyinin özəl universitetlər üzrə kuratoru İlyar Vahabov Modern.az-a bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi test imtahanları ilə 2004-cü ilə kimi ABU-ya qəbul olunan bütün tələbələr digər özəl ali məktəblərə yerləşdirilib. İ.Vahabovun sözlərinə görə, ABU-nun Dağıstan filalından qanunsuz yolla Bakıya köçürülən tələbələrin işlərinə baxılmır, Moskva filalı ilə bağlı sorğular alınır, ərizələr göndərilir. Əgər sorğulara müsbət cavab gəlsə, onların da yerləşmə məsələsinə baxılacaq. 2010-cu ilədək ABU-da oxuyan, universitet bağlanandan sonra kənarda qalan tələbələrin Avropa Məhkəməsinə şikayət etməsinə nazirlik rəsmisinin cavabı belə olub: “Həmin tələbələrin nə hüququ var ki, Avropa Məhkəməsinə şikayət edir? Qanunsuz yolla ali məktəbə qəbul olunan, yaxud da qanunsuz yolla ABU-ya köçürülən tələbəni əlbəttə Təhsil Nazirliyi kənarda qoyacaq. Hökümətin qayda-qanunu var, tələbələr bir yolla ali məktəbə qəbul olmalıdırlar. Sizin dediyiniz şikayətçilər ABU-ya qanuni yolla qəbul olunmayanlardır. İndi gedib deyirlər ki, “biz qanunsuz qəbul olunmuşuq, amma hüququmuzu təmin edin””. Lakin İ.Vahabov ABU-nun keçmiş tələbələrindən neçə nəfərin başqa universitetlərə yerləşdirildiyi və neçə nəfərin kənarda qaldığına dair statistikanı açıqlamayıb. Qeyd edək ki, ABU Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 204s saylı qərarı ilə qeydiyyatdan keçərək özəl ali məktəb statusu alıb. ABU-nun fəaliyyəti 2010-cu ilin sentiyabr ayında dayandırılıb. Bununla bağlı 2010-cu il sentyabrın 1-də təhsil naziri Misir Mərdanov əmr imzalayıb. Geri qayıt |