Əsas Səhifə > Ölkə > RAUF HƏBİBOVU ƏVƏZ EDƏN ŞƏXS DANIŞDI
RAUF HƏBİBOVU ƏVƏZ EDƏN ŞƏXS DANIŞDI2-03-2012, 14:27 |
QUBAYA QUBALI RƏHBƏRLİK EDƏCƏK Dünənki hadisələrdən sonra Quba rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini həyata keçirməyə başlayan birinci müavin Sahib Məmmədov bu gün Modern.az saytına açıqlama verib. S.Məmmədov saytımıza bildirib ki, matın 1-də Quba şəhərində baş verən hadisələr camaatın narazılığı idi. “Bunu kütləvi iğtişaş halına gətirmək düzgün deyildi, çox təəssüf edirəm bu hadisə kütləvi iğtişaş halına gəldi. Ona görə də biz də məsələyə hüquqi qiymət verilməsinin tərəfdarıyıq. Bu bir təxribat idi”-deyə S.Məmmədov vurğulayıb. Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqəti olaraq icra edən başçının birinci müavini Sahib Məmmədov Modern.az-a onu da bildirib ki, nəqliyyat naziri Ziya Məmmədov Qubada böyük hörmət sahibi olan Azərbaycan ziyalısı, vəzifə sahiblərindəndir. S.Məmmədov məhz Ziya Məmmədovun Qubada hörmət sahibi olduğunu nəzərə alaraq, ölkə rəhbərliyinin onu rayona göndərdiyini və Quba camaatının naziri eşitdiyini vurğulayıb. Quba hadisələrilə bağlı dünəndən oraya gedən nəqliyyat naziri Ziya Məmmədov, deputat Vahid Əhmədov, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev hələ də rayondadırlar. Sahib Məmmədov kimdir? Modern.az-ın məlumatına görə, Sahib Məmmədov əslən qubalıdır. O, 26 iyun 1960-cı ildə Quba rayonun İqriq kəndində anadan olub. 1977-ci ildə rayonun Nərimanovka orta məktəbini bitirərək Quba Sovxoz texnikumunda fəhlə olaraq əmək fəaliyyətinə başlayıb. 1979-1981-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi xidmət keçdikdən sonra 1981-1987-ci illərdə Ukrayna Respublikası Xerson şəhər Kənd Təsərrüfatı İnstitutunun zoomühəndis fakültəsində ali təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirib. 1987-ci ildən Ukrayna Respublikası, Nikolayev vilayəti Novıy Buq rayonu “Kolos” kolxozunda baş zootexnik, kolxoz partiya komitəsinin katibi, kolxoz sədrinin müavini vəzifələrində çalışıb, kolxoz sədri vəzifəsini icra edib. 1989-cu ildə Novıy Buq rayon Partiya Komitəsinin təşkilat şöbəsində təlimatçı vəzifəsinə qəbul olunub. Məlum 20 Yanvar hadisələrindən sonra öz təşəbbüsü ilə 1990-cı ilin fevral ayından Ukrayna və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitələrinin razılığına əsasən Quba rayon Partiya Komitəsinin Təşkilat şöbəsinə təlimatçı vəzifəsinə köçürülüb, burada, daha sonra Kommunist Partiyasının ləğvindən sonra rayon İcra Hakimiyyətində ümumi şöbə müdiri və rayon İcra Hakimiyyəti başçısının kənd təsərrüfatı üzrə müavini vəzifələrində çalışıb. 1992-1994-cü illərdə Quba rayon “Moskva” sovxozunda direktor, 1994-1996-cı illərdə rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi, eyni zamanda rayon İcra Hakimiyyəti başçısının kənd təsərrüfatı üzrə müavini, 1996-1999-cu illərdə Quba rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi inkişaf məsələləri üzrə müavini, 1999-2010-cu illərdə Quba rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifələrində çalışıb. 2010-cu ilin aprel ayından Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub. Əmək fəaliyyəti dövründə 1988-ci ildə Ukrayna Respublikası Novıy Buq rayon Xalq Deputatları Sovetinin, 1990-cı ildə Quba rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. Ailəlidir, 4 övladı var. Geri qayıt |