Əsas Səhifə > Ölkə > SƏDƏRƏK GÖMRÜYÜNDƏ NƏ BAŞ VERİB?
SƏDƏRƏK GÖMRÜYÜNDƏ NƏ BAŞ VERİB?7-04-2012, 13:33 |
MÜXBIRLƏRİN VİDEOKAMERASI SINDIRILIB VƏ... Aprelin 4-də Azərbaycanla Türkiyə arasındakı Sədərək gömrük-keçid məntəqəsində videokamerası, fotoaparatı və diktofonu alınan RATİ-nin Naxçıvandakı müxbirləri Həkimeldostu Mehdiyev və Elman Abbasov məhkəməyə müraciət edəcək. Belə ki, dünən müxbirlərin videokamerası, fotoaparatı və diktofonu özlərinə qaytarılıb. Amma videokamera sındırılıb, fotoaparatın isə yaddaş kartı götürülüb. Müxbirlər gün ərzində dəfələrlə gömrük-keçid məntəqəsinin rəhbərliyinin qəbuluna düşməyə çalışsa da, onları heç kim qəbul etməyib, telefon zənglərinə cavab verilməyib. Bu barədə Elman Abbasovun özü Turana bildirib. “Biz gömrük məntəqəsində vətəndaşlardan qanunsuz olaraq alınan 20 manat pulla bağlı faktı təsdiq etmək üçün gömrük məntəqəsindən keçirdik. Həqiqətən bizdən 20 manat tələb etdilər. Onlardan qəbz tələb etdik. Əvvəlcə qəbz verdilər və sonra əlimizdən aldılar. Bütün bunların qanunsuz olduğunu gömrükçülərin nəzərinə çatdırdıq. Bir neçə saat sonra Türkiyədən geri qayıdarkən qaçaqmalçılıq bölməsinin rəisi köhnə videokamera, fotoaparat və diktofonumuz üçün bəyannamə istədi. Biz isə bu aparatları özümüzlə sərhəddən Türkiyəyə keçirdiyimizi və peşə fəaliyyətimizlə bağlı olduğunu bildirdik. Gömrük məntəqəsinin rəisi Mirməhəmməd Seyidov bizə açıqca bildirdi ki, Siz İnternetdə biznesmen Məhəmməd Qurbanovun hüquqlarını müdafiə etmişsiniz və məni biabır etmişsiniz. Nəhayət Naxçıvan Gömrük Komitəsinə şikayət edəndən sonra aparatlarımızı qaytardılar. Amma, Sədərək gömrüyündəki vəziyyəti lentə aldığımız videokameralarımız sındırılıb, fotoaparatımızın yaddaş kartı götürülüb”, - deyə o qeyd edib. Müxbirlər Naxçıvan Gömrük Komitəsinə yenidən şikayət edəcək. Şikayətə baxılmazsa məhkəməyə müraciət edəcəklər. Geri qayıt |