Əsas Səhifə > Ölkə > QULDURBAŞI VƏKİLSİZ QALDI
QULDURBAŞI VƏKİLSİZ QALDI7-10-2011, 14:27 |
HACI MƏMMƏDOVUN VƏKİLİ ÖLDÜ Hacı Məmmədovun vəkili Səməd Əliyev dünyasını dəyişib. Bu barədə sabiq polis polkovnikinin yaxınları məlumat verib. Onların sözlərinə görə, S.Əliyevin ölümündən sonra H.Məmmədov faktiki vəkilsiz qalıb. “Bir müddət əvvəl Hacı Məmmədov zəng edib MTN-dən çıxmaq istədiyini demişdi. MTN-dən isə bizə deyirlər ki, burada onunla bağlı iş gedir, ona görə yerini dəyişə bilmərik. Qanunla iş gedirsə, ona vəkil də verilməlidir. Vəkili isə dünyasını dəyişib. Ondan sonra biz hər hansı bir vəkillə müqavilə bağlamamışıq” - deyə H.Məmmədovun yaxınlarından biri bildirib. O, H.Məmmədovla əlaqələri barədə suala isə “onunla xeyli vaxtdır ki, danışa da bilmirik” deyib. Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili, polis polkovniki Hacı Məmmədov 2005-ci ildə tutularaq silsilə qətllərə və adam oğurluqlarına görə ömürlük həbs cəzasına məhkum edilib. Qanqsterin dəstəsinin üzvləri, həmçinin öldürdüyü adamlar arasında çeçenlər də olub. Qanunla H.Məmmədov cəzasını Qobustan həbsxanasında çəkməli olsa da indiyədək işin istintaqını aparmış MTN-in təcridxanasında saxlanır. Bir müddət əvvəl onun yaxınları qəzetimizə bildiriblər ki, H.Məmmədov Qobustana köçürülməsini istəyir. MTN-in İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev isə deyir ki, H.Məmmədov MTN-in təcridxanasından həbsxanaya köçürülmək üçün ərizə ilə müraciət etməyib. Geri qayıt |