Əsas Səhifə > Ölkə > İRANIN RUSİYADAKI SƏFİRİ DƏ BİZİ "QARALADI"

İRANIN RUSİYADAKI SƏFİRİ DƏ BİZİ "QARALADI"


8-02-2012, 18:35
İRANIN RUSİYADAKI SƏFİRİ DƏ BİZİ "QARALADI"

“AZƏRBAYCANLI DEPUTATLAR ÇOX VAXT ƏLEYHİMİZƏ DANIŞIR”

“İranın rəsmi dövlət KİV-də Azərbaycan əleyhinə heç bir ittiham səslənməyib”. APA-nın Moskva müxbirinin məlumatına görə, bu sözləri bu gün Moskvada İran İslam Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Mahmud Reza Səcədi “Ria Novosti” agentliyində keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, İranda özəl KİV-də Azərbaycan əleyhinə ittihamlar səslənir: “Bu İran dövlətinin mövqeyi deyil. Özəl KİV nəyi doğru hesab edirlər, onu da verirlər. Əsas İran rəsmilərinin fikirləridir. İran rəsmiləri də heç vaxt Azərbaycan əleyhinə fikirlər səsləndirməyiblər. Çox vaxt Azərbaycan parlamentinin deputatlarından İran əleyhinə ittihamlar səslənir. Biz başa düşürük ki, bunlar Azərbaycan dövlətinin mövqeyi deyildir. Ona görə də, azərbaycanlı dostlarımız bizdən inciməməlidirlər. Əmin edirəm ki, rəsmi dövlət KİV-də Azərbaycan əleyhinə ittihamlar səslənsə, biz bu səhvi düzəldərik”.

«Azərbaycan dövləti ABŞ İrana müharibə elan edəcəyi təqdirdə öz ərazisindən hücum etməyə icazə verməyəcəyini söyləyib. Bunun müqabilində İran dövləti əhalisinin çox hissəsini təşkil edən azərbaycanlılarının hüquqlarının müdafiəsində nəsə dəyişiklik edəcəkmi» sualına cavabında səfir heç bir dəyişiklik olmayacağını bildirib: “İranda bütün etnik qrupların hüquqları müdafiə olunur. Bunun ən yaxşı göstəricisi İranın ali dini lideridir. O, əsl azərbaycanlıdır. Bu onu göstərir ki, azərbaycanlılar hakimiyyətdə necə təmsil olunurlar. İranda Azərbaycan dilində televiziya və radio da fəaliyyət göstərir. İranın 1-ci kanalında hər həftənin 5-ci günü Azərbaycan dilində verilişlər efirə gedir”.


Geri qayıt