Əsas Səhifə > Hadisə > OQTAY GÜLƏLİYEV DEPUTATA CAVAB VERDİ

OQTAY GÜLƏLİYEV DEPUTATA CAVAB VERDİ


6-04-2012, 15:36
OQTAY GÜLƏLİYEV DEPUTATA CAVAB VERDİ

“MƏN BAŞA DÜŞƏ BİLMİRƏM BU ADAMA NƏ OLUB?”

"Oqtay Gülalıyev mətbuata mənim haqqımda və o bölgədə baş verənlər haqqında yanlış məlumatlar ötürməklə məşğul olur. Bir vətəndaşın millət vəkili kimi mənə yazdığı məktubu öz təşkilatının rəsmi blankı ilə mətbuata ötürməsi nə dərəcədə doğrudur? Vətəndaşlara yardım göstərilir, prezidentimizin humanist sərəncamı ilə ərazidə bərpa işləri aparılır. İmişlidə daşqınlardan zərər çəkmiş minə yaxın ailəyə yardım göstərildi və bu yardımlar davamlı olaraq həyata keçirilir. Lakin Oqtay Gülalıyev özünü "xalqa yaxın adam" kimi göstərərək, kəndləri gəzir və insanları aksiyaya və radikal etirazlara təhrik edir. Müxalifət partiyaları ilə əlaqədə olan bu şəxs sadəcə vəziyyətdən sui-istifadə edir, siyasi məqsədlərini həyata keçirməyə çalışır". Bu açıqlamanı millət vəkili Cingiz Qənizadə verib.

«GUNDEMİNFO.AZ»a danışan «Kür» Vətəndaş Cəmiyyətinin koardinatoru Oqtay Gülalıyev isə Çingiz Qənizadənin belə açıqlama verməsini anlamadığını bildirdi. «Mən başa düşə bilmirəm ki, bu adama nə olub. Onun haqqında heç vaxt heç yerdə bir xoşagəlməz ifadə işlətməmişəm. Mən bu adama hörmət edirəm, susuram, amma o susmur. Əlimdə İmişlidən olan şikayətçilərin məktubları var. Onlar dəfələrlə Çingiz Qənizadəyə müraciət ediblər. Amma heç bir cavab ala bilməyiblər. Martın 19-da rayonda aclıq edənlərə baş çəkmək əvəzinə Çingiz Qənizadə İcra Hakimiyyətinə gəlib, sonra da oradan açıqlama verib ki, aclıq edənlər dələduzlardır. Kim bu haqqı ona verib ki, insanları təhqir etsin. Aclıq edən insanlar arasında şəhid ailələri, Qarabağ qaziləri var. Çingiz Qənizadə özünü icra hakimiyyətinin işçisi kimi aparır. Deyir aclıq edənlərin evlərinin şəkillərinə baxdım, onlar qəzalı vəziyyətdə deyil. Şəkilə baxmaqla evlərin qəzalı olub-olmadığını müəyyən etmək mümkün olsaydı, o zaman bu qədər dövlət qurumlarına, onların yaratdıqları komissiyalara nə ehtiyac vardı» deyə O.Gülulıyev bildirdi.

Əlavə etdi ki, özünə hörmət edən bir millət vəkili belə qeyri-ciddi açıqlamalar verməz: «Biz o insanların ictimai vəkiliyik. Çingiz Qənizadə o adamların problemləri ilə tanış olmaqdansa, «Kür» Vətəndaş Cəmiyyətini hədəfə alıb. Deyəsən o bizi kimlərləsə səhv salır. Biz sülh istəyənlə sülhlə, savaş istəyənlə də savaşla danışmağı bilirik. Buna cəsarətimiz də var. İndi mən onun necə deputat seçilməsindən danışmıram. Elçibəy iqtidarında təmsil olunub, QHT sektorunda bir yerdə olmuşuq. Amma adam bir keçdiyi yola baxar, keçdiyi yolu unutmaz. Mənim əlimdə konkret ərizələr var ki, artıq İmişli camaatı Cingiz Qənizadəyə yox, Qənirə Paşayevaya müraciət edir. Bir məlumatı da deyim ki, artıq rayonda onunla bağlı şikayət hazırlamaq üçün imzatoplama kampaniyası aparılır. Mən Çingiz Qənizadəyə məsləhət görərdim ki, adamlara qara yaxmaqdansa, gedib insanların, seçicilərin problemləri ilə məşğul olsun».


Geri qayıt