Əsas Səhifə > Ölkə > TQDK SƏDRİ NAZİRƏ YENƏ SÖZ ATDI

TQDK SƏDRİ NAZİRƏ YENƏ SÖZ ATDI


7-03-2012, 12:57
TQDK SƏDRİ NAZİRƏ YENƏ SÖZ ATDI

“ARAŞDIRMA APAR, SONRA CƏMİYYƏTƏ MESAJ VER”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə təhsil naziri Misir Mərdanovun ali məktəblərə qəbul zamanı bəzi ixtisaslar üzrə test imtahanından əlavə, şifahi imtahanların keçirilməsinin zəruriliyi barədə səsləndirdiyi təklifə münasibət bildirib.

APA-nın xəbərinə görə, TQDK sədri bu gün keçirdiyi mətbuat konfransında deyib ki, bu təklifi aparılan araşdırmalardan sonra səsləndirmək olar: “Təklifi səslənməmişdən əvvəl hansısa araşdırmalar aparılıbmı? Bunu bilmirəm. Hesab edirəm ki, belə təkliflər yalnız elmi araşdırmalar aparıldıqdan sonra səslənə bilər ki, onlar sanballı olsun. Elə-belə səslənəndə bu, populistlik olur”.

M. Abbaszadə onu da bildirib ki, bu il magistraturaya sənəd qəbulu zamanı ilk dəfə olaraq yalnız bir nəfər elektron imza ilə sənəd verib. Həmin şəxs Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin işçisidir: “Elektron imzalar indi fərdi şəxslərə 20-30 manata verilir. İmtahanda iştirak etmək üçün isə abituriyentlər 2 manat rüsum ödəyirlər. 2 manat rüsum ödəyən abituriyentə biz deyə bilmərik ki, 30 manata elektron imza alsın”.

M. Abbaszadə ali məktəblərin bakalavriat və magistratura pillələrinə qəbul olmaq istəyənlərlə bağlı sənəd qəbulu üçün elektron imzaların fərqli tariflər verilməsi təklifi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət olunduğunu deyib. TQDK sədri hazırda bu layihə üzərində iş getdiyini deyib və qeyd edib ki, nazirliyin mərkəzləri də elektron imzaların kütləvi istifadəsinə hələ hazır deyil: “Ali məktəblərə qəbul zamanı da elektron imzası olanlar ondan istifadə edə bilərlər. Amma elektron imzaların sənəd qəbulu zamanı tətbiqi məcburi deyil. Çünki hələ elektron imzaların qiymətləri yüksəkdir. Amma kim elektron imza alıbsa, onu istifadə edə biləcək. Biz bu işə texniki cəhətdən hazırıq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mərkəzləri elektron imzaların kütləvi istifadəsinə hələ hazır deyillər”.

***

“12 illik təhsil sisteminə keçid hələ müzakirə olunur. Belə layihəni həyata keçirmək üçün çox ciddi araşdırmalar aparmaq lazımdır. Bu prosesə mərhələ-mərhələ keçmək lazımdır. Əvvəlcədən hər mərhələni hazırlayandan sonra elan etmək lazımdır ki, hansı ildən və hansı siniflərdən biz bu sistemə keçirik. Bununla əlaqədar orta məktəb proqramlarında, metodikalarda ciddi dəyişiklik etmək lazımdır”. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, hələ ki, 12 illik təhsilə keçidlə əlaqədar qəbul imtahanlarının modeli barədə danışmaq tezdir.

M. Abbaszadə bildirib ki, hələ ki, orta məktəblərdə keçirilən buraxılış imtahanlarının nəticələri qəbul imtahanlarında görünmür: “Təhsil siyasət sahəsi kimidir. Siyasətdə də bəzən müəyyən insanlar uğur qazanmaq üçün populist fikirlər söyləyirlər. Təəssüflər olsun ki, bu metodika təhsilə də keçib. Əvvəlcə elmi müzakirələr olmalıdır. Bundan qabaq isə orta məktəblərin vəziyyəti ilə bağlı araşdırmalar aparmaq lazımdır. İki mənbə var ki, biz onun nəticələrinə inana bilərik. Bunlardan biri qəbul imtahanlarının nəticələridir. 65 faiz məzun bu imtahanlarda iştirak edir və biz yalnız bu məzunların bilik səviyyələri haqqında nə isə deyə bilərik. İkinci bir araşdırma isə Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı olan PİSA təşkilatının rəyidir. 2009-cu ildə PİSA-nın nəticələrinə görə, 65 ölkə arasında 64-cü yerdə duran Azərbaycanın nəticələri ilə təbii ki, heç kim razılaşa bilməz. Amma güzgüyə baxıb güzgünü günahlandırmaq lazım deyil. Bütün dünya bu nəticələri qəbul edir və islahatlar aparır. İslahatları da ağıllı-başlı aparmaq lazımdır. Biz Təhsil üzrə Milli Strategiyanın yazılmasında iştirak edirik. Biz də dəstəkləyirik ki, 12 illik tədris prosesinə keçməliyik. Amma necə keçməliyik? Mən istəməzdim ki, biz 1998-ci ilin hadisəsini təkrarlayaq. Həmin il birdən elan olundu ki, artıq Azərbaycan ikipilləli ali təhsilə keçir, magistratura tətbiq olunur. Mexaniki olaraq 4 il oxuyan uşaqlara təklif olundu ki, 2 il də magistraturada oxusunlar. Magistraturanın məzmunu isə tamamilə fərqli olmalı idi”.

TQDK sədri deyib ki, hələ ki, 12 illik təhsillə bağlı iş görülməyib, tam araşdırmalar yoxdur: “Yaxşı və pis cəhətlər müəyyən olunmayıb, iş planı qurulmayıb. Amma artıq cəmiyyətə mesaj verilir ki, biz bunu qəbul edəcəyik və bu, yaxşı olacaq. Bu, düzgün deyil. Əvvəlcə müəyyən araşdırmalar aparmaq, pilot variantlar hazırlamaq lazımdır”.


Geri qayıt