Əsas Səhifə > Gündəm, Manşet > FHN ŞEFİ NƏZARƏT ZONASINI BÖYÜDÜR

FHN ŞEFİ NƏZARƏT ZONASINI BÖYÜDÜR


27-02-2012, 10:07
FHN ŞEFİ NƏZARƏT ZONASINI BÖYÜDÜR

DAHA BİR NEÇƏ QURUM «FÖVQƏLNAZİR»İN KURASİYASINA KEÇƏCƏK

DİA.AZ: - Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) nəzdində fəaliyyət göstərən Dövlət Su Agentliyi yaxın zamanlarda xüsusi Dövlət Su Komitəsinə çevriləcək. «Azərsu» Açıq Səhmdar Cəmiyyəti (ASC) və Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti isə ləğv edilərək, yeni quruma birləşdiriləcək. Bu barədə redaksiyamızı hakimiyyətdaxilindəki etibarlı mənbə məlumatlandırıb. Mənbənin verdiyi xəbərə görə, Dövlət Su Agentliyinin statusu daha da genişləndirilərək Dövlət Su Komitəsi ilə əvəzlənəcək. Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin rəhbərliyində çalışan şəxslərdən biri isə yeni dövlət komitəsinin rəhbəri vəzifəsinə təyinat alacaq.

Adının çəkilməsini istəməyən mənbəmizin DİA.AZ-a bildirdiyinə görə, hazırda Dövlət Su Komitəsinin əsasnaməsinin hazırlanması üzərində iş aparılır. Hazırda həmin sənəd üzərində Milli Məclisin 4 deputatı, 3 eksperti, qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən 3 QHT sədri, habelə digər orqanların əməkdaşlarından ibarət işçi qrup çalışır. Müsahibimiz qeyd etdi ki, son günlər respublikamızın iqtisadi sferasının bir sıra sahələrində struktur islahatları aparılması vacibliyi gündəmə gəldiyindən ekspertlər iqtisadiyyatın səmərəliliyi, idarəçiliyin çevikliyi üçün bir sıra dövlət qurumlarının birləşdirilməsini təklif edirlər: «Bir sektorda bir neçə qurumun fəaliyyət göstərməsi iqtisadi baxımdan arzuolunan deyil. Eləcə də bir neçə aparatın eyni sektorda saxlanması əlavə xərcdir. Digər tərəfdən, ümumi sektora bir neçə dövlət orqanı cavabdeh olanda səmərəlilik azalır. Ayrı-ayrı ekspertlərin irəli sürdükləri təşəbbüslər arasında su təsərrüfatını idarə edən dövlət qurumlarının da vahid strukturda birləşdirilməsi var. Bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri, ekspertlərinin hələ ötən ilin ortalarında su təsərrüfatını tənzimləyən «Azərsu» ASC-nin, Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumunun vahid orqanda birləşdirilməsi təklifləri müsbət qarşılanaraq, qəbul edildi. Bu, həm də dövlət büdcəsindən izafi xərclərin qarşısının alınması üçün mühüm proqramlardan biridir. Suyun qiyməti qalxdıqdan sonra müəyyən struktur islahatlarının aparılacağı və birləşdiriləcəyi gözlənilirdi. Amma təsərrüfatda idarəçilik daha da bölündü, yeni bir qurum - Dövlət Su Agentliyi yaradıldı».

Qeyd edək ki, bir sıra tanınmış ekspertlər bu gün su sektoruna 4 qurumun cavabdeh olmasına baxmayaraq, ölkədə kommunal sektorda ən bərbad vəziyyət məhz sözügedən təsərrüfatda olmasını dəfələrlə vurğuladıqlarından həmin subyekt ictimai mövzu statusunu aldı. Paytaxt sakinlərinin keyfiyyətli, fasiləsiz su ilə təminatı çox aşağı səviyyəsi, kənd təsərrüfatlarında isə fermerlərin ən çox şikayət etdiyi sahənin məhz melorasiya olması ciddi narazılıqlara səbəb oldu: «Təəccüblüdür ki, hər hansı problemlə bağlı sual meydana çıxdıqda, həmin qurumların rəsmilərinin hər biri günahları boyunlarından atır vətəndaşlar isə şikayətlərini hara ünvanlamaq lazım olduğunu bilmirdilər. Elə ona görə də su təsərrüfatındakı mövcud acınacaqlı vəziyyətə kimin məsuliyyət daşıması vacib məsələyə çevrilib».

Adları çəkilən orqanların birləşdirilməsi vacibliyi ortaya çıxdığından Dövlət Su Komitəsinin yaradılması prosesi sürətlənib.Həmsöhbətimiz qeyd etdi ki, Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin, eləcə də «Azərsu» ASC-nin Dövlət Su Komitəsinə birləşdirilməsi prosesi Əhməd Əhmədzadə ilə Qorxmaz Hüseynovun vəzifə karyeralarının üstündən xətt çəkib: «Əhməd Əhmədzadə ilə bağlı məhkəmə çəkişməsi, onun «Kür» təşkilatı tərəfindən məhkəməyə verilməsi, habelə «Azərsu»nun sayğac oyunu hakimiyyətdə bu iki şəxsə qarşı etimadın itməsinə səbəb oldu. Adları çəkilən qurumların vahid orqanda birləşdirilməsi Dövlət Su Komitəsinin yaradılması üçün baza rolunu oyana bilər».

Verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində olan qurum da yeni dövlət komitəsinə birləşdiriləcək. Qeyd edək ki, ölkəmizdə yeni dövlət orqanlarının yaradılması hallarına tez-tez rast gəlinir. Bir neçə gün bundan əvvəl - fevralın 13-də respublikamızda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı.


Geri qayıt