Əsas Səhifə > Araşdırma > “MƏRHUM JURNALİSTLƏRDƏN SEÇMƏLƏR”

“MƏRHUM JURNALİSTLƏRDƏN SEÇMƏLƏR”


15-02-2012, 14:36
“MƏRHUM JURNALİSTLƏRDƏN SEÇMƏLƏR”

ELÇİN SƏLCUQ YAZIRDI...

Müstəqil Azərbaycan mətbuatının tarixində özünəməxsus istedadı, yazı tərzi, fərqli üslubu ilə oxucu rəğbəti qazanmış bir sıra tanınmış imza sahibi bu gün aramızda deyil. Dünyasını dəyişsələr də, onların yazıları hər zaman xatırlanır… Məmməd Nazimoğlu, Adil Qaçayoğlu, Hüseyn Əfəndi, Elçin Səlcuq, Elmar Hüseynov, Aqşin Kazımzadə, Rafiq Tağı… Siyahını xeyli uzatmaq olar…
Modern.az saytının “Mərhum jurnalistlərdən seçmələr” adlı bu rubrikasında dünyasını dəyişən tanınmış imza sahiblərinin qələmindən süzülən yazılar oxucuların ixtiyarına verilir.

Beləliklə, Elçin Səlcuq özünün "Bağdan bağlantı" rubrikasında yazırdı:

“Esemes” göndərin, seçiminizi edin!

Telekanallardan ən çox səslənən müraciət

Ay, siz ölməyəsiniz, xeyir ola? Belə sırtıqlığa dünyanın hətta banan ölkəsində ( qoy bizimki olsun, ananas) də rast gəlmək olmaz. Süni təbəssümə bürünən gözəlçə bizləri aldatmaq üçün yüz hoqqadan çıxır. Gah yalvarır, gah da “ərkyanə” naz satır. İstədiyi bu: “8*1*2=6” tənliyini həll etməyə qabil olduğumuz halda bizlərə 300 manat vermək istədiyini nümayiş etdirməkdən ötrü dəridən-qabıqdan çıxır. Nədən belə işlərə xanım aparıcılar cəlb olunur, ta orasını demirəm. 4-cü sinif şagirdi də əziyyət çəkmədən “Lider” kanalından yayımlanan “Gəlir zəngi”-nin bu sualına göz qırpımında cavab verə bilməsinə şübhə yeri yox.

Yəni, ulduz işarələrinin yerinə bir “plyus”, bir “minus” işarəsi qoymaqla: 8+1-2=6

Ancaq saatlarla bu sualı efirdə təkrar-təkrar tamaşaçılara ünvanlandırmaq, doğru cavab almaq ümidilə hay-həşir qoparmağın bir adı var-qaraçılıq! Ayıbdır, vallah ayıbdır. Bu mövzuda sayğılı abimiz Murad Köhnəqala möhtəşəm bir yazı ilə çıxış etsə də, “Lider” yeni layihə hesab etdiyi verilişin yayımında israrlılıq nümayiş etdirir. Mənim yenidən bu mövzuya qayıtmağım isə, ciddi adam kimi tanıdığım dostumuzun bu şoğərib oyuna maraq göstərməsi oldu. Dost dediyimiz həmin kəsin sadəlövhlüyünü ürək ağrısı ilə qarşılamağa məcbur oldum. Bu, hələ harası, gecənin bir yarısında suallara düzgün cavab tapdığına əmin olduğunu təkrar-təkrar deməkdən usanmayaraq, göstərilən telefon nömrəsinə düşə bilmədiyindən üzülən dostumuz məndən kömək istəyirdi. Anlatmaq istədim ki, bütün bunlar “blef” və bir də ki, mən həmin kanalın “müdiri”- deyiləm, düyməni basıb deyim: Filan tamaşaçı düzgün cavab göndərir, nədən qəbul etmirsiniz?! Bir daha “hətta”ya dirsəklənib dediyim həmin dost kimdir: Xətrimi dünyalarca istədiyim möhtəşəm şair Şaiq Vəli! Onu təkcə mən yox, həm də möhtəşəm, monolit kimi bir kişi. Bunu Murad Köhnəqala da az qala hər məclisdə dostlara xatırladır. Nə edəsən ki, Şaiq dostumuz həmyerlisi, rəhmətlik Hüseyn Arif kimi mütaliə etməklə arası yox-təsir altına düşməmək üçün. Nə isə...

Bu yerdə Qənimət Zahidin şüvərək qaməti gözlərimin qabağında canlanır. Qənimət bir eşq yolçusudur. Onu yaxından tanıyanlardan biri kimi bəyanlayıram. İnsan sufi, irfan ədəbiyyatının yetərincə bilicilərindən biridir. Əgər Qəniməti şərləyib, tutmaqda israrlı olanlar varsa, bu məmləkətdə nəyinsə yaxşılığa doğru gedəcəyinə inam mənlik deyil....

Möhtəşəm insan, məşhur Artur Şopenhuar hələ iki əsr öncə demişdi: “Tanrıya qaldıqda isə, əgər Tanrı mövcud olsaydı, o, kor olmalıydı ki, şər Yer üzünü beləcə bürüsün”.
Mən ulu Yaradanın “kor” olduğunu zənn etmək cəsarətində bulunmuram. Ancaq ən azından şərin yer üzünü bürüməsinə də şahidlik etməkdəyəm. Niyə və nədən sualları ilə özümü usandırmaq qədərincə məsafələr qət etməyim, hətta yazılarımda boylarını göstərir. Başa düşürəm ki, bir çox adamlarda eqoizm şöhrətin yoxluğu üzündən irəli gələn müəyyən kompensasiyadır. Ancaq heç bir kompensasiyasız telekanalların az qala baş şüarına çevrilən “esemes” dilənçiliyi bütün hallarda rədd edilməlidir. Bir də belə vətəndaş kütləsinə malik olan məmləkətdə adamları aldatmaqla lap düz edirlər. Söyüş söymədən deyirəm: Məgər bilmirsən, sənə torba tikirlər? Bilmirsənsə, lap sənin... son pulunu “esemes”lərə xərcləməyin mənim heç ... eynimə deyil.


Geri qayıt