Əsas Səhifə > Ölkə > «MARXAL»DA PREZİDENTƏ İQAMƏTGAH TİKİLİR?

«MARXAL»DA PREZİDENTƏ İQAMƏTGAH TİKİLİR?


21-02-2012, 17:13
«MARXAL»DA PREZİDENTƏ İQAMƏTGAH TİKİLİR?

ŞƏKİ SAKİNLƏRİNİN DEDİKLƏRİ TƏSDİQİNİ TAPDI

Son vaxtlar Şəkidə tez-tez eşidilirdi ki, Kiş kəndi yaxınlığında yerləşən «Marxal» istirahət zonasında prezident iqamətgahı tikiləcək. Ərazidə heç bir tikinti aparılmasa da, hökumətin internet resurslarında Şəki sakinlərinin dedikləri qismən təsdiqini tapdı.

«Marxal» ötən ilin oktyabrından Azərbaycan Prezidenti İşlər İdarəsinin balansına verilib. Nazirlər Kabineti «Marxal» istirahət zonasını Əmlak Məsələləri Dövlət Komitəsinin balansından çıxarıb. Ötən il oktyabrın 11-də verilən 311 saylı sərəncamdan məlum olur ki, sahəsi 2030 kv.metr olan istirahət zonası Prezidentin İşlər İdarəsinə verilir. İşlər İdarəsinin istirahət zonasından hansı məqsədlərlə istifadə edəcəyi açıqlanmır.

Sovet dönəmində tikilən «Marxal» uzun müddət Şəki İpək Kombinatının balansında olub. 1998-ci ildə onu sahibkar Tehran Lətifov özəlləşdirib. 2006-cı ildə isə Şəki İpək Kombinatı (indiki «Şəki İpək» ASC) bu obyektin düzgün özəlləşdirilməməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdı.

Yerli məhkəmələrdə çəkişmələrdən sonra nəhayət 2010-cu ildə Ali Məhkəmənin qərarı ilə «Marxal»ın özəlləşdirilməsi ləğv edilib, istirahət zonası Əmlak Məsələləri Dövlət Komitəsinə verilib.


Geri qayıt