Əsas Səhifə > Ölkə > SÜBUT: XALQ ARTİSTİNƏ TÖHMƏT VERİLİB
SÜBUT: XALQ ARTİSTİNƏ TÖHMƏT VERİLİB7-10-2011, 14:59 |
SƏHNƏYƏ İÇKİLİ ÇIXDIĞINA GÖRƏ Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlının (Quliyev) Yaltada keçirilən Beynəlxalq Teatr Festivalında səhnəyə içkili vəziyyətdə çıxması və buna görə töhmət alması barədə məlumat ətrafında müzakirələr davam edir. Məlumat hazırlanan zaman APA-nın əməkdaşı fikirlərini öyrənmək üçün N. Mehdixanlıya müraciət etsə də, xalq artisti danışmaq istəməmişdi. Lakin sonradan müxtəlif media orqanlarına açıqlamalar verən N. Mehdixanlı problemin kökündə başqa məsələlərin dayandığını bildirib, ayrı-ayrı şəxslərin ünvanına ittihamlar səsləndirib. Qəribəsi isə budur ki, həmin ittihamlardan APA və agentliyin xəbəri hazırlayan əməkdaşı da nəsibini alıb. N. Mehdixanlı açıqlamalarında bu xəbəri yayan APA-nın jurnalist xanımı haqqında “özünə yaxın olan bir jurnalist xanım vasitəsi ilə APA İnformasiya Agentliyinə “ötürən”” ifadəsi işlədib, bununla da, jurnalistə ləkə yaxmağa çalışıb. Yaranmış vəziyyətdə APA-nın adının hallanması ümumiyyətlə anlaşılan deyil. Xəbərdə hər hansı yanlışlığa yol verilsəydi, yaxud qarşı tərəf kimi N. Mehdixanlıya cavab haqqı tanınmasaydı, xalq artistini anlamaq olardı. Bunların heç biri baş vermədiyindən və APA məlumatı fakt əsasında hazırladığından N. Mehdixanlının APA-nın və APA-nın əməkdaşının ünvanına səsləndirdiyi fikirlər yumşaq desək, yersizdir. Buyurun, həmin faktla Siz də tanış olun. Həmin fakt isə içkili vəziyyətdə səhnəyə çıxdığına görə, Azərbaycan Akademik Milli Dram Teatrının direktoru tərəfindən N. Mehdixanlıya töhmət verilməsi haqqında 45/ch saylı, 27.09.2011-ci il tarixli əmrdir. Əmrdə deyilir: “Əmək intizamının pozulması haqqında: 15 sentyabr 2011-ci il tarixində Yalta şəhərində keçirilən “Çexov.Yalta” Beynəlxalq Teatr festivalında spirtli içki qəbul edərək, H. Mirələmovun tamaşasında səhnəyə çıxaraq teatrın nüfuzuna xələl gətirdiyinə, əmək intizamı qaydalarını kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2 maddəsinə müvafiq olaraq, aparıcı səhnə ustası Nurəddin Əzulla oğlu Quliyevə töhmət verilsin. Əsas: “Xəcalət” tamaşasının rejissor assistenti D. İsmayılovanın təqdimatı. Direktor İ. İsrafilov”. Möhür, imza da öz yerində... P.S. Kimin kimlə nə davası var, bilmirik. Bizimki faktdır ki, o da ortadadır. Hörmətli N. Mehdixanlı isə həqiqətən də beynəlxalq festivalda Qarabağa həsr olunmuş tamaşada Vətən obrazını canlandırarkən içkili vəziyyətdə səhnəyə çıxıbsa, buna görə yalnız və yalnız özünü qınamalı, teatr ictimaiyyətindən və Azərbaycan xalqından üzr istəməlidir. Geri qayıt |