Əsas Səhifə > Ölkə, Manşet > HEYDƏR BABAYEVİN DURUMU QƏLİZDİR

HEYDƏR BABAYEVİN DURUMU QƏLİZDİR


13-02-2012, 16:16
HEYDƏR BABAYEVİN DURUMU QƏLİZDİR

MƏHBƏSƏ DAHA BİR İQTİSADİ İNKİŞAF NAZİRİ GÖNDƏRİLƏ BİLƏR

DİA.AZ: - 2008-ci il seçkisindən sonra vəzifəsini itirən ilk iri məmur iqtisadi inkişaf naziri Heydər Babayev oldu. Bəlli oldu ki, uzun müddətdən bəri, xüsusilə də seçki kampaniyası dövründə onunla bağlı aparılan kampaniya səbəbsiz deyilmiş və nəticəsiz qalmadı. Bu, tamam başqa bir mövzunun söhbətidir. Hələlik isə ona diqqət edək ki, son günlər Heydər Babayevlə bağlı məsələ yenidən gündəmə gətirilir və hətta onun nazir olduğu dönəmin müvafiq dövlət qurumları tərəfindən araşdırıldığı da söylənilir.

Hətta gələn məlumatlarda deyilir ki, H.Babayev yaxın günlərdə həbs oluna bilər. Lakin çoxları bunu inandırıcı saymır. Belə arqument ortaya qoyulur ki, əgər iqtidarın H.Babayevi tutmaq niyyəti olsaydı, onu vəzifədən azad etməmiş həbs edərdilər. Yəni onu vəzifə başında ikən korrupsiya və rüşvətxorluqda suçlayıb, divident qazanmağı düşünərdilər. Lakin görünür, onu həbsə atmaq niyyətləri yoxdur.

Xatırladaq ki, neçə müddətdir H.Babayevin nəzarətində olan biznesin onun əlindən alınması prosesi gedir. H.Babayev isə buna müqavimət göstərmək imkanlarında deyil. O, daha acı aqibətlə üzləşməmək üçün sərvətlərini tədricən təhvil verməkdədir. Həmçinin H.Babayevin vəzifədə olan qohumlarının bir-bir “vurulmasıı” da məlumdur. Bir müddət əvvəl hətta belə bir məlumat da yayılmışdı ki, H.Babayevin qardaşı, Neft Bazasının rəhbəri Yaşar Babayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu məlumatı dəqiqləşdirmək mümkün olmasa da, Yaşar Babayevin ətrafında hansısa oyunların qurulacağına şübhə yoxdur. Hər halda, araşdırma, yoxlama aparılarsa, Neft Bazasında kifayət qədər yeyinti faktları üzə çıxarmaq olar. Digər tərəfdən, Yaşar Babayevin əlindəki obyektlərin də digər məmurların nıəzarətinə keçməsi belə bir rəy yaradır ki, deyilənlər həqiqətə uyğundur.

Bu proseslərin H.Babayevin mövqeləri tamamilə zəifləyənə, fantastik sərvətləri əlindən alınana qədər davam edəcəyi şübhə doğurmur. Təcrübədən çıxış edib söyləmək olar ki, əgər bu proseslərin gedişində keçmiş iqtisadi inkişaf naziri hansısa bir müqavimət göstərməsə, onu bütün imkanlardan məhrum etdikdən sonra hətta həbsinə də qərar verə bilərlər.

Onu da bildirək ki, Heydər Babayev heç bir müqavimət göstərmir. Hətta Bakıdakı əmlakını da satışa çıxarıb. Və bu yöndə müəyyən alqı-satqı da həyata keçirilib. Bu barədə “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) daxil olan son məlumatlarda deyilir ki, Heydər Babayevin həbsi həqiqətən də gündəmdədir: “O, əslində sakit şəkildə geri çəkildi. Amma rəqiblərini hətta bu sükut da qane etmir. Və sabiq nazirin qollarının qandallanmasına təşnə kəsiliblər”.

Xatırladaq ki, artıq məhbəsdə bir iqtisadi inkişaf naziri var. Söhbət Azərbaycanın ilk iqtisadi inkişaf naziri olmuş Fərhad Əliyevdən gedir. Və əgər Heydər Babayevin də qolları qandallanarsa, bu olay böyük rezonansa nədən olacaq. Onu da xatırladaq ki, Heydər Babayevin Kremlə yaxın iqtisadi çevrələrlə əlahiddə əlaqələri mövcuddur.


Geri qayıt