Əsas Səhifə > Ölkə > MİLLİ MƏCLİSDƏ QARĞIŞ YAĞIŞI

MİLLİ MƏCLİSDƏ QARĞIŞ YAĞIŞI


20-04-2012, 12:41
MİLLİ MƏCLİSDƏ QARĞIŞ YAĞIŞI

GÖR, NƏ GÜNƏ QALDIQ, AY ALLAH

Oqtay Əsədov: ““Eurovison” mahnı müsabiqəsi çox uğurla keçəcək, istəməyənlərin arzuları gözündə qalacaq”

Siyavuş Novruzov: “2 aprel aksiyasında həbs olunanları vicdan məhbusu adlandırmaq düzgün deyil”

Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərlə bağlı müzakirələr aparılıb. APA-nın xəbərinə görə, millət vəkilləri İctimai Palatanın (İP) 2 aprel aksiyasında tutulmuş şəxslər və “Eurovision-2012” mahnı müsabiqəsi barədə fikirlərini bildiriblər. Deputat İqbal Ağazadə 2 aprel məhbuslarının azad edilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, həmin şəxslər ya cəzalarının üçdə birini çəkmələri ilə əlaqədar, ya da əfv sərəncamı ilə azadlığa çıxmalıdırlar.

Deputat Siyavuş Novruzov isə İ. Ağazadənin fikirləri ilə razılaşmayıb: “Onların vicdan məhbusu adlandırılması doğru deyil. Bu şəxslər konkret cinayət törətmiş adamlardır. Bunların harası vicdan məhbusudur? Onlar bu və ya digər şəkildə cinayət törədiblər. Təkcə onlar yox, toyuq oğrusu da əfv istəyə bilər. Əfv istəyən müraciət etməlidir”.

S. Novruzov bəzi ölkələrin Azərbaycana qarşı təbliğat apardığını, bəzi şəxslərin də bu prosesə dəstək verdiyini bildirib: “Əli Kərimli həftə səkkiz, mən doqquz Almaniya qəzetlərinə müsahibə verir, Azərbaycanın əleyhinə iş aparır, danışır. Bir dəfə də olsun Dağlıq Qarabağın işğalından danışmır”.

S. Novruzov “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində aksiyaların təşkil olunmasını pisləyib: “Belə qüvvələr ölkədəki sabitliyi pozmaq istəyirlər”.

MM sədri Oqtay Əsədov isə deyib ki. “Eurovison” mahnı müsabiqəsi Azərbaycanda çox uğurla keçəcək: “İstəməyənlərin də arzuları gözündə qalacaq”.


Geri qayıt