Əsas Səhifə > Ölkə > «HƏR ŞEYİ ATAMIN ÜSTÜNƏ YIXDILAR»

«HƏR ŞEYİ ATAMIN ÜSTÜNƏ YIXDILAR»


23-02-2012, 13:09
«HƏR ŞEYİ ATAMIN ÜSTÜNƏ YIXDILAR»

MƏŞUM BƏNƏNYAR HADİSƏLƏRİNDƏN 2 İL ÖTDÜ

Fevralın 23-də AXCP Culfa rayon təşkilatının keçmiş sədri Rza Nuriyevin ölümünün ikinci ildönümü tamam olur.

Rza Nuriyev 2010-cu il yanvarın 5-də Bənəniyar hadisələri ilə bağlı tutulub. 2009-cu ilin dekabrında Aşura mərasimi zamanı Bənəniyar kəndində polislə qarşıdurma yaşanmışdı. Bundan təqribən 10 gün sonra Naxçıvan polisi və daxili qoşunları kənddə əməliyyatlar keçirərək həbslərə başlamış və bir neçə ev, şəxsi əmlak dağıdılmışdı. Onda həbs edilən Rza Nuriyev də 18 gün saxlanıldıqdan sonra yanvarın 23-ü azadlığa buraxılmışdı. Fevralın 22-si səhhəti ağırlaşan Rza Nuriyevi yaxınları Naxçıvan şəhər xəstəxanasına aparıblar. Bir gün sonra - 2010-cu il fevralın 23-də xəstəxanada vəfat edib.

Həkimlər Rza Nuriyevin ürək çatışmazlığından öldüyünü desə də, əqidədaşları və yaxın dostları mərhuma həbsxanada ağır işgəncələr verildiyini indi də iddia edirlər.

Həmin dövrdə AXCP Naxçıvan şöbəsinin sədri olmuş Asəf Quliyev deyir ki, Rza Nuriyevin ölümünə səbəb elə həmin işgəncələr olub:

«QADINLARI, UŞAQLARI KÜTLƏVİ ŞƏKİLDƏ DÖYÜB HƏBSXANAYA SALIRDILAR»

«2009-cu ildə Bənəniyarda keçirilən Aşura mərasimlərində kənd camaatının ayağa qalxmasına səbəb elə polislər özləri olmuşdu. Aşura günləri insanların məscidlərə axışması normal haldır. Polislər Bənəniyarda buna mane olmağa çalışdılar. Polislərin hərəkətinə etiraz olaraq kənd camaatı ayağa qalxdı və qarşıdurma yarandı. Naxçıvanda görünməmiş hal idi ki, qadınları, uşaqları kütləvi şəkildə döyüb həbsxanaya salırdılar».

Asəf Quliyev deyir ki, yerli hakimiyyət Rza Nuriyevi hadisələrin təşkilatçısı kimi həbs etsə də, sonradan heç bir sübut olmadığından onu azad ediblər:

«YANVAR AYINDA, SOYUQ HAVADA ONU SOYUNDURUB GECƏ SƏHƏRƏ KİMİ POLİS ŞÖBƏSİNDƏ SAXLAYIBLAR»

«Rza müəllim bu hadisələrin qurbanı oldu. Mən deyərdim ki, haqq uğrunda həlak oldu. Həbsxanadan çıxandan sonra onunla görüşdük. Özü deyirdi ki, yanvar ayında, soyuq havada onu soyundurub gecə səhərə kimi polis şöbəsində saxlayıblar. İşgəncə veriblər. Mən özüm də gördüm ki, onun ayaqlarında göyərmiş yerlər var. Həbsdən sonra hədə-qorxu gəlmişdilər ki, həkimə getməsin».

Asəf Quliyev deyir ki, aldığı zərbələrdən və paltarsız bir sutka soyuqda saxlanıldığından Rza Nuriyevin ağ ciyərində ciddi problemlər yaranmışdı. Onun bildirməsinə görə, dostları və qohumları onu Türkiyəyə müalicəyə aparmaq qərarına gəlmişdilər:

«O, HƏR ZAMAN BİZİM QƏLBİMİZDƏ YAŞAYACAQ»

«Özü də qorxurdu ki, xəstəxanada ona nə isə edərlər. Ona görə həkimə getmək istəmirdi. Hazırlaşırdıq Türkiyəyə müalicəyə aparaq. Sən demə, zərbələrdən ağ ciyəri zədələnib. Düşünmürdük ki, belə fəsad ola bilər. Fevralın 22-si vəziyyəti ağırlaşanda məcbur qalıb xəstəxanaya aparıblar. Həkimlər ürək çatışmazlığı diaqnozu qoyublar. Ölümündən iki il ötməsinə baxmayaraq, onun ağrı-acısını hələ də çəkirik. Onun fədakarlığının, dəyanətinin qiyməti nə vaxtsa veriləcək. O, hamımızın fəxri idi. Həmişə qəlbimizdə yaşayacaq. Rza müəllim bizim gənclər üçün örnəkdir. O, hər zaman bizim qəlbimizdə yaşayacaq».

Asəf Quliyev deyir ki, üstündən iki il ötməsinə baxmayaraq, nə Bənəniyarda baş verən hadisələrə, nə də Rza Nuriyevin ölümünə hüquqi qiymət verilib.

Rza Nuriyevin oğlu Pərvin Nuriyev də atasını yaxşı bir insan kimi xatırlayır. Pərvin Nuriyev deyir ki, atası həmişə kənddəki kasıblara əl tutub, mübahisəli məsələləri ağsaqqal kimi yoluna qoyub. O deyir ki, Bənəniyar hadisələri başlayanda, atası gənclərin önünə çıxıb onları qarşıdurmadan çəkindirməyə çalışırmış:

«HƏR ŞEYİ ATAMIN ÜSTÜNƏ YIXDILAR»

«Mənim atamın bu işlərlə heç bir əlaqəsi olmayıb. Əksinə, coşmuş gənclərin qarşısına çıxdı. Onları sakitləşdirməyə çalışırdı. Cavanlar da məsləhət gördü ki, el ağsaqqalı, sözükeçən adam kimi atam qabağa düşüb danışığa getsin. Bundan sonra hər şeyi atamın üstünə yıxdılar. Guya, o, daş atırmış, təxribat yaradırmış».

Pərvin Nuriyev deyir ki, Bənəniyar hadisələri zamanı onu və qardaşını atasından əvvəl həbs ediblər:

«BİZİ DAĞDAN TUTUB APARDILAR»

«Bizim nə günahımız var idi ki? Qardaşımla mən bir aya yaxın idi ki, dağda heyvanların yanında idik. Hadisələr başlayandan kəndə getməmişdik. Bu hadisələrlə də heç bir əlaqəmiz yox idi. Buna baxmayaraq siyahının başına bizim adımızı yazmışdılar. Gəldilər, bizi dağdan tutub apardılar. Bizdən iki gün sonra isə atamı həbs etdilər. Biz atamın həbs olunmasını görə bilmədik».

Pərvin Nuriyev deyir ki, atası həbsxanadan buraxılandan sonra səhhəti normal olub. Fevralın 22-si səhhəti qəfil pisləşdiyindən xəstəxanaya aparıblar:

«ÖLÜMÜN SƏBƏBLƏRİ HAQQINDA SƏNƏDİ GÖTÜRMƏDİK»

«Mən yenə dağda idim. Zəng elədilər ki, atamın vəziyyəti ağırlaşıb, xəstəxanaya aparıblar. Getdim xəstəxanaya. Həkimlər deyirdi ki, ürəyində problem var. Bir gün sonra vəfat etdi. Həkimlərin rəyi ilə razılaşmadığımızdan ölümün səbəbləri haqqında sənədi götürmədik».

O vaxt istər Naxçıvan Daxili İşlər Nazirliyi, istərsə də Naxçıvan Ombudsman Aparatı Rza Nuriyevin ölümü ilə bağlı açıqlama verməmişdilər.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə Rza Nuriyevin təcridxanada işgəncələrə məruz qalması barədə iddiaları rədd etmişdi. Nazirliyin mətbuat xidmətindən bildirilirdi ki, nə Bakıda, nə də Naxçıvandakı təcridxanalarda işgəncə hallarına yol verilir.


Geri qayıt