Əsas Səhifə > Ölkə > HAKİMİYYƏTƏ “AVROVİZYA” ÖNCƏSİ ALMAN ŞİLLƏSİ

HAKİMİYYƏTƏ “AVROVİZYA” ÖNCƏSİ ALMAN ŞİLLƏSİ


9-02-2012, 16:27
HAKİMİYYƏTƏ “AVROVİZYA” ÖNCƏSİ ALMAN ŞİLLƏSİ

«DER SPIEGEL» AZƏRBAYCANI AĞ YUYUB, QARA SƏRDİ

Almaniyanın «Der Spiegel» jurnalı Azərbaycanda «Eurovision-2012» mahnı müsabiqəsindən qabaq mülkiyyət hüquqları barədə məqalə dərc edib.

Müəllif Stefan Niggemeier yazır ki, Azərbaycan hökuməti bu müsabiqəyə ev sahibliyi etməklə öz imicini cilalamaq istəyir. Amma insan haqları fəalları ölkədə bu sahədəki pozuntulara diqqət çəkirlər. Ortada çıxılmaz vəziyyətdə qalanlar isə bu «qeyri-siyasi» tədbirin təşkilatçılarıdır.

ƏN YAXŞI GÖRÜNTÜ BAYILDAKI BİNADANDIR

«Eurovision-2012» mahnı müsabiqəsinin keçiriləcəyi arenanın ən yaxşı görüntüsü «Aqil Quliyev küçəsi, 5»dəki binanın 9-cu mərtəbəsindən çəkilə bilər. Azərbaycanın ən böyük bayrağı düz binanın qarşısındadır. Bayraq Meydanının digər tərəfində isə «Baku Crystal Hall» tikilir.

«Ancaq bu mənzərədən zövq alan yoxdur. Binanın 9-cu mərtəbəsində pəncərələr sökülüb. Hər yer söküntüdür. Künclərdə qar komaları əmələ gəlib. Binanın lap yanında kran quraşdırılıb, istənilən vaxt işə hazırdır.

Yəqin tezliklə evin damı söküləcək və yağıntı düz aşağı mərtəbədə yaşayanların mənzillərinə düşəcək». (Artıq binanın damı sökülməkdədir)

«Der Spiegel» yazır ki, «Aqil Quliyev küçəsi, 5»dəki bina bir simvola çevrilib. O, neft bumu yaşayan şəhərin özünü necə qəddarlıqla Qərb şəhərlərinə, hətta Dubaya oxşatmasının təcəssümüdür. Bu bina həmçinin korrupsiyaya uğramış bir ölkədəki özbaşınalıqları göstərir. Bu ölkədə hüquqlar ancaq kağız üstündədir.

TƏŞKİLATÇILARIN İKİLƏŞƏN MÖVQEYİ

Mahnı müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi bu binada baş verənlərə görə məsuliyyət daşımır. Onlar təkid edirlər ki, heç kəsdən yeni bina tikməyi, köhnə binaları sökməyi xahiş etməyiblər. İndi isə onlar deyirlər ki, «Crystal Hall»u müsabiqə üçün seçiblər. Onlar həmçinin əlavə edirlər ki, Bakıda mövcud strukturların sökülməsini tələb edən inkişaf planı Azərbaycan ötən may müsabiqədə qalib gəlməmişdən əvvəl hazırlanıb.

«27 yaşlı niderlandlı sahibkar və motivasiya kitabının müəllifi Sietse Bakker müsabiqə təşkilatçılarının sözçüsüdür. O, soyuqqanlıqla özünü bütün bu mübahisələrdən kənar tutsa da, sonda lap Azərbaycan hökumətinin sözçüsü kimi danışır. Deyir, evlərindən köçürülənlərlə ədalətli kompensasiya alırlar».

Amma heç də hamı onunla razı deyil. Həmin binada yaşayanlar deyirlər ki, ancaq qanuni kompensasiyalarını istəyirlər. Sakinlər sənədlərinin surətlərini də çıxarıblar. Mənzillərinin sahəsinin düzgün hesablanmadığını deyirlər. Qəzəb, bəzən də göz yaşı içində danışırlar.

Müəllif yazır ki, məcburi köçürülmələr təkcə «Eurovision» müsabiqəsi ilə bağlı deyil. «Human Rights Watch»un Avropa və Orta Asiya bölümünün direktor müavini Rachel Denber deyir ki, bu tədbir dar macalda sakinlərlə pis rəftarı daha da gücləndirib.

SONUNCU BİNA, GÜL LƏKİ, MEHMANXANA

Azərbaycanlılar üçün nəhəng televiziya şousu hazırlayacaq «Brainpool» alman şirkətinin rəhbəri Jörg Grabosch deyir ki, «Eurovision» arenasının tikintisinin sürəti ancaq tərifəlayiqdir. «Bina itkisi faciə deyil». Onun fikrincə, boz yaşayış binaları elə də yaraşıqlı görünmür.

Müəllif yazır ki, bu müsabiqəyə ev sahibliyi etmək hüququnu qazanmaq Azərbaycan üçün çox mühüm idi.

Müxalifətin «mafiya» kimi təsvir etdiyi avtoritar rejim üçün bu, bir çevriliş idi. Azərbaycan xalqında təəssürat yaratmaq və milli qürur hissini gücləndirmək üçün.

«Der Spiegel» daha sonra yerli hüquq müdafiəçilərindən Leyla Yunusun ölkədə insan haqlarının vəziyyətinə dair fikirlərini dərc edib. Ancaq bu qətiyyətli qadının ofisini də ötən il dağıdıblar. O, həmin vaxtdan bəri depressiya ilə mübarizə apardığını deyir.

Müsabiqənin avropalı təşkilatçıları isə tədbirin «qeyri-siyasi» olduğunu deyirlər, rejimi açıq tənqid etməkdən çəkinirlər. Məntiq sadədir: təşkilatçılar doğrudan da tədbirin müsbət təsirinə inanırlar.

Ancaq nə baş verirsə-versin, yəqin ki, müsabiqə vaxtı «Aqil Quliyev küçəsi, 5»dəki binanın yerində gül ləki salınacaq. Bundan sonra, ola bilsin, bu ərazidə başqa bir mehmanxana tikilsin. Hər halda, fantastik mənzərə olacaq.


Geri qayıt