Əsas Səhifə > Ölkə, Manşet > DİN ŞEFİNDƏN KÖMƏK İSTƏNİLDİ

DİN ŞEFİNDƏN KÖMƏK İSTƏNİLDİ


17-04-2012, 16:25
DİN ŞEFİNDƏN KÖMƏK İSTƏNİLDİ

MÜLKİYYƏT HÜQUQU POZULMUŞ VƏTƏNDAŞIN ÜMİDİ RAMİL USUBOVDUR

DİA.AZ: - Artıq mülkiyyət hüquqları tapdanan vətəndaşların sırası günü-gündən genişlənməkdədir. Belə bir şikayət məktubu bu günlərdə DİA.AZ redaksiyasına da daxil olub. Şikaytəçi Baı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 12, korpus 2, mənzil 4-də yaşayan Cəmilov Qəmbər Abbas oğlu eyni zamanda Daxili İşlər Naziri Ramil Usubovdan da kömək istəyir.

Bildirək ki, Qəmbər Cəmilovun yaşadığı bina içində yaşayış ola-ola polis işçilərinin yardımı ilə uçurulub. Aprel ayının 11-də baş verən bu olayı şikayətçi belə xatırlayır: «İcra başçısının birinci müavini Şahmar İbadov, «Azərtrans» tikinti şirkətinin nümayəndələri və Nərimanov rayonu polis idarəsinin 18-ci polis bölməsinin əməkdaşları yaşaığım binanı mühasirəyə aldılar. Və aşağıdan məni səsləməyə başladılar. Lakin mən onlara israrla evimdən çıxmayacağımı bildirdim. Amma buna baxmayaraq onlar öz əməllərindən qalmadılar».

Yaşadığı mənzilin içində ailə üzvləri ola-ola başına uçurulduğunu bildirən Cəmilov yazır: «Biz onlara məhkəmə qərarı olmadan evi tərk etməyəcəyimizi bildirsək də, onlar heç nədən çəkinmədilər. Bu hədə-qorxular düz iki saat davam etdi. Şahmar İbadov polislərə və tikinti şirkətinin işçilərinə hücum əmri verdi. Heç 20 dəqiqə keçməmişdi ki, evimin tavanını uçurdular və oradan içəri doluşdular - lap kinolarda olduğu kimi… Faşistlər bizi ailəlikcə sürüyüb küçəyə atdılar. Evimizi, əmlakımızı dağıtdılar. Həyat yoldaşımın qızıl üzüyü, komplekt brilyantı, 30 qramlıq qızıl tros sepi yox oldu. Evimizi bir anın içində talan edib viran qoydular»

Daxili işlər naziri Ramil Usubovdan kömək istəyən şikayətçi məktubunda davam edir: «Yazıb sizə bildirirəm ki, Nərimanov rayon icra hakimiyyəti və «Azərtrans» tikinti şirkəti Həsənoğlu küçəsi 12, korp. 2-4-7-də inşaat işləri həyata keçirirlər. Tikintiyə icra başçısının birinci müavini Şahmar İbadov rəhbərlik edir. Həmin 12 saylı binanın 2-ci korpusunda mənim 84 kvadratmetr mənzilim var. 22 kvadratmetri də tikinti şirkəti pay verib. Mənim mənzil sahəm bu hesabla 106 kvadratmetr olub».

İlk əvvəl Şahmar İbadovun onlarla daışıq apardığını və ayı 500 manatdan 18 ay müddətinə kirayə qalması üçün 500 manatdan pul verdiyini bildirən şikayətçinin sözlərinə görə, sonradan icra başçısının birinci müavini onun evini almağa qalxır və bunun müqabilində Cəmilov Qəmbərə 45 min manat pul təklif edir və hətta hazır müqaviləni də ona verir ki, ailə üzvləri imzalasın. Bütün bunların hələ evi başına uçurulmamışdan əvvəl baş verdiyini bildirən şikayətçi onu da vurğulayır ki, o, pulu götürərək hüquqşünaslarla məsləhətləşir və aydın olur ki, sən demə, Şahmar İbadov ona fırıldaq gəlib: «Məlum olur ki, o, mənə hətta kirayə pulu verərkən də az pul verib. Bundan əlavə, yeni tikiləcək binada hər kvadratmetrin təmirinə 200 manatdan təklif edib. Halbuki realda bu məbləğ 300 manat imiş».

Şikayətçinin sözlərinə görə, bundan sonra Şahmar İbadovla aralarında mübahisə yaranır və ondan həmin 45 min manat pul geri tələb olunur: «Hüquqşünaslar mənə bildirirlər ki, nə yaxşı mən həmin müqaviləni imzalamamışam. Çünki həmin müqavilə ilə mənim evimin 28 kvadratmetr hissəsinin pulu də mənimsənilirmiş».

Beləcə bu gün başına açılan oyunlardan problemlər yaşadığını bildirən Cəmilov Qəmbər bir çox instansiyalara müraciət etdiyini də bildirir və son ümid kimi daxili işlər naziri Ramil Usubovun yardımına ehtiyacının olduğunu söyləyir.

Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt